Münbit investisiya mühiti
Prezident İlham Əliyev 23 avqust tarixində Özbəkistanda rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda bildirib ki, bu səfər iki ölkə arasında etibarlı münasibətlərin göstəricisidir.
Müttəfiqlik münasibətləri haqqında müqaviləni iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəd kimi qiymətləndirən dövlətimizin başçısı qeyd edib ki, iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Biz həmişə – istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib.
Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışını etdik.
Cənab Prezident biznes strukturlarının siyasi konyunkturaya çox həssas reaksiya verdiyini, Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunkturanın heç bir yerdə olmadığını vurğulayıb. Bildirib ki, bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana növbəti tarixi səfəri zamanı hər iki dövlət başçısının iştirakı ilə imzalanmış Azərbaycan-Özbəkistan sənədləri – müttəfiqlik münasibətləri, turizm, ekologiya, mədəniyyət, təhsil, sənaye, ticarət və s. sahələri əhatə etməklə mühüm əhəmiyyət kəsb edir.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı