22 Dekabr 2024

Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 ili tamam olur. Belə ki, 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatında böyük tarixi, ictimai-siyasi hadisəyə çevrildi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Cümhuriyyət Parlamentinin 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun isə xüsusi əhəmiyyətə malikdir. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin xalqımız qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Xüsusi vurğulanmalıdır ik, ötən əsrin 90-cı illərinin əvvəlində yenicə ikinci müstəqilliyinə qovuşmuş Azərbaycan Respublikası AXC-nin aqibətini yaşamaq təhlükəsi ilə üz-üzə dayanan zaman Ulu Öndər Heydər Əliyevin səyi ilə bu ağır, çətin mərhələdə aşıldı. Azərbaycan Ümummilli liderinin siyasi dühası, dəmir iradəsi və dünyamiqyaslı şöhrəti sayəsində Xalq Cümhuriyyətinin taleyni yaşamaqdan, yəni, qısa zamanda müstəqilliyini itirməkdən qurtuldu. Ulu öndər Heydər Əliyev həmin dövrdə kövrək müstəqilliyimizi qorudu və bu günün müasir, güclü, böyük bir regionda lider dövlətə çevrilən Azərbaycanın təməlini qoydu.

“Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”deyən Prezident cənab İlham Əliyevin sayəsində bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil, demokratik, qalib Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi