Narkotikə yox deyək,sağlam ömür sürək!

Əsrin bəlasına çevrilən narkotik maddələr il-ildən dünyada,həmçinin ölkəmizdə sürətlə yayılmaqdadır.Dünya əhalisinin 250 milyonu “ağ bəlanın” zülmətinə qərq olaraq onun əzabını yaşamaqdadır.Avropa Birliyinin sonuncu hesabatına əsasən dünyada 585.347 nəfər “ağ ölümün” qurbanına çevrilib.Bizim ölkəmizdə də vəziyyət heç də xoşagələn deyil.Son beş ildə narkotik maddə istifadəçilərinin sayı on dəfədən çox artımla müşayiət olunur.Ölkəmizdə 31 mindən çox narkoman mövcuddur.Bir vətəndaş olaraq istər öz ölkəmizdə ,istərsə də dünyada insan qanına susamış bu zəhərli uçuşun sürətli artımı ,canlar qəsb etməsi məni də çox üzür və narahat edir.Çox dəhşətli və ürəkağrıdıcı haldır ki,yüzlərlə gül kimi balalarımız,gənclərimiz gözlər önündə hər gün acıyla qıvranaraq məhv olurlar.
Narkotik maddə isifadəçilərinin 60%-dən çoxunu yeniyetmə və gənclər təşkil edir.İnsan övladı azadlığına düşkün olar.Yeniyetmə və gənclərdə də bu hisslər güclü olduğundan çoxu zaman özlərini yanlış yollarda isbat etməyə çalışarlar.Lakin, düşünməzlər ki,onların nail olmaq istədikləri azadlıq ,əksinə, nə qədər yaşam şansları olarsa,ömürlük onları maddə əsirinə çevirər.Ani bir həvəs,əyləncə naminə maraq,ətrafın təkidlərinə əsasən eqolarına hakim ola bilməmə ,çətin həyat şəraiti və yoxsulluğu unutmaq naminə və.s səbəblərdən dolayı qurbana çevrilmək olur.Digər tərəfdən də ailədə sevgi,hörmət,qayğı,diqqət görmək istəyən və bu hisslərini doyurmayan uşaqlar,gənclər də bu yolu asanlıqla tuta bilər.Belə hallarda onlar hər kəsdən ,hətta özlərindən intiqam alma hissi ilə bu yola baş vurarlar.
Narkotik maddələrin müxtəlif çeşidləri var.Müasir maddələrin tərkibi isə illər öncəki maddələrə nisbətən daha tez asılılıq yaradır ,mərkəzi sinir sistemini iflic edərək sağlıqlı yaşama son qoyur.Narkotik maddələrin qəbulu hər orqanizmə fərqli təsir göstərə bilər.Belə ki,bəzən ilk istifadədən orqanizm maddəyə əks reaksiya verər və maddədən iyrənmə baş verə bilər.Bəzi insanları isə ilk istifadədən hətta öldürə bilər.Bir narkoman üçün maddə hər kəsdən və hər şeydən dəyərli olar.İstifadə zamanı gəldikdə vəhşi heyvana dönən bir narkoman onu əldə etmək üçün hər “fədakarlığı “edər.Hətta ən yaxınlarına belə zərər verməkdən,onları məhv etməkdən çəkinməz.Bu zəhər ən yaxşı gənci belə tanınmaz hala salar və ən qatı caniyə çevirər.Oğurluq hallarının,cinayətlərin çoxusu məhz narkomanlar tərəfindən həyata keçirilir.Narkoman o şəxsdir ki,onun itirəcəyi heç nəyi yoxdur.Bir narkoman nəinki azadlığını,xəyallarını,arzularını,yaşama sevincini,insan kimi yaşamını itirər.
Dünyada neft və qazdan sonra 3-cü ən böyük gəlir gətirən biznes məhz narkotik biznesidir.Çox təəssüf ki,nə qədər acı olsa da reallıqdır.Narkobaranlar tərəfindən idarə olunan bu biznes sürətlə inkişaf edir.Bilinən və bilinməyən tərəflərə milyonlar ,milyardlar qazandıran bu ticarət maddə ixrac edir və insan idxal edir.Həm istifadəçi insan məhsulu qazanar,həm narkotik maddələrin satışını,sürətli yayılmasına yardımçı insan məhsulu qazanar.Ona görə də narkotika biznesində bir alıcı bir satıcı deməkdir.Küçə satışları ilə yanaşı,bu biznes o qədər ağ edib və özbaşına olub ki,artıq sosial şəbəkələrdə də onlayn satışlar və çatdırılma ilə məşğuldur.Səbəb maddənin əlçatımlılığını təmin etmək ,məqsəd isə daha çox gənc və yeniyetmə kütləsi olan sosial şəbəkə istifadəçilərini cəlb etməkdir.Pandemiya dönəmində belə hansı biznes zərər görsə də,bir bu biznesdə çökmə baş vermir,gerilik hiss olunmur.Dəhşətdir və böyük faciədir.Minlərlə,milyonlarla ailələrin faciəsidir.Bu baxımdan gənclərin zərərli vərdişlərdən qorunması,sağlıqlı yaşamın nemət olması və vacibliyinin şüuraltlarına hopdurulması,mənimsədilməsi mövzusunda məktəb,müəllim,ailə və cəmiyyətin işbirliyi çox önəmlidir.Təhsil ocaqlarında bu kimi mövzular daim diqqət mərkəzindədir və maarifləndirici tədbirlər həyata keçirilir.
Əziz valideyinlər,uşaqlarınıza vaxt ayırmaqdan onları məhrum etməyin.Onlarla daim ünsiyyətdə olun,söhbətlər edin,diqqət göstərin,maraqlarını öyrənin.Onlara dost seçimində məsləhətlər verin.Uşaqlarınızı qucaqlamaqdan,nəvaziş göstərməkdən,öpməkdən çəkinməyin.Övladlarınızın yaxşı keyfiyyətlərini görün, sevginizi gizlətməyin. İnanın bu sizi ,bizi alçaltmaz.Getdikcə müasirləşən ,müasirləşdikcə maddələrin də “müasirləşdiyi” ,təhlükə olub uşaqlarımızın,gənclərimizin başında fır-fır fırlandığı bir dövrdə yalnız sevgi ilə onları itirməmək olar.Uşaqlarımıza milli-mənəvi dəyərlərimizi aşılayaq.Bəzən bəzilərinin çəkindiyi,ürkdüyü ,hətta məsxərəyə qoyduğu“quran oxuyub molla olacaq” kimi ifadələrin yerinə dinimizi öyrədək.Dinini bilən,dinindən xəbəri olan gəncin adətən doğru ilə yanlışı asanlıqla ayırd etmək imkanı çox ola bilər.Uşaqlarınıza özlərinin də maraq göstərdiyi müxtəlif məşğuliyyətlər seçin.Məsələn : idman,musiqi,dərnək və.s Övladlarınızı cəmiyyətlə,qarşılaşa biləcəkləri təhlükələrlə öncədən tanış edin.
Əziz məktəblilər,gənclərimiz siz hər biriniz mənsub olduğunuz ailələrinizin gözüsünüz.Siz hər biriniz bu xalqın,dövlətin bu günü və gələcəyisiniz.Ailənizdə problemlər də ola bilər,arzuladığınız diqqət və qayğını yetərincə dadmaya da bilərsiniz,səhvləriniz də ola bilər,yolunda getməyən,ürəyinizcə olmayan məqamlar da ola bilər.Lakin, səbəb nə olursa olsun özünüzü məhv etməyin.Allah Təala insanı ən üstün məqama layiq gördüyü halda,acizliyinizin və eqonuzun ömrünüzü qısaltmanıza,zəhər etməsinə izin verməyin.Öz kimliyinizi,şəxsiyyətinizi ucaldacaq olan da,yerin dibinə çökdürəcək olan da yenə də özünüzsünüz.Özünüz ,özünüzün ən yaxşı dostu olmalısınız.Hər kəsdən öncə öz yaxşılığınızı özünüz istəməlisiniz.Zərərli vərdişlərdən uzaq durun.Dəyərli ömrünüzü qısaldacaq,sağlamlığınızı itirməyinizə səbəb olacaq zəhərdən uzaq durun.Narkotikə yox deyək,sağlam ömür sürək!
Əsmər Məmmədova:pedaqoq,gənc yazar