18 Aprel 2024

Müharibədən 61 gün sonrakı görüş – Prezident Əliyev nəyi və necə edəcəyini bilir…

Ehtimal etmək olar ki, sabahkı görüşdə tərəfləri narahat edən bütün məsələlər masaya qoyulacaq


Yanvarın 11-də Moskvada müharibənin sonunda üçtərəfli bəyanatı imzalayan tərəflərin (İlham Əliyev, Vladmir Putin və Nikol Paşinyan) görüşəcəyi, nəhayət rəsmən təsdiqləndi. Belə bir görüşün olacağı haqda ilk xəbər Ermənistandan-həm də hazırkı hakimiyyətə müxalif olan düşərgədən gəlmişdi. Ermənistan hakimiyyətinin müharibədən sonra dövlət sirlərini saxlamaq kimi problemi var və demək, opponentləri ən müxtəlif yollarla bu cür məxfi xəbərləri əldə edə bilir. Təsadüfi deyil ki, bu xəbər mediaya sızdırılandan sonra Paşinyan məhz bu görüş üzərindən təzyiq, tənqid və hətta təhdid olunur, hansısa təslimçi sənəd imzalayacağı, hansısa əraziləri “satacağı”iddia edilir. Bu isə o ehtimala əsas verir ki, baş nazirin məxfi sənədlər saxlanılan dəftərxanasınadək nüfuz edə bilənlər hansısa razılaşmanın imzalanacağını ya dəqiq bilirlər, ya da bunu güman edirlər. Paşinyan hakimiyyəti əlbəttə, israrla təslimçi sənəd xəbərlərini təkzib edir. Kreml isə görüşün Rusiya prezidentinin təşəbbüsü ilə olduğunu, danışıqların mövzusu və hər hansı sənəd haqda isə məlumat vermir.

10 noyabar sənədinin üç bəndi, üç məqsədi nə idi?

10 noyabr sənədinin ən ümdə üç məqsədi vardı: müharibənin dayandırılması, sülhməramlıların münaqişə zonasında yerləşdirilməsi və Azərbaycanın işğaldakı üç rayonunun boşaldılması. Prinsipial olaraq hələ ki, bu üç bənddən başqa sənədin tam icra olunduğunu demək olmaz.

İki ölkə, iki millət arasında 32 il davam edən silahlı münaqişəni bir sənədlə həll etmək əlbəttə ki, mümkünsüzdür. O səbəbdən bu cür görüşə ciddi ehtiyac vardı və Rusiya prezidenti Putin imzalanmış sənədin qarant dövləti kimi bunu yaxşı anlayır. Hər iki tərəfdən ciddi insan itkiləri ilə nəticələn müharibənin bitməsindən 61 gün sonra tərəflərin bir masa araxasında görüşməsinə nail olmaq əlbəttə ki, indidən Rusiyanın aktivinə əlavə xal sayıla bilər. Ehtimal etmək olar ki, bu görüşdə tərəfləri narahat edən bütün məsələlər masaya qoyulacaq. Şübhəsiz ki, sülhməramlılarla bağlı bəzi dolaşıqlıqlar, Azərbaycanı narahat edən problemlərə bu görüşdə aydınlıq gətirilməlidir.

Qarabağda ermənilərin məskunlaşmış hissəsində xeyli siyasi yönümlü problemlər (məsələn, Araik Arutyunyan faktoru, ““dqr” ordusu” kimi) var. Bu problemləri yenidən sıralamağa xüsusi ehtiyac yoxdur. Qarabağın az qala hər daşının yerləşdiyi yeri çox dəqiqliklə bilən, müharibəni qələbə ilə başa vuran Ali Baş Komandan İlham Əliyev xalqı narahat edən problemləri gözəl bilir. Təsadüfi deyil ki, cəmiyyətin Qarabağda hansı məsələrdən narahat olduğunun mühüm xüsusatlarını Prezident nazirlərlə son müşavirəsində açıqladı: Qarabağa Ermənistan rəsmilərinin qanunsuz səfərləri və erməni silahlı terrorçuları.

Moskva görüşündə Azərbaycan Prezidentinin əsas olaraq qaldıracağı məsələləri belə ümumiləşdirə bilərik. 1. Ermənistan rəsmilərinin Laçından keçməklə Xankəndinə getmələrinin qarşısının alınması. 2. Erməni və ya Ermənistanın silahlı quldur dəstələrinin Qarabağdan çıxarılması. 3. Kommunikasiyalar mövzusu, sərhədlərin müəyyənləşməsi. 4. Rusiya sülhməramlılarının statusunun konkretləşməsi.



Laçın koridorunda Azərbaycan hərbi polisi olarsa…

Məlumdur ki, Laçın dəhlizi Qarabağ çözümündə yenə həlledici faktor kimi qalır. Prezident məlum müşavirədə dedi ki, sülhməramlı qüvvələrin orada bəlli funksiyası var. Azərbaycan cəmiyyətində “sülhməramlılar ermənilər üçün ev tikir” kimi narazılıqlardan da xəbərdar olan Prezident açıq dedi ki, noyabrın 10-da imzalanmış sənəddə sülhməramlıların belə humanitar fəaliyyəti haqda bənd yoxdur. “Amma biz yenə də imkan veririk. Bu, bizim ürəyimizin nə qədər geniş olmasını göstərir” deyərək, əlavə etdi: “Hesab edirəm ki, noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb”.

Məlumdur ki, İrəvandan Xankəndinə (və ya əksinə) gedən ən qısa yol Laçın dəhlizindən keçir. Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən infoqramaya görə, Laçın koridorundan Şuşanın girişinədək sülməramlıların 6 nəzarət postu qurulub. Azərbaycan hərbi polisinin burada sülhməramlılarla birgə xidmət aparması Ermənistandan qanunsuz səfərlərin qarşısını almağı önləyə bilər.



Ermənilərin “tank abidəsi” Şuşa yolunda…

Yeri gəlmişkən, məlumatlara görə, Şuşa postundan Xankəndi arasındakı 11 kilometrlik məsafədə təkcə sülhməramlılar deyil, həm də erməni hərbi polisi dayanır. Şuşa ilə Xankəndini birləşdirən “Yeddi dolama” deyilən yol Şuşanın inzibati ərazisi sayılır.

Bu günlərdə Şuşanı ziyarət edən mənbə deyib ki, hətta 1992-ci ilin mayında şəhərin işğalında Şuşaya daxil olmaq istəyən 422 №-li düşmən tank hələ də “abidə” kimi orada qalır. Söhbət ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı alan Albert Aqarunovun vurduğu və 3 erməni məhv etdiyi tankdan gedir. Ermənilər sonradan bu tankı Şuşanın Xankəndi istiqamətində “qələbə abidəsi” kimi qoymuşdular…



Kommunikasiyaların açılması, erməni silahlılarının bölgədən çıxarılması…

Kommunikasiyalar mövzusuna gəldikdə, bu, Rusiyanın da iqtisadi maraqları çərçivəsindədir və bu məsələdə Ermənistana təsir etmək, texniki məsələləri tezləşdirmək imkanları var. Qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, sülhün kövrək olduğu bölgədən çıxarılması isə ilk növbədə Ermənistanın özünə lazımdır. Çünki bu cür silahlı dəstələr təkcə Azərbaycan ordusu və Rusiya sülhməramlıları üçün təhlükəli deyil. Bu silahlılar Ermənistanı yenidən münaqişəyə cəlb edə bilərlər ki, bunun nəticəsi həm İrəvan, eləcə də Qarabağ erməniləri üçün çox ağır ola bilər. Bu səbəbdən Paşinyan bu dəstələrə sahiblənmək yox (son olaraq, Ermənistan Xocavənddə həbs edilən terrorçu dəstə üzvlərinin qaytarılmasını istəyib), qanunsuz elan etməlidir.

Əlbəttə, bunlar hamısı ehtimalladır… Azərbaycanın mənafelərini bir addım da güzəştə getməyən Prezident Əliyev yenə də nəyi və necə edəcəyinə bilir…

Nazim SABİROĞLU,
Musavat.com