Möhkəm təmələ dayanan dosluq münasibəti
Son illər ərzində Azərbaycanın dünyada nüfuzunun artması, mövqeyinin güclənməsi respublikamızın münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələri daha da inkişaf etmiş və genişlənmişdir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək verir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır.
Azərbaycan və Pakistan arasındakı əlaqələr tarixi köklərə, ortaq dini dəyərlərə və qardaşlıq münasibətlərinə əsaslanır. Bu əlaqələr siyasi, iqtisadi, hərbi və geosiyasi sahələrdə müxtəlif formatlarda özünü göstərir. İki ölkənin strateji mövqeyi və regional təsiri onların qarşılıqlı əlaqələrinin daha da inkişaf etməsinə zəmin yaradır. Azərbaycanın müstəqilliyinin ilk günlərindən etibarən Pakistanın dəstəyi və bugünkü əməkdaşlıq platformaları bu əlaqələrin nə qədər dərin və möhkəm olduğunu göstərir. Azərbaycan və Pakistan bütün sahələrdə olduğu kimi, humanitar sahədə əməkdaşlığa da böyük önəm verir. Azərbaycan Hökuməti Pakistanda fövqəladə halların yaratdığı fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə indiyə qədər 9 milyon dollardan çox yardım edib. İki ölkə arasında humanitar sahədə əməkdaşlıqda, heç şübhəsiz, Heydər Əliyev Fondu böyük rol oynayır. Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihə həyata keçirilib.
Prezident İlham Əliyevin dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər ikitərəfli əlaqələrin möhkəmlənməsinə, strateji tərəfdaşlığın genişlənməsinə və inkişafına ciddi təsir edəcək.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini