22 Dekabr 2024

Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli tövhələrini verir

Ümummilli lider Heydər Əliyev “ 8 Mart – Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar bir fikir bildirmişdir. “Bu bayram doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.”

Təqvimin ən əlamətdar günlərindən biri olan 8 Mart – Beynəlxalq Qadınlar Günü hər il dünyanın müxtəlif dövlətlərində və respublikamızda təntənəli şəkildə qeyd olunur. Əvvəllər yalnız qadınlar günü kimi tanınan bu bayram BMT tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar günü  olaraq qeyd edilir.

Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli tövhələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Azərbaycanın dahi oğlu, Ümummilli lider Heydər Əliyev qadınların bu xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara daim böyük diqqət yetirirdi. Ulu Öndərimiz deyirdi: “Qadınlar belə bir əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar.”

8 Mart həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş, Vətən müharibəsində yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində həlak olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.

Təkcə bayram günu yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar! Sizi həmişə zərif görmək istəyirik. Qadın adını, ana adını və şərəfli nənə adını daşımağı hər bir azərbaycanlı xanıma arzu edirəm. Çünki siz buna və bundan da yüksək, ali mənsəbə, hörmətə və məhəbbətə layiqsiniz. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar – bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri