23 Dekabr 2024

Moskva Ermənistan müxalifətini MƏYUS ETDİ

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, 44 günlük müharibədən sonra Ermənistan cəmiyyətində qatı anti-Rusiya ovqatı formalaşdı.

Bunu Milli.Az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, Rusiya meyilli qüvvələr əhalinin dəstəyini qazanmaq üçün öz kurslarında kardinal dəyişiklik etdilər:

“Xatırlayırsızsa, müharibə bitdikdən sonra İrəvan küçələrinə toplaşan ermənilər Rusiyanı və onun rəhbərliyini kəskin formada təhqir hədəfinə çevirmişdi. Bütün bunlar isə onunla əlaqədar idi ki, Rusiya ənənəvi müttəfiqini müharibədə tək qoydu və ya Ermənistanın rüsvayçı məğlubiyyəti ilə nəticələnən müharibəyə Moskvadan seyirçi mövqedən yanaşıldı. Belə olan təqdirdə, hakimiyyətə gəlmək istəyən siyasi qüvvələrin kütlə mövqeyindən çıxış etməkdən başqa çarələri qalmır. Hətta Rusiya meyilli qüvvələr belə əhalinin dəstəyini qazanmaq üçün öz kurslarında kardinal dəyişiklik etmək məcburiyyətində qaldılar.

Məsələnin başqa bir tərəfi də var. Rusiya dövləti regionda formalaşmaqda olan yeni geosiyasi dinamikanın davam etməsində maraqlıdır. 11 yanvar Moskva görüşünün nəticələri də bunu təsdiq edir. Moskva 10 noyabr bəyanatının maneəsiz şəkildə icra edilməsi üçün Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsini istəmir. Belə olan halda Ermənistan müxalifətinin Rusiyadan gözləntiləri suya düşmüş olur. Ona görə də radikal siyasi qüvvələr artıq Qərbə doğru reveranslar etməyə çalışırlar”.