30 Oktyabr 2024

Naxçıvandan başlanan xilas missiyası

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu Öndərin Naxçıvanın çətin vaxtlarında buraya qayıtması bu qədim Azərbaycan torpağını təhlükədən sovuşdurdu. Ən əsası bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Ulu Öndər Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta düşmüşdü. Keçirilən seçkilər zamanı Heydər Əliyev həm respublika parlamentinə, həm də Naxçıvan Ali Məclisinə deputat seçildi. Həmin il noyabrın 17-də Naxçıvan Ali Məclisinin birinci sessiyası keçirildi. Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək Naxçıvan Muxtar Respublikası adlandırılması qərarlaşdırıldı. Bundan başqa, Naxçıvan MR Ali Sovetinin 17 noyabr 1990-cı il sessiyasında Azərbaycanın dövlət rəmzi kimi Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə yekdilliklə qərar qəbul edilmiş və sessiyanın iclasına sədrlik edən Heydər Əliyevin təşəbbüsü ilə həmin milli mahiyyət daşıyan Dövlət Bayrağı Ali Məclisə gətirilmişdi. Bütün bunlar yalnız və yalnız Naxçıvan MR Ali Məclisinin sessiyasına sədrlik edən Heydər Əliyevin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirimişdi.

Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan MR Ali Məclisi tərəfindən verildi.

1991-ci il sentyabrın əvvəllərində Naxçıvan MR-nın ictimai-siyasi həyatında onun müqəddəratını həll edəcək mühüm hadisələr baş verdi. Sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Bu, Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi.

Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının həll edəcəyi ən əsas vəzifə təşkilati məsələ idi. Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insan Heydər Əliyevin seçilməsini tələb edən bəyanatlarla çıxış edirdi. Lakin sessiyanın keçirilməsinə qədərki mərhələdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, MR Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən regionda gedən ictimai-siyasi proseslərdə sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən, xüsusən özünü bütövlükdə dövlət müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da o, dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdi. Lakin xalqın və Naxçıvan MR Ali Məclisi deputatlarının təkidi ilə Heydər Əliyev ölkə və region üçün fövqəladə şəraitdə və fövqəladə hal olaraq çağırılması zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun rəhbəri seçilməsinə razılıq verdi.

Ali Məclisin Sədri Heydər Əliyevin Türkiyə və İrana səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı. Heydər Əliyev Naxçıvan MR-nın rəhbəri olduğu dövrdə muxtar respublikada elmin, təhsilin, mədəniyyətin, siyasi maarifçiliyin ictimai faktora çevrilməsi, inkişaf etdirilməsi məsələlərinə əhəmiyyət verilmiş, bu sahələrdə ciddi, yaddaqalan tədbirlər həyata keçirilmişdi.

Heydər Əliyevin 1991-ci ilin sentyabrında Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycanda dövlət müstəqilliyi uğrunda gedən prosesə ciddi təsir göstərdi, xalqı istiqlal mücadiləsinə doğru istiqamətə yönəltdi. Bu, xalqın böyük arzusu və tələbi ilə dünya miqyaslı siyasətçi Heydər Əliyevin böyük siyasətə yenidən qayıdışının həlledici mərhələsi idi. Qarşıda isə ulu öndəri daha çətin, eyni zamanda şərəfli bir missiya gözləyirdi.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi