29 Mart 2024

Nobel mükafatçısının şedevri: “Zərif nəfəs”

Woman breathing fresh air relaxed on vacation

Kulis.az Nobel mükafatçısı İvan Buninin “Zərif nəfəs” hekayəsini təqdim edir.

Qəbiristanda, yenicə əmələ gəlmiş gil qalağının üstündə palıddan yonulmuş təzə xaç var idi. Möhkəm, ağır, hamar bir xaç… Aprel, tutqun günlər idi, geniş sahəli qəza qəbiristanının abidələri çılpaq ağacların arasından hələ lap uzaqlardan görünürdü; soyuq küləyin vıyıltısı eşidilirdi, xaçın dibindəki çini əklil cingildəyirdi. Xaçın özünə isə olduqca böyük, qabarıq çini medalyon bənd edilmişdi, medalyonun içində sevinclə baxan, son dərəcə cazibədar, şux baxışlı gimnaziya tələbəsi-bir qızın fotoşəkli var idi. Bu, Olya Meşşerskaya idi. Balaca qız o vaxtı qəhvəyi gimnaziya donları geymiş qızların arasında heç bir şeylə fərqlənmirdi, bu qızın haqqında ancaq bunu söyləmək olardı ki, çox qəşəng, varlı və xoşbəxt qızlardan biri idi; demək olardı ki, istedadlı, lakin nadinc, dəcəl qız idi, həm də nəzarətçi xanımın ona verdiyi öyüd-nəsihətlərə qarşı büsbütün laqeyd idi. Sonra qız gündən-günə deyil, saatdan-saata gözəlləşib böyüməyə başladı. On dörd yaşına çatanda o, artıq ayaqları zərif biçimli, incəbel, məlahətli bir qız oldu; döşləri həmyaşıdı olan qızların həsəd aparacağı qədər iri idi, aydın və qəşəng çevrələnmişdi; bəşər dilinin heç vaxt ifadə edə bilmədiyi füsunkarlığı bütöv üzə çıxmışdı. Onun bəzi rəfiqələri saçlarını hədsiz diqqətlə darayır, özlərini çox təmiz və səliqəli saxlayır, hərəkətlərində təmkinli olmağa çalışırdılar. Olya isə heç bir şeydən qorxmurdu-nə barmaqlarındakı mürəkkəb ləkələrindən, nə qızarıb pörtmüş çöhrəsindən, nə saçlarının dağılmasından, nə də yüyürəndə donunun qalxıb ayaqlarının görünməyindən. Son iki il ərzində onu bütün gimnaziya qızlarından fərqləndirən hər şey-zəriflik, qəşənglik, gümrahlıq, gözlərdəki aydın parıltı-heç bir qayğı, heç bir səy göstərilmədən, hiss edilmədən yaranmışdı…

Ballarda-rəqs ziyafətlərində-heç kəs Olya Meşşerskaya kimi rəqs etmirdi, xizəkdə heç kəs onun kimi sürüşə bilmirdi, ballarda ona vurulan kimi heç kəsə vurulmur, heç kəsin başına fırlanmırdılar. Olya hiss edilmədən yetkin qız oldu, hiss edilmədən şöhrəti gimnaziyaya yayıldı, artıq onun haqqında şayiələr yayılmağa başlamışdı: deyirdilər ki, o, yelbeyindir, pərəstişkarlarsız yaşaya bilmir; söyləyirlər ki, gimnaziya tələbəsi Şenşin ona dəlicəsinə vurulmuşdur; guya Olya da onu sevirmiş, lakin onunla rəftarında elə dəyişkəndir ki, tələbə özünü öldürmək istəyirmiş. Gimnaziyada belə bir söz yayılmışdı ki, Olya Meşşerskaya son qış mövsümündə şənlik və əyləncələr içində lap ağlını itirmişdi. Qış qarlı, şaxtalı idi. Qar basmış gimnaziya bağının hündür küknar ağacları arxasına erkən sallanan Günəş daim mülayim, işıqlı idi; sabah üçün də şaxta və günəşli hava, kilsə küçəsində gəzinti, şəhər bağındakı buz meydanı, xoş və gözəl axşam, musiqi, bir də içərisində Olya Meşşerskayanın ən qayğısız, ən xoşbəxt bir məxluq təki göründüyü, buz meydanda hər tərəfə sürüşən izdihamın mənzərəsini vəd edirdi. Beləliklə, günlərin bir günü, böyük tənəffüs vaxtı, Olya Meşşerskaya toplanış salonunda onu qovub tutmaq istəyən, sevinə-sevinə qışqıran birinci sinif şagirdlərindən yaxa qurtarmaq üçün başıalovlu, yel kimi yüyürdüyü məqamda onu qəflətən rəis xanımın yanına çağırdılar. Qız birdən ayaq saxladı, yalnız bircə dəfə dərindən köksünü ötürdü, artıq incə bir qadın ədası ilə saçlarını cəld düzəltdi, önlüyünü çiyinlərinə çəkib, gözləri parlaya-parlaya yuxarı qaçdı. Hələ cavan görünsə də, saçları ağarmış olan rəis xanım, masanın arxasında padşahın şəklinin altında sakitcə oturmuşdu.

Rəis fransızca dedi:

– Mən sizin hərəkət tərziniz, davranışınız haqqında danışmaq üçün, təəssüf ki, sizi buraya bir neçə dəfə çağırmağa məcbur olmuşam.

Meşşerskaya ona aydın və şən nəzərlə baxa-baxa, lakin çöhrəsində heç bir ifadə təzahür etmədən masaya yanaşaraq:

– Mən sizi dinləyirəm – deyə, cavab verib, elə yüngül, vüqarla əyləşdi ki, bu cür əyləşməyi ancaq o bacarırdı.

Rəis xanım:

– Siz mənə pis qulaq asacaqsınız, təəssüf ki, mən buna inanmışam, mən heç nəyi təkrar etməyəcəyəm, uzun-uzadı danışmayacağam, – dedi.

Şaxtalı günlərdə, divar sobasının istisilə yazı masası üzərindəki təzə inciçiçəyinin ətri yayılmış bu qeyri-adi, təmiz və böyük kabinet Meşşerskayanın çox xoşuna gəlirdi. O, hansı dəbdəbəli salonun ortasında bütün qaməti ilə çəkilmiş kəng padşahın şəklinə baxdı, rəis xanımın ortadan səliqə ilə ayrılmış ağ saçlarına nəzər salaraq, səsini çıxarmayıb gözlədi. Rəis xanım daxilən əsəbiləşməyə başlayaraq, mənalı-mənalı dedi:

– Siz artıq balaca qız deyilsiniz.

Meşşerskaya sadəcə, demək olar, sevincək cavab verdi:

– Bəli.

Rəis xanım daha mənalı tərzdə:

– Lakin hələ qadın da deyilsiniz, bu nə sayaq saç daramadır? Ancaq qadın saçını belə darayar!

– Saçlarımın gözəl olmasının günahı məndə deyil, – deyə Meşşerskaya cavab verib, iki əli ilə başında qəşəng daranıb yığılmış saçlarına toxundu.

Rəis xanım dedi:

– Bu cür saç darama qaydasının günahı sizdə deyil, belə bahalı daraqlar gəzdirməyin günahı sizdə deyil, iyirmi manatlıq tuflilər geyib valideynlərinizi xərcə salmağın günahı sizdə deyil. Lakin mən təkrar edirəm, siz hələlik ancaq gimnaziya tələbəsisiniz və bunu tamamilə nəzərdən qaçırırsınız…

Meşşerskaya elə bu dəm öz sadəlik və sakitliyini itirmədən, birdən nəzakətlə onun sözünü kəsdi:

– Bağışlayın, siz səhv edirsiniz, mən qadınam, özü də bunun təqsirkarı bilirsinizmi kimdir? Dədəmin dostu və qonşusu, sizin isə qardaşınız olan Aleksey Mixayloviç Malyutin. Bu əhvalat keçən yay mövsümü kənddə baş verdi. O mənə dedi ki, döşlərimə baxdıqca daha dözə bilmir. Elə mən də dözə bilmirdim…

***

Bu söhbətdən bir ay sonra, Olya Meşşerskayanın yaşadığı mühitlə heç bir əlaqəsi olmayan yoxsul görünüşlü, kifir bir kazak zabiti onu vağzalın platformasında, qatardan yenicə düşmüş adamların arasında güllə ilə vurdu. Özü də, Olya Meşşerskayanın gimnaziyanın rəisinə dediyi ağlasığmayan etirafı bütünlüklə təsdiq olundu: zabit məhkəmə müstəntiqinə bildirdi ki, Meşşerskaya onu tovlayıb başdan çıxarmışdı, onunla yatırdı, and içmişdi ki, onun arvadı olacaq: “Mən onu öldürdüyüm gün, vağzalda məni Novoçerkasska yola salanda birdən mənə dedi ki, nikah haqqındakı bütün söhbətlər məni lağa qoymaqdan başqa bir şey deyildir; sonra da gündəliyində Malyutin haqqında yazılmış səhifəni mənə oxumağa verdi”.

Zabit dedi:

– Mən bu xətləri elə oradaca, platformada cəld gözdən keçirəndə Meşşerskaya mənim oxuyub qurtarmağımı gözləyir, platformada gəzinirdi. Mən onu oradaca güllə ilə vurdum. Gündəlik budur, burada, görün keçən il, iyulun onunda orada nə yazılıbmış.

Gündəlikdə aşağıdakılar yazılmışdı:

“Gecədir, saat ikiyə işləyib. Mən yatıb yuxuya getdimsə də, lakin dərhal oyandım… Mən bu gün qadın olmuşam! Atam, anam və Tolya, hamısı şəhərə getdilər, mən tək qaldım. Mən tək qalmağıma hədsiz dərəcədə sevinirdim, özümü xoşbəxt hesab edirdim! Səhər çağı bağda, çöldə gəzinirdim; meşəyə getmişdim; mənə elə gəlirdi ki, bütün dünyada tək-tənhayam, həm də ömrümdə heç vaxt indiki kimi yaxşı düşünməmişdim. Mən naharı da tək yedim, sonra tam bir saat musiqi çaldım; musiqi sədaları altında məndə belə bir duyğu yaranmışdı ki, mən həmişə və daim yaşayacağam, özüm də heç kəsin nail ola bilmədiyi xoşbəxt həyat sürəcəyəm. Sonra atamın kabinetində yatdım. Saat dörddə məni Katya oyatdı; dedi ki, Aleksey Mixayloviç gəlib. Onun gəlməyinə çox sevindim. Onu qəbul və məşğul etmək mənim üçün hədsiz dərəcədə xoş idi. O, bir cüt qəşəng Vyatka atı qoşulmuş öz minik arabasında gəlmişdi. Atlar artırmanın qarşısında dayanmışdı, Aleksey Mixayloviç bizdə qaldı, ona görə ki, yağış yağırdı, o istəyirdi ki, axşama yaxın yer qurusun. Atamın evdə olmamasına təəssüf edirdi, çox həyəcanlı idi, özünü mənimlə kavaler kimi aparırdı. Xeyli zarafat edib deyirdi ki, mənə vurulub. Biz çaydan qabaq bağda gəzinəndə hava yenə gözəl idi. Xeyli soyumuş olsa da, yağışdan islanmış bağın hər tərəfində Günəş şüaları parıldayırdı, o mənimlə qolqola gedirdi, özü də deyirdi ki, o, Marqarita ilə gəzən Faustdur. Onun əlli altı yaşı var, lakin hələ olduqca gözəl və güclüdür; həmişə də qəşəng keyinir; ancaq onun plaşa bənzəyən palto geyməsi xoşuma gəlmədi. Ondan ingilis odekolonunun qoxusu gəlirdi; qara gözləri lap gənc oğlan gözləridir; saqqalı isə zərif şəkildə iki uzun hissəyə bölünmüşdü, həm də tamamilə gümüş rəngindədir. Çay içəndə biz şüşəbəndli eyvanda oturmuşduq. Mən elə bil özümü yaxşı hiss etmədim, ona görə də taxtın üstündə uzandım, o isə papiros çəkirdi; sonra gəlib mənim yanımda oturdu, yenə də mənə xoş sözlər deməyə başladı. Sonra da əlimi oxşayıb öpdü, mən ipək yaylıqla üzümü örtdüm, o da yaylığın üstündən bir neçə dəfə mənim dodaqlarımdan öpdü… Başa düşə bilmirəm ki, bu nə təhər oldu. Mən dəli olmuşdum, heç vaxt güman etməzdim ki, beləyəm! İndi mənim üçün birçə çıxış yolu var… Məndə kazaka qarşı elə nifrət hissi oyanıb ki, buna dözə bilməyəcəyəm!…”

***

Bu aprel günləri ərzində şəhər tər-təmiz olmuşdu, qurumuşdu, daşları ağarmışdı, daşların üstündə yerimək rahat və xoş idi. Qara geymiş, əllərinə nazik qara əlcəklər taxmış, qara çətirli balaca bir qadın, hər bazar günü, ibadətdən sonra, şəhər kənarına gedən Kilsə küçəsi ilə addımlayırdı. Qadın şose ilə gedir, his basmış dəmirçixanalardan, təravətli çöl havasının yayıldığı palçıqlı meydandan o biri tərəfə keçirdi. Bir az qabaqda kişi monastırı ilə dustaqxana arasında, üfüq ağarırdı, bahar çölləri boz rəngə boyamışdı. Qara geyimli qadın monastırın divarı yanındakı gölməçələrin arasından keçib, sola burulanda bir növ böyük və alçaq görünürdü; ağ hasar içərisinə alınmış bağ, bağın darvazası üzərində Məryəmin vəfatı günü yazılmışdı. Balaca qadın üzünə xaç çəkərək, adət etdiyi böyük xiyabanla irəliləyirdi. O, palıd xaçın qarşısındakı oturacağa çatanda baharın soyuq və küləkli havasında bir-iki saat əyləşirdi; ayaqları və dar əlcəkli əlləri donana qədər burada otururdu. Qadın soyuqda da şirin-şirin cəhcəh vuran bahar quşlarının nəğmələrini dinləyə-dinləyə çini əklili cingildədən küləyin vıyıltısına qulaq asa-asa düşünürdü ki, bu cansız əklili burada görməmək üçün ömrünün yarısını qurban verərdi. Bu əklil, bu torpaq qalağı, palıd xaç! Heç mümkündürmü ki, xaçdakı qabarıq çini medalyon içərisindən gözləri belə əbədiyyət ziyası ilə parlayan füsunkar bir məxluq bu xaçın altında yatmış olsun. Həm də bu cür məsum baxışı indi Olya Meşşerskayanın adı ilə bağlanmış o dəhşətli əhvalatla necə birləşdirəsən? Lakin balaca qadın qəlbinin dərinliklərində özünü xoşbəxt hesab edirdi, hər hansı coşğun xəyala uyan adamlar kimi xoşbəxt. Bu qadın-Olya Meşşerskayanın oxuduğu sinifdə nəzarətçi olan qarımış qız idi; özü də çoxdan bəri onun üçün həqiqi, real həyatı əvəz edən müxtəlif xülyalarla yaşayırdı. O heç bir şeylə fərqlənməyən yoxsul praporşik qardaşının gələcəyinin nədənsə parlaq olacağını düşünürdü. Bu praporşiki Mukden yaxınlığında öldürdülər, bundan sonra qadın özünü inandırırdı ki, o, ideya uğrunda çarpışan zəhmətkeşdir. Olya Meşşerskayanın ölümü bu balaca qadını yeni xəyala məftun etmişdi. İndi Olya Meşşerskaya onun düşüncə və hisslərinə hakim kəsilmişdi. Qadın hər bayram günü onun qəbrini ziyarət edir, gözlərini zilləyib saatlarla palıd xaça baxır, Olya Meşşerskayanın tabutda, çiçəklər içərisindəki solğun çöhrəsini, həm də bir dəfə qulaq asıb eşitdiklərini xatırlayırdı; bir dəfə böyük tənəffüsdə, gimnaziyanın bağında gəzinəndə Olya Meşşerskaya özünün sevimli rəfiqəsi olan ucaboy, kök Subbotinaya yeyin-yeyin deyirdi:

– Mən atamın kitablarından birində-onda qədim, məzəli kitablar çoxdur,-belə bir şey oxudum: qadının gözəlliyi necə olmalıdır… Orada, başa düşürsənmi, o qədər şey yazılıb ki, hamısını yadda saxlamaq mümkün deyil: hə, əlbəttə ki, qətran kimi qaynayan gözlər, – Allah haqqı, elə bu cür də yazılıb qətran kimi qaynayan! – Gecə kimi qara kirpiklər, zərif al yanaq, nazik bel, ətli baldırlar, adi əldən uzun olan əllər, – başa düşürsənmi, adidən uzun! – Balaca ayaq, iri döşlər, düzgün girdələnən sağrı, sağa sola bolluca meyilli olan omba sümükləri, balıqqulağı rəngində dizlər, maili çiyinlər, mən bunların çoxunu, demək olar, əzbərləmişəm. Bütün bunlar tamamilə düzgündür! Lakin başlıcası bilirsənmi nədir? Yüngül nəfəs! Axı bu nəfəs məndə var, – sən bir qulaq as, gör, mən necə yüngül nəfəs alıram, – bax, düz demirəmmi, var, yoxsa yox?

İndi bu zərif nəfəs dünyaya yenidən yayılmışdı, buludlu səmaya, bu soyuq bahar küləklərinə!

Tərcümə: Hüseyn Şərif