Münasibətlərdə yeni mərhələ
Oktyabrın 10-da Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bir sıra vacib məsələlərə toxunub, həm dost Tacikistanla münasibətlərin inkişafını, həm də MDB çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı ilk olaraq Tacikistan xalqını Prezidentin rəhbərliyi altında əldə olunan uğurlar münasibətilə təbrik edib: “Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam,” – deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan lideri çıxışında Tacikistanla Azərbaycan arasındakı münasibətlərin ardıcıl və etibarlı tərəfdaşlıq ruhunda inkişaf etdiyini xüsusi vurğulayıb: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir,” – deyə dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı seçilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, Laçında baş verən sürətli dirçəlişi MDB liderlərinin də yerində gördüyünü vurğulayıb: “Bu ilin iyununda Laçında ‘MDB-nin mədəniyyət paytaxtı İli’nin açılış mərasimi keçirildi. Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.”
Dövlət başçısı çıxışında, həmçinin, Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu cür tədbirlər dostluğun və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir: “Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə 13 ölkədən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.” Prezident İlham Əliyevin Düşənbədəki çıxışı bir daha göstərdi ki, Azərbaycan MDB məkanında sülhün, əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə daim töhfə verir, dost ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı
