29 Mart 2024

Müharibənin gedişatı dəyişdi – Ukrayna ilhaq bölgəsində İLK ZƏFƏRİ qazandı, Rusiya isə…

Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaq etməsindən 24 saat keçməmiş Ukrayna ordusu bəzi kritik bölgələri işğaldan azad edib.

Musavat.com xəbər verir ki, Donetskdə irəliləyən Ukrayna qüvvələri 5 minə yaxın rus əsgərinin yerləşdiyi Liman şəhərini geri alıb. Rusiya Müdafiə Nazirliyi gündəlik brifinqində Rusiya qoşunları və müttəfiq qüvvələrinin mühasirə təhlükəsi ilə bölgədən çəkildiyini açıqlayıb.

ƏKS-HÜCUM DAVAM EDİR

Dünən cəbhədəki hadisələri ilk olaraq Ukrayna Müdafiə Nazirliyinin Şərq Qoşunları Komandanlığının sözçüsü Sergey Çerevatiy açıqlayıb. O, Ukrayna ordusunun sentyabrın əvvəlində başlatdığı əks-hücumun tam sürətlə davam etdiyini bildirib:

“Bir ay yarım əvvəl rusların nəzarətində olan Donetsk vilayətində strateji Liman şəhəri şənbə günü səhər saatlarından etibarən bizim tərəfimizdən mühasirəyə alınıb. Qoşunlarımız mühasirəni başa çatdırarkən həmin ərazidə Yampol, Novoselovka, Şandriqolovo, Drobişevo və Stavki yaşayış məntəqələri azad edilib. Bir gecədə 80 kvadrat kilometr ərazi yenidən nəzarətimizə keçib. Kəşfiyyat məlumatlarına görə, Liman şəhəri və ətrafında 5000-5500 arası rus əsgəri var. Rus əsgərləri dairəni yarmaq üçün bir neçə dəfə cəhd etsələr də, uğursuz alınıb”.

RUSİYA NÜVƏ SİLAHINI İŞƏ SALA BİLƏR

Rusiya Müdafiə Nazirliyi məğlubiyyəti etiraf edib:

“Mühasirə təhlükəsinə baxmayaraq, Limandakı əsgərlərimiz geri çəkilərək daha uyğun cəbhələrə göndərilir”.

Digər tərəfdən, şəhərin Ukrayna ordusu tərəfindən mühasirəyə alınacağı bir neçə gün əvvəldən bilinsə də, Rusiyanın niyə buradan qüvvələrini çəkmədiyi maraq doğurur.

Hərbi ekspertlər iddia edirdilər ki, yaxın günlərdə Moskva bu mühasirədən ilk taktiki nüvə artilleriya mərmisini Liman şəhərinə atmaq üçün bəhanə kimi istifadə edə bilər.

AES-də NƏLƏR YAŞANIR?

Bu arada Rusiya ilhaq etdiyi Zaporojye bölgəsində 6 reaktoru olan Avropanın ən böyük atom elektrik stansiyasını tamamilə ələ keçirmək üçün əməliyyata başlayıb. Rusiyanın işğalı altında olan AES-də dünənə qədər ikili idarə var idi. Elektrik stansiyasının və ətrafının təhlükəsizliyi rus əsgərlərinin əlində olduğu halda, reaktorların işinə Ukraynanın “Enerqoatom” şirkəti (Ukrayna Milli Nüvə Enerjisi İstehsalat Korporasiyası) cavabdeh idi.

Lakin Atom Elektrik Stansiyasının ukraynalı baş direktoru İqor Muraşov cümə günü axşam saatlarında Enerqodar şəhərində naməlum şəxslər tərəfindən qaçırılıb. Müharibənin ikinci ayında elektrik stansiyasını ələ keçirən Rusiya ukraynalı kadrları tədricən “Rosatom” əməkdaşları ilə əvəzləməyə başlayıb. Zaporojye atom elektrik stansiyası Rusiyanın birtərəfli ilhaqını elan etdiyi ərazidə qalır.

RUSİYA BMT TŞ QƏTNAMƏSİNƏ VETO QOYDU

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya ilhaqını pisləyən qətnamə layihəsi Rusiyanın vetosu ilə rədd edilib. BMT Təhlükəsizlik Şurası ilhaqdan dərhal sonra toplaşıb, ABŞ və Albaniyanın hazırladığı ilhaqı pisləyən qətnamə layihəsi Rusiyanın strateji tərəfdaşı Çin və təhlükəsizlik tərəfdaşlığı olan Hindistan, habelə Braziliya və Qabondan bitərəf qalıb. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiyanın veto hüququ var. Qınama qərarı Rusiyanın veto səsi ilə rədd edilib.

Nigar Cəfərli