07 Fevral 2025

Nizami Gəncəvinin“Xəmsə”sinin özbək dilində nəşri təqdim olunub – FOTOLAR

Noyabrın 25-də Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində dahi Azərbaycan şairinin özbək dilində çap olunan “Xəmsə”sinin təqdimatı keçirilib.

Media1.az bildirir ki, tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov və digərləri iştirak edib.

Tədbiri giriş sözü ilə Elnur Əliyev  qeyd edib ki, Nizami Gəncəvi yaradıcılığı türk xalqları arasında mənəvi körpü olub. Daha sonra Elnur Əliyev Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilində nəşrindən söz açıb:

“Bu layihə Nizami irsinin Özbəkistanda daha geniş yayılması üçün çox əhəmiyyətlidir. Tərcümə birbaşa orijinaldan edilib və bu da əsərin bədii dəyərinin qorunub saxlanılması deməkdir. Əlişir Nəvai və Nizami Gəncəvi bizim ortaq mədəniyyətimizin böyük zirvələridir”.

Daha sonra çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov isə qeyd edib ki, ölkələrində Nizami Gəncəvi yaradıcılığına böyük maraq və sevgi var:

“Hələ 1936-cı ildə Daşkəndəki indiki Dövlət Pedaqoji Universitetinə dahi Nizami Gəncəvinin adı verilib. 2004-cü ildə isə Daşkənddə Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimovun iştirakı ilə universitetin qarşısında dahi şairin büstünün açılışı olub. Böyük özbək şairi Əlişir Nəvai Nizami Gəncəvini öz ustadı, ilhamvericisi hesab edib, onu pir, Xızır adlandırıb. O, Nizaminin “Xəmsə”sini “Beş xəzinə” adlandıraraq hər poemanın başlanğıcında Nizamiyə hörmət və məhəbbət əlaməti olaraq xüsusi səhifələr yazıb”.

Tədbirin sonunda mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Xəmsə”nin özbək dilinə tərcüməsində əməyi olan şəxslərə, Özbəkistandan forumda iştirak edən nümayəndə heyətinin üzvlərinə və Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanova “Nizami Gəncəvi – 880” xatirə nişanını təqdim edib.