22 Noyabr 2024

Müasirliyi ilə göz oxşayan Qəbələ: Həm də zəngin mədəni irsimizin bir parçasıdır

Müasirliyi ilə göz oxşayan Qəbələ ölkəmizin ən qədim şəhərlərindəndir. V əsrə qədər indiki Azərbaycanın cöğrafiyasını tamamilə əhatə eləmiş Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Ardınca da paytaxt estafetini Bərdə şəhərinə ötürmüşdür.

Media1.az xəbər verir ki, Qəbələnin fərqli xüsusiyyətlərindən biri də məhz, burada Qafqaz Albaniyasına xas qədim etniklərin yaşamasıdır. Etnik Udinlərin öz adət ənənələrini yaşatmaqla ölkəmizin multikultiral dəyərlərinə gözəllik qatmasıdır.

Rayon ərazisində yüzlərlə tarixi-etnoqrafik, maddi-mədəniyyət abidələri mövcudluğu bu rayonun qədim və tarixiliyinin bariz nümunəsidir.Nic qəsəbəsində Cotari kilsəsi,  Böyük Əmili kəndində eramızdan əvvəl I minilliyə aid olan daş kurqan, Soltannuxa kəndinin cənubunda, Kilsə dağında IV əsrə aid Alban kilsəsi (məbəd), Nic qəsəbəsində antik dövrə aid Nekrapol, Yengicə kəndinin cənubunda IV-XIV əsrlərə aid Qızlar qalası, çay boğazında X-XII əsrlərə aid Surxay qalası, Həzrə kəndində XIV-XV əsrlərə aid türbələr kompleksi, Dızaxlı kəndinin şimali – qərbində yerləşən, VII əsrə aid Komurad məqbərəsi, Qəbələ şəhərindəki Büdxana qalıqları, XVIII əsrə aid 8 güşəli Məscid, XIX-XX əsrlərin başlanğıcında inşa edilmiş Cümə məscidi,”Udi Ocağı”muzeyi(Nic kəndi) İ.B.Qutqaşınlının XIX əsrə aid ev-muzeyi və məzar üstü abidəsi və sair tarixi abidələr rayonun ,,tarixi inciləri” olub, bu yerlərə gələnlərin diqqətini cəlb etməyə bilmir.

Müxtəlif qoruq və yasaqlıqların mövcudluğu, təmiz ekoloji mühit, müasirliklə qədimliyin vəhdəti, milli-multikultural mədəniyyət və ənənələrin qarşılaşması bu zonaya axışan turistlərin marağına səbəb olur.

Rayon sakinlərinin qonaqpərvərliyi, xalqımıza xas olan mehribançılığı da ən çox sevilən xüsusiyyətlərindəndir.Əsasən kəndlərdə uşaq, böyük demədən camaatın bir-birinə və gəlmələrə qarşı salamlaşmağı xoş əhvali-ruhiyyənin yaranmasına səbəb olur. Hansı ki, milli,dini və mənəvi dəyərlərimizin gözəl ənənələri hesab olunan salamlaşmaq xalqımızın ən gözəl xüsusiyyətlərindəndir.Əfsuslar olsun ki, indiki dövrdə müasir dünyanın yeni tələbləri fonunda insanların bir-birinə qarşı soyumasını, fərdiləşməyinin şahidi oluruq. Amma , Qəbələdə qədimdən gələn ənənələr bu gün də yaşadılır. Bu da heç şübhəsiz ki, buranın insanlarının qəlbindəki təmizlik və saflıqdan irəli gəlir.

Diqqəti cəlb edən Nic kəndindəki 17-ci əsrə məxsus ev-park-muzeyi “Udi Ocağı” oldu. Muzey 2017-ci ildə azərbaycanlı memar Şahvələd Məmmədov tərəfindən təsis edilmişdir. Udi xalqının ənənələrini, tarixini, məişətini özündə əks etdirən muzey olduqca maraqlıdır. Ev-muzey bir neçə yataq otağından, dini ayinlərin icra edildiyi otaqdan, qədimi xalılarla bəzədilmiş geniş mansarddan ibarətdir. Daxilini isə  müxtəlif məişət və bəzək əşyaları, fotoşəkillər, kitablar, dərzi qadın və bərbər kimi eksponatlar bəzəyir. Həyətyani sahədə udilərin həyat şəraitini əks etdirən xış, kotan, qədimi saxsı qablar mövcuddur.

Onu da qeyd edək ki, Nic kəndinin əhalisinin 50%-ni məhz udilər təşkil edir. Udilər həmçinin Oğuz şəhərində, Rusiya, Gürcüstan, Qazaxıstan və.s ölkələrdə məskən salmışlar. Udilər Qafqaz Albaniyasının əsasını qoymuş 26 Alban tayfalarından biridir.Udilər xristian dininə etiqad edir və özünəməxsus udi dilində danışırlar. Udilərdə erkən nikah dəbdir və əsasən özlərindən alıb, özlərinə verərlər.

Azərbaycanlılar və udilər əsrlərdir ki, mehriban münasibətlər çərçivəsində bir-birilərinin din, adət-ənənələrinə, mədəniyyətinə hörmət edərək, bir-birinə mənəvi dəstək göstərərək birgə yaşayırlar.

Udilər və onlar kimi bir çox azsaylı xalqların ölkəmizdə məskunlaşması və rahat şəkildə yaşamaları Azərbaycanın tolerant, multikultural ölkə olmasını dünyaya göstərir. Bizim bir çox xalqlardan, xüsusilə monoetnik dövlətə çevrilmiş mənfur erməni qonşularımızdan da fərqimiz, məhz budur.

Əsmər Bayram qızı