04 Dekabr 2024

Neft bazarında “əhval” yüksəkdir – Azərbaycan necə təsirlənir?

İlham Şaban: “Hələlik üfüqdə bazarı dəyişdirəcək amillər görünmür”

Dünya neft bazarında ötən həftədən başlanan qiymət yüksəlişi yeni həftənin ilk günü müəyyən qədər azalma ilə əvəz olunsa da, bazar iştirakçılarının pozitiv əhval-ruhiyyəsi davam edir. Bazardakı cüzi qiymət azalmasının əsas səbəbi kimi ötən həftənin cümə günündən bəri dünyanın əsas valyutası olan dolların məzənnəsindı baş verən yüksəlmə göstərilir. Belə ki, dollar möhkəmləndiyinə görə onunla ticarət olunan bütün əmtəələrin qiymətində azalma baş verir.

Dünən Bakı vaxtı ilə günorta saatlarında Londonun ICE birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti sonuncu hərraca nisbətən 1 faizə yaxın ucuzlaşmaqla 55.44 dollara, Nyu-Yorkun NYMEX elektron birjasında WTI markalı neftin fevral fyuçerslərinin qiyməti 0,54 faiz ucuzlaşmaqla 51,96 dollara satılıb. Lakin bu azalmaya rəğmən, analitik mərkəzlər bazarda qiymətlərin kəskin enişini gözləmirlər. Əksinə, bir sıra amillərin təsiri ilə qiymətlərin daha bir neçə dollar bahalaşması proqnozlaşdırılır. Bu amillərdən birincisi ABŞ-da yeni prezidentin həyata keçirməyə hazırlaşdığı iqtisadiyyata və əhaliyə yönəlik yeni dəstək paketidir. Yeni prezident Co Bayden dəstək paketinin ümumi dəyərinin 3 trilyon dollara bərabər olacağını bildirib. Bu isə neft bazarına pozitiv təsir göstərib.

Bazarı ruhlandıran daha bir amil ABŞ, Avropa və Asiyada COVID-19-un yeni mutasiyalarının yayılmasına rəğmən, epidemioloji situasiya ilə bağlı pozitivliyin yüksəlməsidir. Əksər ölkələrdə peyvəndləmənin başlanması yaxın 1-2 ayda koronavirusun yayılma sürətinin kəskin azalacağına inamı getdikcə artırır.

Səudiyyə Ərəbistanı neft hasilatını könüllü azaldır Xalqqazeti.com

Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanının fevral-mart aylarında hasilatı könüllü şəkildə azaltması xəbəri bazarda qiymətlərin 8 faizədək yüksəlməsinə səbəb olub. Bu həftə də bazar bu xəbərin müsbət təsirindədir.

Nəhayət, ABŞ-da neft ehtiyatlarının iki həftədir dalbadal ciddi şəkildə azalması da neft bazarına müsbət təsir göstərir. Belə ki, yanvarın 7-də açıqlanan məlumata görə, 28 dekabr-3 yanvar həftəsində ABŞ-ın kommersiya neft ehtiyatları 8,01 milyon barel azalaraq 485,46 milyon barel təşkil edib. Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda məlumat verilib. Maraqlıdır ki, analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,13 milyon barel azalacağını proqnozlaşdırırdı.

İlham Şaban: Şəhərin işıqlandırılması məsələsində Avropadan 15 il geridəyik  - Sozcu.az

Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, yanvarın 8-də neftin qiyməti 2020-ci ilin 25 fevralından bəri ilk dəfə 55 dolları keçib: “Ötən həftə ərzində neftin qiyməti 7 faizə qədər bahalaşıb. Bu qiymət artımına gətirən amillər kifayət qədər çox idi. İlk amil yanvarın 5-də OPEK+ çərçivəsində qəbul edilən qərar idi. Bu qərarla hasilatın birinci rüb ərzində demək olar ki, dəyişməz qalması təsbit olunub. Qərardan bir gün sonra ABŞ-da neft ehtiyatlarının kəskin azalmasına dair məlumat açıqlandı. Eyni zamanda məlum oldu ki, dekabr ayında ABŞ 1985-ci ildən bəri ilk dəfə olaraq Səudiyyə Ərəbistanından bir barel də olsun neft idxal etməyib”.

Bundan əlavə, COVİD-19 əleyhinə qarşı peyvəndləmənin başlanması da bazarda müsbət inamı artırıb: “Bazardakı pozitiv əhval-ruhiyyənin nə qədər davamlı olacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Hələlik üfüqdə bazarı dəyişdirəcək amillər görünmür”.

Qeyd edək ki, bir çox analitik mərkəzlər Co Baydenin hakimiyyətə gəlişi ilə ABŞ-İran münasibətlərində ciddi yumşalma olacağını proqnozlaşdırırlar. Bu isə İranın dünya bazarına gündəlik 1,2 milyon barelə qədər neft çıxarmasını və qiymətlərin enməsini şərtləndirə bilər. Lakin təcrübə göstərir ki, ABŞ-ın İran kimi ölkələrlə münasibətlərini qısa müddətdə kəskin dəyişmək, tətbiq olunan sanksiyaları aradan qaldırmaq mümkün olmur. Bu isə o deməkdir ki, İrana qarşı sanksiyaların qaldırılması, bu ölkənin bazara daha çox neft çıxarması ən yaxşı halda 2021-ci ilin sonuncu rübündə mümkün ola bilər.  Həmin müddətə qədər isə dünyada pandemiyanın təsirlərinin aradan qaldırılması nəticəsində neftə tələbatın da ciddi şəkildə artması gözlənilir.

OPEK+ ölkələri nazirlərinin qərarına Bakıdan REAKSİYA

Dünya bazarındakı pozitiv proseslər neft hasilatçısı olan, gəlirlərinin əsas hissəsi bu məhsuldan əldə edilən Azərbaycan üçün yaxşı perspektivlər vəd edir. Belə ki, Azərbaycan bu il haislatı OPEK+ çərçivəsində razılaşmaya uyğun həyata keçirəcək. Energetika Nazirliyindən verilən məlumata görə, birinci rübün sonunadək yanvar ayındakı gündəlik 123 min barel həcmində öhdəliyi saxlayacaq. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq gündəlik  istehsalı 595 min barel səviyyəsində saxlayacaq.

Lakin ölkədə neft istehsalının təbii azalması bu il də davam edəcək. Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci ildəki büdcəsinə dair  rəyindən aydın olur ki, fondun gəlirlərinin əsas mənbəyini təşkil edən Azəri-Çıraq-Günəşli yatağı üzrə növbəti ildə hasilat həcminin cari ilə nisbətən 3,0 mln. barel az nəzərdə tutulur.  Fond  tərəfindən təqdim edilən məlumata əsasən, 2021-ci ildə Azəri-Çıraq-Günəşli yatağında xam neft hasilatının həcminin 171,6 milyon barel olması proqnozlaşdırılır ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2020-ci ilin göstəricisinə nisbətən (174,6 milyon barel) 3,0 milyon barel azdır.

Bu il üçün Azərbaycanın dövlət büdcəsi neftin 40 dollar qiyməti əsasında hesablanıb. Bu hesablamaya görə, Neft Fondunun 2021-ci ildə mənfəət neftinin və qazın satışı üzrə daxilolmaları 3 milyard 787,84 milyon ABŞ dolları və ya 6 milyard 439 325,7 min manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2019-cu ilin müvafiq icra göstəricisindən 8 milyard 175,4 milyon manat və ya 55,9 faiz az, 2020-ci ilin proqnoz və gözlənilən icra göstəricisindən müvafiq olaraq 207,6 milyon  manat və ya 3,1 faiz və 99,3 milyon manat və ya 1,5 faiz azdır. Gəlirlərdə 2020-ci ilin proqnozuna nisbətən azalmanın səbəbi hasilatın 2020-ci ilə nisbətən aşağı düşməsi göstərilir. Lakin hazırda dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulandan 15 dollar yuxarıdır. Bu isə həm Neft Fondunun, həm də dövlət büdcəsi gəlirlərinin daha yüksək həcmdə olacağını söyləməyə imkan verir. Ekspertlər hesab edirlər ki, bazardakı qiymətə uyğun olaraq ilin birinci yarısında Azərbaycanın dövlət büdcəsinə yenidən baxılması ehtimalı böyükdür.

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Tədbirlər

Bir neçə gün öncə Azərbaycan hökumətinin 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində çıxış edən Prezident İlham Əliyev neft qiymətləri və onun büdcəyə mümkün təsirlərindən danışıb.  Prezident vurğulayıb ki, büdcəmizdə neftin qiyməti 40 dollar götürülüb: “Bu, çox konservativ, yəni mühafizəkar yanaşmadır. Ancaq indi dünya bazarında neftin qiyməti 50 dollardan çoxdur. Əlbəttə, proqnoz vermək çətindir, amma nəzərə alsaq ki, pandemiya, bu il sona çatacaq, – artıq bir çox ölkələrdə peyvəndləmə işləri də gedir, – və beləliklə, iqtisadi fəallıq artacaq, gediş-gəliş artacaq, hava nəqliyyatı və digər sahələr açılacaq, yanacağa daha da böyük tələbat olacaq. Yəni kifayət qədər böyük ehtimal var ki, neftin qiyməti hər halda 50 dollardan aşağı olmayacaq”.

Onun fikrincə, bunu nəzərə alsaq, büdcədə profisit yarana bilər və hökumət indidən fikirləşməlidir ki, bu profisit hansı istiqamətlərə yönəldilə bilər: “Ola bilər ki, biz Neft Fondundan transfertləri azaldaq, əgər vəsaitə ehtiyac olmayacaqsa. Əgər ərazilərin bərpası üçün nəzərdə tutulan 2,2 milyard manat vəsait kifayət etməzsə, onda ola bilər bu vəsaitdən, yəni əgər profisit yaranacaqsa, o istiqamətlərdə də istifadə etmək olar. Hər halda, bunu həyat göstərəcək. Birinci rübün yekunlarına baxdıqda görəcəyik ki, iqtisadiyyat hansı istiqamətdə gedir və ümumiyyətlə, dünyada hansı proseslər gedir”.

Nə üçün Azərbaycan nefti bütün neft markalarından bahadır? | Banco.az

Neftin qiymətinin yüksək olması Azərbaycanda makrosabitliyin və milli valyutanın məzənnəsinin qorunması baxımından da mühüm əhəmiyyət kəsb edir. Heç kimə sirr deyil ki, ölkənin valyuta bazarındakı proseslər dünya neft bazarındakı proseslərdən çox böyük ölçüdə təsirlənir. Bu şəraitdə neftin dünya bazar qiymətinin 50 dollardan yüksək səviyyədə olması hökumətin Azərbaycan manatının məzənnəsində kəskin dəyişikliklərə getməməsi üçün həlledici faktorlardan birincisidir.

Dünya SAKİT,
“Yeni Müsavat”