22 Noyabr 2024

Nazir Anar Kərimov Əmir Əli Sərdari İrəvani ilə görüşüb

Mədəniyyət naziri Anar Kərimovla ölkəmizdə səfərdə olan, hazırda Almaniyada yaşayan İrəvan xanının nəslindən olan Əmir Əli Sərdari İrəvani arasında görüş keçirilib.

Görüş zamanı İrəvanın tarixi-mədəni irsinin dirçəldilməsi ilə bağlı nəzərdə tutulan işlər, layihələrə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda, İrəvanda və ümumilikdə hazırkı Ermənistan ərazisində Azərbaycan xalqına məxsus zəngin tarixi-mədəni irsə qarşı Ermənistan tərəfindən illər boyu həyata keçirilən soyqırıma diqqət çəkilib. Əmir Əli İrəvani sözügedən ərazilərdə mədəni irsimizin dirçəldilməsi ilə bağlı layihə və təşəbbüslərdə məmnuniyyətlə iştirak edə və dəstək göstərə biləcəyini qeyd edib.

Öz növbəsində, nazir A.Kərimov mədəni irs nümunələrinin arxivləşdirilməsi, qeydiyyata alınması və bu xüsusda qonşu dövlətlərin arxiv sənədlərinin araşdırılmasının vacibliyini qeyd edib. Həmçinin, İrəvan xanının ailəsi haqqında birgə sənədli filmin hazırlanması məsələsinə də vurğu edilmiş və bu kontekstdə əməkdaşlıq perspektivlərinə toxunulub.

Sonda Ə.Ə.İrəvani əcdadlarının torpaqlarına bir daha səfər etməkdən məmnunluq hissini ifadə edib.