21 Noyabr 2024

Moskva və ABŞ Laçın yolunda mövqeyini “birləşdirdi” – ATƏT-də gərgin müzakirələr

Ukrayna müharibəsinə düşmən olanlar erməni məsələsində bir çətir altıdandır; polkovnik: “Onlara yerlərini göstərmək və oyun qaydalarına əmək etməyə məcbur etməyimiz lazımdır”

Bir neçə gün əvvəl Ermənistan və Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycanı ittiham edən bəyanat qəbul etmək üçün uğursuz cəhdindən sonra İrəvanın təşəbbüsü ilə ATƏT-in Daimi Şurasında Laçın-Xankəndi yolunda vəziyyət müzakirə olunub. Bu, şuranın aksiya başlayandan bəri bu mövzuda keçirdiyi ikinci müzakirədir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan orada iştirak etmək üçün Vyanaya gedib. Azərbaycan ATƏT-də daimi nümayəndəsinin iştirakı ilə məhdudlaşıb. Mirzoyan çıxışında “Qarabağ sakinlərinin üzləşdiyi blokada və humanitar fəlakətdən” danışıb.

“Laçın dəhlizinin blokadaya alınmasının geosiyasi oyunlarla əlaqəli olduğunu” bildirən Mirzoyan bu məsələnin arxasında əslində Moskvanın dayandığına eyham vurub: “Siyasi oyunlara, bəlkə də geosiyasi mülahizələrə görə insanların yavaş-yavaş acından ölməsinə tamaşa edə bilmərik. İndi hərəkətə keçməyin vaxtı çatıb”, – Ermənistan XİN rəhbəri bildirib. Nazir Zəngəzur dəhlizi məsələsinə də toxunub. Və bu bəyanatda da açıq şəkildə Rusiyaya işarə vurub. Onun sözlərinə görə, Ermənistan öz ərazisindən “heç kimə” dəhliz vermək niyyətində deyil: “Biz Ermənistan ərazisində hər hansı ekstraterritorial dəhlizi istisna edirik. Biz heç kimə dəhliz verməyəcəyik”. Xatırladaq ki, daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, Rusiya Zəngəzur dəhlizinin açılması, eləcə də ölkənin Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulması üçün İrəvana təzyiq göstərir. Onun sözlərinə görə, bu təzyiqin alətlərindən biri də Laçın yolunun bağlanmasıdır. Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıxbəyli erməni tərəfinin iddialarının heç bir əsası olmadığını bildirib. Onun sözlərinə görə, bu, Ermənistanın açıq-aşkar çirkin siyasi məqsədlər üçün faktlarla ehtiyatsız manipulyasiyasının növbəti təzahüründən başqa bir şey deyil. “Yerli sakinlərin istifadəsi üçün malların tədarükü və əsas tibbi xidmətlərin göstərilməsi üçün heç bir maneə yoxdur. Buna baxmayaraq, Azərbaycan hökuməti son həftələr ərzində bir neçə dəfə erməni əsilli vətəndaşlarımızın istənilən humanitar problemini yerlərdə həll etməyə hazır olduğunu bəyan edib”, – Sadıxbəyli bildirib. ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter çıxışında Ermənistan xarici işlər nazirinin dediklərini təsdiqləyib. Onun sözlərinə görə, Laçın yolunun “bağlanması” Qarabağda “kəskin ərzaq və dərman qıtlığına” səbəb olub. Səfir Karpenter Azərbaycan və Rusiyanı “yolda maneəsiz tranziti dərhal bərpa etməyə” çağırıb. Eyni zamanda ABŞ nümayəndəsi Azərbaycan və Ermənistanı hərtərəfli sülhə nail olmağa çağırıb və Vaşinqtonun bunun üçün “hər cür dəstəyi verməyə hazır olduğunu” bəyan edib. “Biz bu münaqişənin hərtərəfli və davamlı həllinə nail olmaq üçün Avropa İttifaqı kimi tərəfdaşlar və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli və çoxtərəfli əsasda Bakı və İrəvanla işləməyə davam edəcəyik”, – amerikalı diplomat bildirib. Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç də “Laçın-Xankəndi yolunda yaranmış vəziyyətə görə regionda humanitar vəziyyətin pisləşdiyini” bəyan edib və bunun Moskvada “ciddi narahatlıq doğurduğunu” vurğulayıb. Onun sözlərinə görə, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində qalmalıdır. “Moskva Azərbaycan və Ermənistan tərəfdaşlarını xoşməramlılıq nümayiş etdirməyə və böhranın mümkün qədər tez həll edilməsi üçün birgə qarşılıqlı məqbul kompromislər axtarmağa çağırır”, – o deyib. Lakin Ermənistan xarici işlər nazirinin sözlərini birmənalı şəkildə təsdiqləyən ABŞ təmsilçisindən fərqli olaraq, Rusiya nümayəndəsi vəziyyətin səbəbini göstərərək bunun Qarabağdakı yataqların istismarı ilə bağlı mübahisələrlə əlaqədar olduğunu bildirib. “Biz azərbaycanlı və erməni tərəfdaşlarımızı Laçın dəhlizi ətrafında yaranmış vəziyyəti mümkün qədər tez həll etmək, filiz yataqlarının işlənməsi parametrlərini razılaşdırmaq və neftin tədarükü ilə bağlı problemləri həll etmək üçün xoşməramlılıq nümayiş etdirməyə və birgə məqbul kompromislər axtarmağa çağırırıq”, – deyə Lukaşeviç ATƏT Daimi Şurasının xüsusi iclasında bildirib. Beləliklə, ATƏT-də aparılan müzakirələr bir daha təsdiq edir: Ermənistan beynəlxalq ictimaiyyətə çatdırır ki, Laçın yolunda yaranmış vəziyyətin arxasında Rusiya Federasiyası dayanır və Rusiya isə məsələnin həlli üçün əlindən gələni etdiyini nümayiş etdirməyə çalışır. Bununla yanaşı, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin hər gün artdığını görən Moskva “yolun dərhal açılması” çağırışlarına qoşulur…

Situasiya nə vəd edir?

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan siyasi-hərbi rəhbərliyi son vaxtlar xeyli aktivləşib: “Başda Nikol Paşinyan olmaqla, onlar o qədər bəyanatlar verirlər ki, bəzən dünən dediklərini bu gün artıq təkzib edirlər, ya hadisələri reallıqdan uzaq şərh edirlər. Ötən həftələrdə Nikol Paşinyan mətbuata verdiyi açıqlamasında sülh müqaviləsini yadına salıb demişdi ki, o, Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır. Və şərti də bu olmuşdu ki, həmin müqavilə rəsmi Moskvanın təşəbbüsləri nəzərə alınmaqla hazırlansın. Görəndə ki, Azərbaycan bu hərzənin və boşboğazın növbəti qeyri-ciddi bəyanatına reaksiya vermir, bir gün əvvəl “val”ı deyişib, bu dəfə Brüssel görüşlərindəki guya şərtlərlə sülh müqaviləsindən dəm vurub. Paşinyanın ardınca xarici işlər naziri Mirzoyan da hansısa Qarabağ sakinlərinin üzləşdiyi “blokada”dan danışır. Bunlar heç özləri nə danışdıqlarının fərqində deyillər. Təki beynəlxalq aləmə tirajlamağa çalışdıqları yalanları bol eləsinlər”. Ü.Cəfərov təəssüflə qeyd etdi ki, beynəlxalq birlik bir sıra hallarda erməni saxtakarlığına istinadən fəaliyyət göstərir: “Hələ ki bunların erməni hiyləsi həm BMT, həm də ATƏT məkanlarında nəticə olmasa da, ”işləməkdə” davam edir. Özləri də yaxşı bilirlər ki, Laçın yolu açıqdır və bu müddət ərzində 500-dən çox avtomobil oradan ərzaq və yanacaq aparıb gətirib. Heç bir humanitar fəlakətdən və problemdən söhbət belə gedə bilməz. Siyasi hoqqabazlıqları bunları o qədər həvəsə gətirib ki, yalanlarını danışmaqdan yorulmurlar. Dəfələrlə deyilməsinə baxmayaraq, bunlar guya bölgədə iqtisadi məqsədlər üçün bir çox ölkələrin maraqlarına cavab verən Zəngəzur dəhlizinə imkan verməyəcəklərini yenə bəyan ediblər. Ancaq bilir və başa düşürlər ki, bu dəhliz açılmalıdır və açılacaq, Ermənistan bunu istəsə də, istəməsə də. Hələ ki Ararat Mirzoyan da, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bəzi bleflərini davam etdirirlər. Arada da Laçın yolundan danışmaqla rəngləri tündləşdirməkdə də davam edirlər”. Polkovnik qeyd etdi ki, Azərbaycan hələ ki onların yalanlarını ifşa edə bilir: “Amma düşünürəm ki, biz bir qədər taktikanı dəyişməli və şərtlərimizi sərtləşdirməliyik. 44 günlük Zəfər savaşından sonra səsi çıxmayan Ermənistan və havadarları son vaxtlar sanki qudurublar. Onlara yerlərini göstərmək və oyun qaydalarına əmək etməyə məcbur etməyimiz lazımdır. ABŞ da ermənilərin yalanlarını təkrarlayır. Bu isə dünyanın ən böyük ölkəsi üçün utancverici hal olmalıdır. Bir sözlə, yaxın günlərdə öz siyasətimizi bu istiqamətdə sərtləşdirməsək, bizim özümüzə qarşı çox xoşagəlməz təzyiqlər və böhtanlar daha da çoxalacaq”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı

Siyasi şərhçi, Azad Vətən Partiyasının sədri Akif Nağı bəzi qüvvələrin erməni saxtakarlıqları üzərindən siyasət yürütdüklərini təəssüflə vurğuladı: “Azərbaycan dəfələrlə Laçin yolunun bağlanmadığına, magistralın hərəkət üçün sərbəst olduğuna, aksiya iştirakçılarının beynəlxalq normalara, özəl haqlarına uyğun olaraq, göstərilən ərazilərdə ermənilərin mədənləri qanunsuz istismar etmələri, ekoloji cinayətlər törətdiklərinə qarşı mövqe nümayiş etdirdiklərinə dair açıqlamalar verib. Hesab edirəm ki, biz bu xəttə axıra qədər əməl etməli, ermənilərin bütün cəhdlərini neytrallaşdırmalıyıq. Ermənistan da vəziyyəti öz xeyrinə dəyişdirməyə çalışır. Bunun üçün lobbiçilik fəaliyyətindən geniş şəkildə istifadə edir. Qeyd etdiyiniz kimi, məsələ ATƏT-də müzakirə olundu, ABŞ və Rusiya təxminən eyni mövqedən çıxış etdi, eyni zamanda Avropa Parlamenti ermənipərəst qətnamə qəbul etdi, ABŞ dövlət katibi Blinken də ermənilərə sərf edən açıqlama verdi. Bütün bunlar bizim üçün tanışdı, 30 il ərzində bu mövqenin şahidi olmuş, ağrılarını yaşamış, sonda şəhidlətimizin qanı bahasına nəticəmizə nail olmuşuq”. A.Nağı əlavə etdi ki, indi vəziyyət fərqlidir, biz üstün mövqedəyik: “Bu mövqeyimizi saxlamaq üçün hər şeyi etməli, dinc aksiyaları davam etdirməliyik. Bizə qarşı qəbul edilən qətnamələri zibil qabına atmalı, açıqlamalara heç bir fikir verməməliyik. Bu aksiyalar istismar olunan mədənlərə nəzarət əldə olunana, Laçın yolunda postlarımız qurulana qədər davam etməlidir. Dinc aksiyalar kifayət etməsə, hərbi əməliyyatların üçüncü mərhələsinə başlamalıyıq”.

Təəccüblü həm də budur ki, Ukrayna məsələsində toqquşan Rusiya və ABŞ-ın, həmçinin Avropanın ayrı-ayrı dairələrinin erməni məsələsində mövqeləri üst-üstə düşmür və bu, çox əcaibdir. Düzdür, Qarabağın işğalda olduğu dönəmdə bunu dəfələrlə müşahidə etmişik. ABŞ, Rusiya və Fransa Azərbaycan ərazilərinin işğaldan azad edilməsini özündə ehtiva edən BMT TŞ-nin 4 qətnaməsinə səs versələr də, sonrakı dönəmlərdə BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünə bitərəf qaldılar, həmçinin Qarabağ separatçılarına osetin, abxaz separatçılarından fərqli münasibiət sərgilədilər. Ukrayna müharibəsindən sonra isə ABŞ Rusiyanı “terrorçu dövlət” kimi təqdim etsə də, erməni məsələsində onunla həmfikirdir. Faktiki olaraq erməni məsələsində “bir çətir altına” toplaşıblar. AVP sədri bu xəttin illərdir davam etdirildiyini vurğuladı: “Əlbəttə, diqqəti çəkən odur. Əvvəlki 30 ildə də qeyd edilirdi ki, ABŞ və Rusiya yalnız Qarabağ məsələsində eyni mövqedən, yəni Ermənistanın mövqeyindən çıxış edirlər. İndi həmin proses davam edir. Moskva və Vaşinqton Ukrayna və digər məsələlərdə düşmən, yalnız Azərbaycan-Ermənistan məsələsində həmrəy mövqedən çıxış edir. Bu, onların həqiqi xislətini göstərir”.

Elşad PAŞASOY