04 Dekabr 2024

Mübariz Tağıyev: “Heykəlləri güllələməklə guya Azərbaycan mədəniyyətini sındıra biləcəkdilər?”

Məlum olduğu kimi yanvarın 15-də Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti – Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarılıb.

Məsələ ilə bağlı Xalq artisti Mübariz Tağıyev Musavat.com-a danışaraq, öz rəyini bildirib:

“Bir neçə gün öncə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. İşğal olunmazdan əvvəl də Şuşa Azərbaycanın konservatoriyası, mədəniyyət beşiyi idi. Təsəvvür edin, Şuşa Azərbaycan mədəniyyətinə nə qədər böyük şəxsiyyətlər verib.

“Güllələnmiş heykəllər”in də öz doğma yerlərinə qaytarılması çox sevindirici haldır. Vaxt, zaman hər şeyi öz məcrasına geri qaytarır. 30 ildən sonra yaşadığımız bu sevincin həddi-hüdudu yoxdur. Xeyli vaxt keçib, yenə də hamımız bu sevinci yaşayırıq…

Xatırlayırsınızsa həmin heykəllər müvəqqəti olaraq muzeyin həyətində qoyulmuşdu. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə heykəllərin önündə “Ulu torpaq” klipini çəkdirmişdim. İndi isə heykəllər artıq öz yerindədir, hansı ki, belə də olmalıydı. Bu da bir tarixi hadisədir.

Hələ də anlaya bilmirəm, heykələ güllə atmaq nə deməkdir? Bu, insanlıqdan uzaq, vandallıqdır. İndi guya heykəllərə güllə atmaqla Azərbaycan mədəniyyətini sındırmağa çalışırdılar? Özləri də anlayırlar ki, bu mümkün deyil. Ermənilər ömür boyu Azərbaycan musiqisini, mədəniyyətini oğurlayıb, öz adlarına çıxmağa çalışıblar. İrəvanda yaşayanlar bunu yaxşı bilir, Sovet dövründə İrəvanda radioda 1 saat Azərbaycan musiqisi verilirdi. Həmin zaman bütün evlərdən, açıq pəncərələrdən Azərbaycan musiqisi səslənirdi. Hamısı bizim musiqini dinləyir, öyrənirdi. Bəs indi nə oldu ki, xadimlərimizin heykəllərinə güllə atdılar?!”.

Mübariz Tağıyev Şuşada digər mədəniyyət xadimlərimizin də heykəllərinin qoyulmasını təklif edib:
“İstərdim ki, Şuşada digər mədəniyyətimizi dünyaya tanıdan sənət adamlarımızın da heykəlləri ucaldılsın. Məsələn, Fərhad Bədlbəylinin və sairə. Heykəllər nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Qoy dünya bilsin ki, Şuşa nə qədər gözəl şəxsiyyətlər yetişdirib”.

Xalidə Gəray
Musavat.com