19 Sentyabr 2024

Nikol Paşinyan xalqın içinə çıxdı və əleyhdarları ilə tərəfdarları üz-üzə qaldı- FOTO

Nikol Paşinyan Qarabağ müharibəsindən sonra ilk dəfə xalqın içərisinə çıxıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın baş naziri xalqa müraciətindən sonra tərəfdarları ilə birgə matəm yürüşünə qatılıb və Qarabağda məhv edilmiş erməni hərbçilərinin basdırıldığı Yerablur hərbi panteonuna doğru addımlayıb.

Onunla birlikdə parlament sədri Ararat Mirzoyan, ordu rəhbərliyi və hökumət üzvləri, həmçinin Qarabağda döyüşmüş bəzi hərbçilər də iştirak ediblər.

Bildirilir ki, N.Paşinyanın mühafizəçiləri həmişəkindən xeyli çox olub. Ciddi mühafizə altında hərəkət edən Paşinyanın tərəfdarları “Nikol, biz səninləyik” çağırışı səsləndiriblər. N.Paşinyan matəm günü olması səbəbindən onları sakitliyə çağırsa da, xeyri olmayıb.

Eyni anda baş nazirin əleyhdarlarının da səsi eşidilib. Onlar Paşinyana xitabən “Nə vaxt istefaya gedirsən”,-deyə qışqırıblar. Erməni mediası yazır ki, bu şüarlar davamlı şəkildə səslənir. Paşinyanı onun ailə üzvləri də müşayiət edir.