23 Dekabr 2024

Müstəqil və qüdrətli Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir

Azərbaycan xalqının tarixində və taleyində böyük əhəmiyyət kəsb edən hadisələrdən olan 15 iyun – Milli Qurtuluş Günü müasir tariximizin ən şanlı səhifələrindəndir. Tariximizə qızıl hərflərlə yazılmış bu əlamətdar gün xalqımızın nicatına doğru gedən yolun başlanğıcı olmaqla yanaşı eyni zamanda bu günkü Zəfərimizin başlıca təməlidir. Bu şərəfli tarixin müəllifi isə sözsüz ki, xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevdir.

Bəllidir ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa müddətdən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Mövcud vəziyyət vətəndaş müharibəsi dərəcəsinə qədər yüksələn qarşıdurmaya gətirib çıxararaq, nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəf almışdı.

Belə bir vəziyyətdə isə xalqın qurtuluşu üçün yeganə ümüd və pənah yeri məhz Ulu öndər Heydər Əliyevə bağlı idi. Xalq Heydər Əliyevin ətrafinda sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıdır. Həmin gün sözün həqiqi mənasında ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol məhz həmin hadisə ilə başladı. Həmin il iyunun 15-də isə Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi əsl Qurtuluş missiyasının başlanğıcı oldu.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli lider tək sözdə deyil bütün əməlləri ilə xalqımıza ləyaqətlə xidmətin nümunəsində bütün bunları şərəfli missiyası ilə sübut etdi. Ulu öndər eyni zamanda yenilməz iradəsi, uzaqgörənliyi, qətiyyəti, fədakarlığı, vətənpərvərliyi ilə bütün dünya azərbaycanlılarının liderinə çevrilərək xatirələrdə əbədiləşdi.

Bu günkü müstəqil, qüdrətli Azərbaycan məhz Ulu öndərin başlıca amalı və hədəfi olan və görmək istədiyi güclü Azərbaycandır. Təbii ki, bütün bu nailiyyətlərin əsasında Ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və bu kursu böyük qətiyyət və inamla davam etdirən İlham Əliyev siyasətidir. Məhz bu baxımdan da bu günün fövqündən baxanda qüdrətli Azərbaycanımızın gələcəyi daha işıqlı və xoşbəxt görünür. Bu siyasətin ən böyük uğuru isə 2020-ci ilin sentyabrnda başlayan Vətən müharibəsində qazandığımız tarixi Zəfər zirvəsidir. Bu Zəfərin fonunda isə belə bir həqiqət öz təsdiqini tapdı ki, yalnız və yalnız güclü və müdrik lideri olan dövlət qarşısında dayanan bütün məqsədlərə çata bilər.

Bəli, bu gün fəxrlə söyləyə bilərik ki, müstəqil və qüdrətli Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Və eyni zamanda hər birimiz inanırıq ki, doğma Azərbaycanımız Ulu öndərin ən layiqli davamçısı möhtərəm prezidentimizin yürütdüyü müdrik və qətiyyətli siyasətlə daha böyük zirvələri fəth edəcəkdir.

Tamerlan Qaragözov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı