22 Dekabr 2024

Müstəqillik yolunun əsası

Dahi şəxsiyyət Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsası oldu.  Ümummilli Liderin  fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönümündə mühüm addımlar atıldı. Eyni zamanda, blokada şəraitində olan Muxtar Respublikanın qonşu ölkələrlə, o cümlədən Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrinin inkişafı ilə əlaqədar mühüm addımlar atılması sosial-iqtisadi inkişafın təmin olunması baxımından mühüm önəm daşıyırdı. Görülən işlərin fonunda bu fikri böyük inamla qeyd edirik ki,  Naxçıvanın xilası və dirçəlişi  ulu öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin qətiyyəti sayəsində atılan addımlar, qəbul olunan qərarlar bu çağırışın təsdiqi oldu ki, dövlət maraqları hər şeydən üstün olmalıdır.

Ümummilli Liderin Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində işləyərkən mühüm addımlardan biri də dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi oldu. Dahi şəxsiyyət hər zaman bu çağırışı edirdi ki, hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi inkişaf etdirməliyik. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilərək, ölkəmizin bu gününə və gələcəyinə töhfələr verməyə çağırışdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin yaradılması, diaspor  quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Məhz onun təşəbbüsü əsasında 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qürurvericidir ki, bu il dünya azərbaycanlıları mədəniyyət paytaxtımız Şuşada bir araya gəlib Zəfər Qurultayını keçirdilər. Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf edən Azərbaycan qalib ölkə kimi dünyada yeri və rolunu möhkəmləndirir.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini – müstəqil, demokratik Azərbaycanı miras qoyub.  Ömrünü xalqına həsr edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi liderdir. Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı