21 Dekabr 2024

Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycanı zamanın burulğanından xilas edən böyük şəxsiyyətdir

Azərbaycan qədim tarixə malik olan  bir dövlət kimi əsrlərin sınağından daim üzüağ çıxıb. Ən böyük milli sərvət müstəqilllik,öz müqəddəratını həll etməkdən keçirsə belə xoşbəxt xalqlardan biri də məhz Azərbaycan xalqıdır. Dünyada minlərlə xalq olduğu halda onlardan yalnız 200-nün dövlətçiliyə malik olması onu göstərir ki, dövlətçiliyə sahib olmaq, dövlət qurmaq səadətinə nail olmaq o qədər də asan deyil. Bunun üçün demək olar ki, ilk növbədə hər bir halda böyük şəxsiyyətlər yetişdirən xalqlar bu xoşbəxtliyə sahib ola bilirlər. Sonuncu təlatümlü 90-cı illərdə də xalqımız tarixin ən çətin imtahanına çəkilmişdi. Bu dəfə də belə bir böyük şəxsiyyətin varlığı Azərbaycan dövlətçiliyini növbəti dəfə xilas edə bilmişdi. Böyük xilaskar bu dəfə Ümummilli liderimiz Heydər Əliyev idi. Onun zəkası, uzaqgörən siyasəti və polad iradəsi sayəsində Azərbaycan dövlətçiliyi yaşamış oldu. Tarix səhnəsində Azərbaycan dünyaya yenidən günəş kimi doğdu.

3 oktyabr 1993-cü il tarixində Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra həyata keçirilən siyasi kurs dövlətimizin gerçək müstəqilliyini təmin etdi.

 1991-ci ildə AXC-nin varisi olaraq Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşmiş oldu. Vətəndaş müharibəsinin astanasında olan ölkəmiz, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Həmin dövrdə yaranan  ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. Belə bir şəraitdə olan dövlətimiz üçün xaricdən artan təhdid və təhlükələr isə getdikcə artırdı. Bir tərəfdən mənfur düşmənə çevrilən erməni separatçıları , o cümlədən onların həmfikiri Ermənistan Respublikası xalqımıza qarşı  milli etnik təmizləmə siyasəti həyata keçirir, Azərbaycanın ayrılmaz parçası olan Qarabağda, digər sərhədyanı rayonlarımızda silahlı hücumlar təşkil edir, şəhər və kəndlərimizdə soyqırımlar törədir, digər yandan digər bölgələrimizdə də xarici dövlətlərin planlaşdırılan separatçılığın yayılmasına cəhd olunurdu.1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı – ictimai-siyasi sabitlik təmin edildi. Ümumiyyətlə, bu, bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur.

Heydər Əliyev siyasətinin böyüklüyündən bəhs edərkən həmişə Ümummilli liderin hələ Sovet hökumətinin vaxtında milli dirçəlişimiz, müstəqilliyimizin əldə olunması üçün zəmin hazırlanmasından dəfələrlə danışmışıq. Ümumiyyətlə o dövrü , müstəqil Azərbaycan dövründən ayırmaq mümkün deyil. Ümummilli liderin Azərbaycanın müstəqilliyi üçün hələ o vaxtdan sistemli olaraq fəaliyyət göstərdiyinin şahidi oluruq. Bu üçün də məsələyə kompleks yanaşmağımız daha doğru olardı . AXC dövründə yaranan Ədliyyə nazirliyinin Heydər Əliyevin hələ sovetlər dönəmində hakimiyyətə gəlişindən sonra bərpasını da bu fəaliyyətin tərkib hissəsi kimi dəyərləndirmək olar. Sovet hökumətinin yaratdığı totalitar rejiminin mövcudluğu dönəmində Heydər Əliyev məhz Azərbaycan xalqının hüquqlarının qorunmasını qarşıya məqsəd qoymuşdur. Ordu quruculuğu istiqamətində hərbi məktəbin yaradılması bir addım idi. Uzaqgörən siyasətçi Azərbaycan xalqının müstəqilliyi üçün demək olar ki, zəmin yaratmışdır. Bu fəaliyyət sayəsində Azərbaycan xalqı sonralar müstəqil dövlət yaradılmasında layiqincə bəhrələnmişdir.

90-cı illərdə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Yəni Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda çıxışı zamanı bu məqamlara toxunaraq deyib ki, Heydər Əliyevə Azərbaycan xalqının rəğbəti, dəstəyi həmişə çox böyük olmuşdur: “Bunun əsas səbəbi ondan ibarətdir ki, O, Azərbaycana sovet dövründə rəhbərlik edən zaman respublikamızın uğurlu inkişafına təkan vermişdi. O vaxt Azərbaycan sovet məkanında 15 respublikadan fərqlənirdi, çünki Rusiyadan başqa cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi. Azərbaycan ən geridə qalmış yerdən Heydər Əliyevin dövründə, 1980-ci illərin əvvəllərində ən qabaqcıl yerlərə çıxmışdır və insanların rifah halı böyük dərəcədə yaxşılaşmışdır. Digər səbəblər isə ağır günlərdə Heydər Əliyevin cəsarətli addımları ilə bağlıdır. 20 Yanvar faciəsindən sonra O, dərhal sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti rəsmən pislədi, Kommunist Partiyasından çıxdı və Azərbaycan xalqı Onun simasında liderini gördü. Ondan sonrakı dövr Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınması tarixi hadisə idi. Deyə bilərəm ki, bu, müstəqilliyə aparan önəmli addımlardan biri idi”.

Ulu öndər Heydər Əliyev əsrlər boyu Azərbaycan xalqının və dövlətinin xilaskarı kimi yadda alacaq.Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübuta yetirib. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Ümummilli liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı diqqətə çatdırıb ki, bütün dövrlərdə Heydər Əliyev xalqla birlikdə idi: “Məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı Ona müraciət etmişdir. 1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin Sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Çünki o vaxta qədər dünyadakı erməni lobbisi belə bir təsəvvür yaratmışdı ki, guya Azərbaycan təcavüzkar dövlətdir və Azərbaycan Ermənistana qarşı təcavüz edir. Halbuki bizim torpaqlarımız işğal altına düşürdü”.

Möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə Heydər Əliyev ili elan olunub. Artıq il yekunlaşmağa doğru gedir. Ümummilli lider haqqında bu il saysız hesabsız tədbirlər keçirildi, məqalələr dərc olundu, efir üçün verilişlər hazırlandı. Ümman qədər tükənməyən Heydər Əliyev irsi haqqında isə hələ deyiləsi çox sözlər var. Xalq Ümummilli liderinə qarşı tükənməyən sevgisini olduğundan da artıq göstərmiş oldu. Necə ki, Heydər Əliyev bir zamanlar deyirdi ki, nə qədər Azərbaycan xalqı var, mən varam. Azərbaycan xalqı isə həmişə olacaq. Bu dahiyanə söylənmiş bir fikir Ümummilli liderin xalqına bariz nümunə idi. O xalqını sevir və ona inanırdı. Bu inamdan da tükənməyən güc alırdı.Xalqın gücü ilə vəhdət təşkil edən fenomenal şəxsiyyətin fəaliyyəti isə Azərbaycanı güclü dövlətçiliyə aparırdı.

Bu gün ümummilli liderin başlatdığı yolun ən məhsuldar dövrünün şahidiyik. Böyük Azərbaycanlı Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması arzusu gerçəkləşib. Möhtərəm prezidentimiz Heydər Əliyevin uzaqgörən siyasətini layiqincə davam etdirməklə Azərbaycan tarixinin ən parlaq səhifələrini yaradıb. Uzun illərdən sonra erməni faşizminə endirilən dəmir yumuruq artıq məntiqi sonluqla yekunlaşıb. 2016-cı il aprel döyüşləri, 44 günlük vətən müharibəsi xalqımızın iradəsini təmin etmiş oldu, parlaq qələbələr sayəsində torpaqlarımız işğaldan azad olundu. 44 günlük müharibədə əsas qələbəmizlə yanaşı erməni sakinlərimizin təhlükəsizliyi naminə müharibə kapitulyasiya bəyanatı ilə dayandırılmış oldu. Möhtərəm prezidentimiz ermənilərə humanistlik edərək onların silahlı dəstələrinin silahsızlaşdırılması və Qarabağdan çıxarılmasına aman versədə əfsuslar ki, mənfur düşmən bu alicənab humanizmi dəyərləndirə bilmədi. Sentyabrın 19 –da başlanan antiterror əməliyyat nəhayət ki, ermənilərin ağlını başına yığmış oldu. 23 saat ərzində Qarabağda kök salan erməni terrorçuları təslim oldu. Ermənilərin separaçı başçısı Şahramaniyanın qərarı ilə qondarma erməni qurumu özünü buraxdı. Bununlada uzun illərdən bəri davam edən erməni cinayətkarlarının arzuları gözlərində qalmış oldu. Bu gün Azərbaycan torpaqları tam azaddır. İnanırıq ki, Ümummilli liderimizin ruhu indi çox şaddır. Azərbaycanın xoş gələcəyi isə hələ qabaqdadır. Qarabağ qurulur, közü sönən ocaqlara yeni nəfəs gəlir. Yurd yuvasınıdan didərgin düşən soydaşlarımız yeni tikilmiş evlərinə qayıdırlar. Az keçməz ki, Qarabağ dünyanın ən dilbər guşələrindən birinə çevrilər.

Alim Zeynalov – Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi