16 Sentyabr 2024

“Navalnıya görə bədəl aktı” – ABŞ Rusiyaya qarşı hərəkətə keçir

Rusiyalı müxalifətçi Aleksey Navalnının Moskva şəhər Simonovsk rayon məhkəməsinin qərarı ilə yenidən cəzaçəkmə müəssisinə göndərilməsi Qərbi Rusiyaya qarşı daha sərt tədbirlərə sövq edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ Senatının Respublikaçılar və Demokrat partiyasından olan 6 senatoru “müxalifət lideri və anti-korrupsiya hərəkatının fəalı Aleksey Navalnının zəhərlənməsində əli olan rusiyalı məmurlara qarşı fərdi sanksiyaların tətbiq olunması” ilə bağlı layihə irəli sürüb.

Sənəd rəsmi olaraq “Rusiyanın düşmənçilik hərəkətlərə görə məsuliyyətə cəlb edilməsi” adlanır.

Layihə ABŞ administrasiyasının üzərinə 3 ay ərzində Rusiya hakimiyyətinin kimyəvi silahlardan istifadə etməsi daxil olmaqla beynəlxalq qanunları pozub-pozmadığının araşdırılması, habelə burada əli olan rəsmi dövlət adamları və digər şəxslər haqqında məlumatların Konqresə təqdim etməsi öhdəliyini qoyur.

Bundan başqa, aktda Boris Nemtsovun öldürülməsi faktının təhqiq edilməsi, prezident Vladimir Putin və onun ailə üzvlərinin şəxsi sərvəti haqqında hesabatların aşkarlanması tələbi də yer alıb. ABŞ senatoru Kris Kunts jurnalistlərlə söhbətində “Putin hökumətinin ölkə daxilində ona müxalif olan vətəndaşları susdurmaq məsələsində çirkli keçmişi olduğu” vurğulayıb.

Senator Marko Rubio isə Navalnıya verilən hökmü hiddətlə qarşıladığını söyləyib. “Bu qanun Putin və onun başkəsənlərinin üzərinə korrupsiya və rəqiblərini təqib etmələrinə görə ayrıca məsuliyyət qoyur”,-deyə o qeyd edib.

Onun eyni partiyadan olan həmkarı Mitt Romni də Rusiyadakı mövcud rejimin korrupsiya ilə mübarizə aparan, azadlıq və həqiqət uğrunda savaşan insanları susdurmaq istədiyini irəli sürüb.

Demokrat Dik Durbin “Aleksey Navalnının tək günahının Kremlə qarşı güclü demokratik müxalifətçilik etməkdən ibarət olduğunu” deyib.