08 Sentyabr 2024

Murovdağın ən yüksək səngərində həyatını vətən üçün verən əsgərə şəhid adı verilmir

 Vətənin igid oğullarından biri olan cəsur əsgərimiz Hudulov Ramazan İsmayıl oğlu 2013-cü ilin 19 yanvarında Murovdağda vətənə keşik çəkərkən şaxtalı qış günündə aldığı donvurma nəticəsində dünyasını dəyişmişdir.
Ramazan Hudulov 26 avqust 1994-cü ildə Balakən rayonunun Xalatala  kəndində doğulmuşdu. 2012-ci ildə hərbi xidmətə çağırılıb. Təlim keçdikdən sonra Murovdağ istiqamətində düşmənlə üzbəüz postda xidmət çəkməyə göndərilmişdir. Ağır bir qış gecəsi, sərt şaxtalı havada Murovun ən yüksək nöqtəsində xidmət edərkən şaxtadan donmuş, xəstəxanaya çatdırılsa da həyatını qurtarmaq mümkün olmayıb. Doğulduğu kənddə dəfn olunmuşdur. Müdafiə Nazirliyinə müraciət edilsədə əsgərimizə Şəhid adının verilməsindən imtina edilmişdir. Səbəb isə “Əsgər döyüş tapşırığını yerinə yetirərkən həlak olmayıb”.

Görəsən müdafiə nazirliyində Murovdağla cəbhədən uzaq hərbi hissələrdə xidmətin aparılmasının haçansa, fərqinə varacaqlarmı? Əsgər Ramazan Hudulov xidmətini “Bakıda, Şəkidə, Lənkəranda, Gəncədə… və sairdə” keçmiş olsaydı, yəqin ki, don vurmazdı, sağ salamat evinə dönmüş olardı. 

 Axı mərhum əsgərimiz təmas xəttinin ən ağır, ən çətin yerində düşmənlə üzbəüz xidmət edərkən hava şəraitinin ağır olması səbəbindən dünyasını dəyişib! Necə ki, 1915-ci ildə Osmanlı əsgərlərini “Sarıqamış” əməliyyatı nəticəsində donvurmuş və hələdə onlar şəhid olaraq sevgi ilə yad edirlər. Güman edirəm ki, gec də olsa haqq yerini tapacaq, mərhum əsgərimizə Şəhid adı veriləcək. Şəhid əsgərimizə allahdan rəhmət diləyirik.
Ovqat.com