Mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi

Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzvlərinə, onun İdarə Heyətinə, həmsədrləri xanım Vayra Vike Freyberqaya, cənab İsmayıl Serageldinə Mərkəzin həqiqətən böyük transformasiyasına verdikləri töhfəyə və dünya miqyaslı fəaliyyətinə görə minnətdarıq. Həqiqətən çox fərəhlənirik ki, təxminən 200 ölkənin yekdil qərarı ilə seçildik.
Baxmayaraq ki, faydalı qazıntılarla zənginik, gündəliyimizdə bərpaolunan enerjiyə diqqət yetirilir. Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq. Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji güclərimiz olacaq. Beləliklə, bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq. Bunun sayəsində nəinki neft və qazı, o cümlədən yaşıl enerjini də ixrac edə biləcəyik. Bu rəqəmlər tamamilə realdır. Onlar artıq imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsaslanır. Həmin layihələrin icrasını görürük. Beləliklə, Azərbaycanda COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir.
Bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir. Təkcə enerji sərvətlərinin olması kifayət deyil. Siz gərək qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olasınız ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə biləsiniz.
Bağlantı məsələlərinə gəldikdə, son geosiyasi dəyişikliklərdən irəli gələrək Azərbaycandan keçən yüklərin daşınması həcmi kəskin şəkildə artmışdır. Bunun üçün yaxşı hazırıq, çünki üzərimizə düşən işi artıq icra etmişik. İndi isə, sadəcə, dəniz limanı, dəmiryolu infrastrukturunun buraxılış qabiliyyətini artırmalıyıq ki, son illər ərzində Azərbaycana istiqamətləndirilmiş bütün yükləri qəbul edə bilək. Beləliklə, bölgəmizin Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyəti artır və həmin bölgədə sülhün bərqərar olunması üçün hələ də çalışırıq.
COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı etdik. Biz nəticələrə nail olmalı idik. Burada, şaxələndirilmiş xarici siyasətimiz kömək etdi. Dörd il ərzində 120 ölkəni birləşdirən təşkilatda Qoşulmama Hərəkatında sədrlik etdik və fərqli durumda olan üzv dövlətlərə, o cümlədən COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərməklə onlara fəal dəstək verdik. Eyni zamanda, Avropa tərəfdaşları ilə fəal əlaqədə olaraq Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü salan tərəf kimi öz rolumuzu gördük. COP29 zamanı bir sıra mühüm məsələlər üzərində razılığa gəlmək asan deyildi.
Əsas mərhələlərdən, nailiyyətlərdən biri 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus idi. On ildən artıq idi ki, tərəflər razılığa gələ bilmirdi. Lakin burada konsensus əldə edə bildik və karbon bazarını işlək etdik. Bir sözlə, bu, prosesin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Digər mühüm nailiyyət ondan ibarət idi ki, Bakıda COP29-da bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olduq. Bəli, bilirik ki, bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin, maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Buna görə, Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir.
Əfsuslar olsun ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu. Prezident Tramp onları yalan, saxta xəbər adlandırır və onunla tam razıyam. Bu, Azərbaycanı gözdən salmaq, qaralamaq, şayiələr və müxtəlif dezinformasiya yaymaq kampaniyası idi. Bizi ittiham edirdilər ki, neft və qaz hasil edən ölkəyik. Lakin əvvəl bir sıra ölkələr, o cümlədən Avropada nefti və qazı olan ölkələr var idi. Lakin dırnaqarası media tərəfindən buna məhəl qoyulmaması normal bir hal kimi qəbul olunmuşdur. Azərbaycanın neft hasilatı, məsələn, Kanadanın hasilatından on dəfə azdır. Qlobal qaz emissiyalarında payımız cəmi 0,1 faizdir. Biz isə qlobal qaz emissiyalarına ən böyük töhfə verənləri bilirik. Amma bununla belə, dövri əsaslarla bəzən gün ərzində ondan artıq məqalə Azərbaycanın bir neft dövləti kimi təsvir edilməsinə yönəlirdi. Yəni deyirdilər, bir ölkə kimi qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq deyilik. Bütün bunlar bir neçə mərkəzdən, əslində, ikisindən qaynaqlanırdı. Onlardan biri – ABŞ-ın Dövlət Departamenti idi. “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, “Newsveek” və “Assoşieyted Press” kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər.
İkinci mənbə isə Fransa prezidentinin ofisi, cənab Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı idi. Bir sözlə, bu, COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi. Bunun da müxtəlif səbəbləri ola bilər. Lakin onlardan biri ondan ibarətdir ki, onlar öz iradəsini yeridə bilmədilər. Onlar suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər. Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman “bəli, cənab” deməyən ölkə var. Əfsuslar olsun ki, Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdi. COP29-da iştirak etmiş dünya liderlərindən etibarlı informasiyamız var və onlar bu haqda məlumat verdilər. Hətta gəlməyən rəhbərlər mesaj göndərdilər ki, şəxsən Fransa prezidenti COP29-a qarşı kampaniya aparırdı. Bu, elə bir siyasətdir ki, heç bir kəsə başucalığı gətirmir. Buna baxmayaraq, böyük tərkibdə iştirak oldu. Qeydiyyata alınmış 77 min iştirakçı oldu. Onların sırasında 197 ölkədən təmsilçilər, 70 dövlət və hökumət başçısı var idi. COP29-u boykot edən yeganə ölkə Ermənistan idi.
Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarabalığa çevrilib. İndi isə onları yenidən tikirik. Hər bir şey yerlə-yeksan olunubdur və bu, kəndlərimizə, şəhərlərimizə qarşı bilərəkdən urbisid idi, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən zərbə idi. 65 məscid dağıdılıb və nəinki azərbaycanlıların, o cümlədən bütün dünya müsəlmanlarının hisslərini təhqir etmək üçün orada donuz və mal saxlayıblar. Bunu yaddan çıxarmayacağıq.
613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq. Lakin, eyni zamanda, gələcəyə nəzər salmalıyıq. Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bəndlərin əksər hissəsi razılaşdırılıbdır.
BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı. Burada mühüm meyara gəlib çıxırıq ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz. Bu gün bunu görürük. Görürük ki, Avropa, Avropa İttifaqı güclü hərbi potensial qurmaq üçün bu gün öz siyasətini necə dəyişməyə çalışır. Görürük ki, digər ölkələr öz resurslarını hərbi potensialına və infrastrukturunun qurulmasına yönəldir. Bunu ən azı 20 ilə etdik, 2005-ci ildən etibarən etdik və ərazimizi azad edən, separatçılığa, separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bu gün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir. Eyni zamanda, əlbəttə, artıq qeyd etdiyim kimi, yaddaşımız yaxşıdır. Hamımız xatırlayırıq ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın cari hökuməti özünü necə aparırdı. Hamımız “Qarabağ Ermənistandır” söyləyən Ermənistan rəhbərinin bəyanatlarını xatırlayırıq. Bu, Xankəndidə deyilmişdir. Hamımız işğal olunmuş Şuşa şəhərində onun davranışını xatırlayırıq.
Bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar. Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində ermənilər şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu. Yüzdən artıq vətəndaşımızı həmin raketlərə, ixracı qadağan olunmuş “İsgəndər M” raketinə görə itirdik. Hələ də suala cavab almamışıq: Ermənistan ordusu “İsgəndər M” raketini necə əldə edib? Çünki Rusiyada bu raketin ixracı yasaqdır. İnanmayanlar isə, buradan cəmi 5-10 dəqiqəlik yoldur, getsinlər Hərbi Qənimətlər Parkına və Şuşada tapdığımız “İsgəndər M” raketini görsünlər. Onu artıq 2021-ci ilin yazında tapdıq, çünki o, qarın altında qalmışdı. Şuşanı azad etdiyimiz zaman o, şəhərə atılmışdı.
Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi və bir çox digər şəhərlər dövri olaraq Ermənistanın atəşinə tutulurdu. Biz isə bunu etmədik. Ermənistan ordusuna, işğalçı Ermənistanın ordusuna qarşı mübarizə aparırdıq. Onlar isə mülki şəxslərlə mübarizə aparırdı. Fərq bundadır. Bu, Birinci Qarabağ müharibəsində də eyni idi. Onlar bir növ bufer zonası yaratmışdılar. Belə adlandırırdılar. Əslində isə bu, işğal olunmuş ərazilər idi. Onlar yüz minlərlə azərbaycanlını qovdular və etnik təmizləmə apardılar. Bunu heç vaxt yaddan çıxarmayacağıq. Sizə bir məsələni də deyə bilərəm ki, Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Beləliklə, onların hər hansı bir sözünə inanmırıq.
Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır. Çünki onlar elə insan deyillər ki, inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk Qrupu buraxılsın. Bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk Qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin Qrupunun buraxılması üçün ümumi müraciətdə siz niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması bu, nəyi göstərir?
Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür.
Birincisi, bunu kim yoxlaya bilər? İkincisi, siz onlara 10 milyon verirsiniz və sonra isə digər 10 milyon planlaşdırılır. Beləliklə, Ermənistana silah almaq üçün pula qənaət imkanı yaranır. Nəinki Fransa onlara məhvedici silahlar göndərir. Onda onlar bunu niyə edir? Onlar nəyə hazırlaşır? Əgər sülh istəyirlərsə, buna ehtiyac yoxdur. Dəfələrlə bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq. Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir. Prezident Trampın qələbəsinə qədər bu, Dövlət Departamenti, USAID idi. Məhz indi ciddi problemlərlə üzləşən Menendes kimi rüşvətxor Amerika siyasətçiləri idi. Menendes siyahıda hələ sonuncu deyil. Necə deyərlər, bir qaranquşla bahar olmur. Xeyli digərləri var ki, erməni pulunu ciblərinə qoyurlar. Onların adını çəkə bilərəm, adları məlumdur: cənab Adam Şif, cənab Frenk Pallone, xanım Nensi Pelosi və bir çox digərləri var. Onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar. Beləliklə, Prezident Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik. Bu, asan deyil. Lakin edilməlidir. Həmçinin, USAID-in Azərbaycanda qeyri-qanuni fəaliyyəti ilə bağlı Amerikanın orqanları ilə məlumat mübadiləsinə hazırıq. Onlar insanlara necə rüşvət verirdilər?! Onlar qeyri-qanuni maliyyə kanallarından necə istifadə edirdilər?! Onlar Azərbaycanın qanunlarını və normalarını necə pozurdular?! İndi məsuliyyətli olmaq vaxtı yetişib. Əlimizdə olan bütün informasiyanı təqdim etməyə hazırıq.
Antoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Birmənalı olaraq, Forumda yeni geosiyasi vəziyyət müzakirə olunacaqdır. Siz, yəqin, şərhlərimdən təsəvvür edirsiniz ki, hazırda Amerikada nə baş verirsə, ona çox böyük maraq göstəririk. Nəyə görə? Səbəb çox sadədir. Çünki cənab Antoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Hər zaman ABŞ-ın çox etibarlı, yaxın tərəfdaşı olmuşuq. Onlara lazım olanda onlarla idik. Onlara İraqda lazım olanda, qoşunla onlarla idik. Onlara Əfqanıstanda lazım olanda, 2001-ci ildə Əfqanıstanda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələrindən idik və oradan sonuncu çıxdıq. Lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər. Xatırlayıram ki, bu, Azərbaycanda böyük məyusluq yaratdı. Onların bəzi nümayəndələrinə söylədim ki, sizə necə inana bilərik? Biz sizə lazım olanda sanksiyanı dayandırırsınız. Biz sizə artıq lazım olmayanda, sanksiyanı yenidən tətbiq edirsiniz. Onda uzunmüddətli münasibətləri sizinlə necə qura bilərik? Beləliklə, çox maraqla baxırıq. Birincisi, ona görə ki, Azərbaycanda Dövlət Departamentinin bütün səylərinə baxmayaraq, ABŞ-Azərbaycan münasibətlərini uçurumdan tam xilas etdik. İkincisi, ümid edirik ki, yeni Administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığımızı yenidən quracağıq.
Jalə Mehdiyeva
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı