23 Dekabr 2024

Niyazi Mehdidən Hacı Şahin itkisi haqda şok sözlər: “Futbol fanatlarının birliyi kimi…”

Teleqraf.com-un suallarını fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi cavablandırıb.

Müsahibəni təqdim edirik.

“Arxalarında bakılılar əjdaha kimi durmuşdular”

– Niyazi bəy, Azərbaycanda din xadiminə, din adamına bəlkə də Mirzə Fətəli, Sabir və Mirzə Cəlildən gəlmə həmişə tənqidi və ya ironik münasibət hakim olub. Hacı Şahinin vəfatına münasibət fərqli mənzərə yaratdı. Sizcə, bu nəylə bağlıdı? Bəlkə 19-20-ci əsr maarifçilərinin yaratdığı ab-hava, atmosfer artıq dağılır, öz təsir qüvvəsini itirir?

– Siz neçə illər bundan qabaq toxunduğum bir məsələyə məni qaytardınız. O vaxt mən yazmışdım ki, iki Azərbaycan var: biri Mirzə Cəlilin, Sabirin bizdə formalaşdırdığı Azərbaycandır, o birisi, tutalım, “Əli və Nino” romanından görünən Azərbaycan.

Bu ikinci Azərbaycanla bağlı, özəlliklə bu ikincidə yeri olan axundlarla, düşündürücü xatirələr az olduğundan Söz dünyasında (Loqosferdə) birinci Azərbaycan tipidir bizim bilincimizdə xaqanlıq edən. Mirzə Cəlili, Sabiri buna görə qınamaq olmaz, onların işi yaşadıqları dünyanı dokumental dəqiqlikdə göstərmək olmayıb ki, etdikləri təhriflərə görə suçlayasan. Onların yazı üçün seçdikləri janrın kodu elə idi ki, dindarların dünyasını gülüş və ələ salmaq hədəfi etmək üçün onları qrotesk halına salmalıydılar.

Böyük suçları vardı ikinci Azərbaycanı təmsil edənlərin – onlar mədəniyyətimizi Azərbaycana heyranlıq yaradan əsərlərlə təmin etməliydilər… Etmədilər. Ancaq bu Azərbaycanın olmasını göstərən faktlar yetərincə idi. Bizdə gürcülərə baxanda qaçaqların bol olması, ünlü axundlarımız, demokratik hərəkatın yaranması tanıq verir ki, əsl Azərbaycan heç də Mirzə Cəlilin göstərdiyi Azərbaycan olmayıb.

Əgər əsl Azərbaycan Sabirin dediyi Azərbaycan olsaydı, erməni-avropa milyonerləri milli milyonerləri boğub səhnədən çıxarardılar. Nəyə görə çıxara bilmədilər? Çünki arxalarında bakılılar əjdaha kimi durmuşdular.

– Sosial şəbəkələrdə dəyərli alimlərimizin ölümüylə din xadiminin ölümünə münasibətin də müqayisəsi aparıldı. Hacı Şahinin timsalında in adamına göstərilən ehtiram aliminkindən qat-qat yüksəkdir. Bunun çeşidli səbəbləri ola bilər. Siz hansı mühüm səbəbləri qeyd edərdiniz?

– Çətin sualdır, cavabı da çətindir. İnsanların futbol, din kimi duyğusal bağlarla birləşməsi daha güclü olur, nəinki dinsiz ilişkilər əsasında. O dəfnə yığışan adamların çoxu hər həftə Hacı Şahinin başına yığışıb söhbətlərinə qulaq asırdılar. Onlar dinsiz, yəni dini öndə tutmayan camaata qarşı durub yumruq kimi birləşirdilər. Bu üzdən dini bağlarla bağlanmış camiyənin birgəlik, qarşılıqlı sevgisi daha güclü olur. Bu, bir az futbol fanatlarının birliyinə oxşayır…

“Azərbaycanda indiki pul sahiblərinin çoxu nə sənəti qanırlar, nə də…”

– Elm, təhsil adamının, hətta şairin-yazıçının, ziyalının avtoritetinin cəmiyyətdə zəifləməsində, sizcə, hansı mənfi kriteriyalar rol oynayır? Bu tendensiyada həmin adamların özlərinin də rolu varmı?

– Sovet dönəmində nomenklatur prinsiplər hansı alimlərinsə, şairlərinsə avtoritetini yüksəkdə saxlayırdı. Sovet sistemi dağıldı, nomenklatur da… Yox, dağılmadı, ancaq xeyli zəiflədi. Ramiz Rövşənə, Xudu Məmmədova sevgi göstərilir ki, yenə Azərbaycanda əsl şairə, alimə sayğı yaşamaqdadır. Belə parlaq adamların avtoritetlərini nə qaldırır? Məsələn, davamçılarının, fanatlarının özlərinin yüksək səviyyəli adamlar olması və ya varlı olması.

Bəli, düz eşitdiniz, pul mədəniyyətdə çox ciddi amildir. Bölgələrdə kimlər nəslin ağsaqqalı sayılır? Vəzifəlilər. Nəyə görə, çünki vəzifəli pullu deməkdir. Azərbaycanda indiki pul sahiblərinin çoxu nə sənəti, nə də elmi qanır. Buna görə də onlardan şairi, alimi nüfuzlu edən adamlar çıxmaz. Ancaq güman onların nəvələrinin bir kəsimi elitar insan ranqına qalxacaq, bəlkə Türkiyə elitini yamsılayıb dəyişəcəklər.

– Din adamının nüfuzunun yüksəlməsindən narahat olmağa dəyərmi, sizcə? Belə bir narahatlıq ifadə edənlər də az deyil.

– Narahat olmağına dəyməz, çünki onların təbiətində fədakarlıq, aşırı mənəvi təmizlik, müqəddəslik olmalıdır ki, nüfuzlu olsunlar. Belələri isə çox olmur ki, təhlükələri də böyük olsun. Bəs təhlükə nədən yaranır? Ulduz xəstəliyinə tutulmaqdan. Hamılıqca sevgi bir çox hallarda parlaq insanları da korlayır.

Adamların sevgisini qazanmış insan korlanmamaq üçün özündə və çevrəsində qoruyucu sistem qurmalıdır. Adamlar, görürsən, avtoritet olmaq üçün çalışanda bu sistemi qurmağı unudurlar. Yadlarına salanda isə gec olur.

“Eşidirəm ki, Hacı Şahinlə Qafqaz Müsəlmanları İdarəsinin soyuqluğu olub”

– Hacı Şahinə münasibətdən çıxış edib müsbət din xadiminin obrazı haqda nə deyə bilərsiz? Yəni Azərbaycan cəmiyyəti necə din xadimini sevir sualına cavabınız varmı?

– Mən bir-iki televiziya debatında Hacı ilə bir masa arxasında olmuşam. İslam haqqında bəzən qəsdən alışılmamış sözlər deyəndə onun özünü yumşaq, həlim aparmasını görmüşəm. Bu üzdən həmişə onu rəğbətlə xatırlamışam. Onun səviyyəsində başqa bir hacımız da var, Hacı İlqar İbrahimoğlu. Onu daha yaxşı tanıyıram və sevirəm.

İndi eşidirəm ki, Hacı Şahinlə Qafqaz Müsəlmanları İdarəsinin soyuqluğu olub, bu idarənin təmsilçiləri dəfn mərasiminə qoşulmayıblar. Belədirsə ayıb iş olub. Müsəlmanlar idarəsi bu dedi-qoduya aydınlıq gətirməlidir. Bizdə siyasi rəqiblər də bir-birinin hüzr məclisinə getdiyi halda ruhanilər belə davrananda ruhani adına ləkə gətirirlər.

– Adama elə gəlir ki, cəmiyyətimiz ehtiram göstərmək istədiyi şəxslərə, fərdlərə ehtiyac duyur. Özünə qəhrəman axtarır. Bu ehtiyacın ödənilməsi üçün əlverişli mühit (ölüm itkisi) və uyğun şəxsiyyətin sorağındadır. Bəlkə Hacı Şahinə şişirdilmiş münasibətdə bu amilin də rolu var?

– Hacı Şahinə “şişirdilmiş münasibət” söz birləşməsi ilə razı deyiləm. Ona qazandığı sayğını, sevgini göstəriblər. Ancaq razıyam ki, toplumda qəhrəmanlara böyük ehtiyac var. Şəhidlərimiz bu baxımdan bizi gürcülərə, özbəklərə baxanda qıtlıq, aclıq duyğusundan qurtarıblar. Necə etməli ki, onlar həmişə Azərbaycan bürcündə parlasınlar və onların musiqi, roman, kino görükləri bezdirməsin də duyğulandırsın? Bax, bunu tapmaq çətindir – bəlkə Türkiyədən, İsraildən öyrənməliyik?!

– Yeri gəlmişkən, sizin dini kimliyi olan bir ziyalı və fəlsəfə professoru kimi Hacı Şahinə münasibətiniz necədir və onun hansı keyfiyyətlərini özünüz və cəmiyyətimiz üçün qiymətli sayırsız?

– Bayaq dedim ki, ona böyük rəğbətim vardı. Ancaq yaxınlığımız olmayıb, məclislərində olmamışam ki, kimliyinə dərindən bələd olum. Din xadimi olsa da vətənçi olması onu mənim gözümdə xeyli ucaldır.


Müəllif: Nərmin Muradova