23 Dekabr 2024

MİNALANMIŞ TORPAĞI BELƏ AL QIRMIZI LALƏLƏRƏ BÜRÜNÜB BUGÜN AĞDAMIN

20 noyabr 2020-ci ci il…İllər sonra Ağdamla açılan ilk səhərimiz oldu. Cənab Ali Baş Komandanımız xalqımıza illərdir gözlədiyi bu sevincli xəbəri verdi. Göz yaşları ilə izlədik bu xəbəri. 27 illik həsrətin göz yaşları idi bu yaşlar. Bütün Azərbaycan bu sevinci yaşadı. Qarabağın gözü olan Ağdam artıq azad idi.

İllər öncə öz yurdundan didərgin düşən Ağdamlılar isə fərqli yaşadı bu sevinc hissini. Gözümüzün önündən illərdir çəkdiyimiz o ağrı-acılı,həsrət dolu günlər gəlib keçdi. Yaddaşımızdan silinməyəcək o gün, əslində izah edə bilməcəyimiz bir xoşbəxtlik yaşadıq.

27 ili çox qısaca deyim sizə …

27 ildir Ağdamlılar məcburi köçkün kimi respublikamızın müxtəlif rayon və şəhərlərində məskunlaşmışdır. Biz də illər öncə yurdumuzdan ayrı düşüb, məcburi köçkün kimi , müvəqqəti olaraq Bərdə rayonunda məskunlaşdıq. Bərdə bizi doğma qucağını açdı və evsiz-eşiksiz , yurdsuz-yuvasız qaldığımızı unutdurmağa çalışdı. Məğrur Bərdəmiz bizə ev oldu, yurd-yuva oldu, isti ocaq oldu.

Necə deyərlər:

Qarabağ varlığım, həyatımdır bil,Ağdam bir gözümdür, Bərdə bir gözüm…

Bu illər ərzində üzümüz gülsə də, gözümüzün yaşı daşı daş üstə qalmayan evimiz üçün ağladı.

Yaşadıq , amma unudulmayan torpaq həsrəti ilə yaşadıq. Vətəndə Vətənsiz qalmaq dedikləri bu idi deyəsən. Hər zaman tükənməyən ümidlə yaşadı Ağdamlılar. Bax bugünün ümidi ilə.

Bəli… İllərdir gözü yaşlı izlədik Ağdamın görüntülərini. Həsrətini çəkdik daşı daş üstdə qalmayan , damsız Ağdamımızın. Amma heç vaxt ümidimizi itirmədik. Bir gün Ağdamdan yenə Ağdamlıların nəfəsinin, səsinin gələcəyinə inanırdıq. Ağdam artıq azaddır!

Ağdam var… amma şəhər yerlə yeksan … kənd yox…ev yox…qəbirstanlıq yox…ağac yox…ocaq yox…İllərdir ocagı sönmüşdü Ağdamın…Azad Ağdamımızın görüntülərə baxdıqca, hər birimizin fikrindən əslində bir sual keçir: görəsən bu mənfur düşmən Ağdamdan nəyin acığını çıxıb? Yerlə yeksan etdiyi bu şəhərdən, talan etdiyi bu kəndlərdən , Natəvanın qəbrindən, İmarətdəki məzarlardan, Şəhidlər xiyabanından nə istəyib ? Hələ “Qarağacı” qəbirstanlığından danışmıram. O məzarların hər birini qazılmış, dağıdılmış vəziyyətdə görmək bizə bir daha düşmənin namərd olduğunu göstərir.

Necə ki, bizillərlə torpaq həsrəti çəkdik, eləcə də doğma Ağdam da bizim həsrətimizi çəkdi. İndi övladına qovuşan ana qədər sevinir torpağımız.

Ağdamın işğaldan azad olunmasından bir neçə gün sonra dəyərli sənətkarımız, xalq artisti Mənsum İbrahimov “Qarabağ” muğam qrupunun üzvləri – əməkdar artistlər Elçin Həşimov , Elnur Əhmədov ilə işğaldan azad edilmiş Ağdam şəhərinə səfər etdilər. 27 ildən sonra doğma Ağdamımızda “Qarabağ şikəstəsi” səsləndi. İllərdir dinlədiyim ifa bir başqa cür səsləndi sanki…Sevinc, həyəcan, həsrət dolu qarışıq hisslər keçirərək Mənsum İbrahimovun ifasını dinlədim ekran önündən…Sənətkar oxuduqca Ağdamın sevincini hiss etdim. Ağdamdan Ağdamlının avazı gəlirdi. Bu ifa ekran qarşından belə mənə çox böyük sevinc hissi yaşatdı. “Qarabağın şikəstəsi” ifa olunarkən hər daş , hər qaya parçasının, hər bir qarış torpağın sevincini görə bildim .

Cənab Prezidentimizin vurğuladığı kimi : Ağdam üçün yeni dövr başlayır. Yenə cənnət olacaq Ağdamımız. Bundan sonra biz gənclərin üzərinə daha çox vəzifə düşür. Bu sınaqdan da üzü ağ çıxacağımıza inanıram.

Yenidən həyat canlanacaq, bir daha “Ruhlar şəhəri” deməyəcəklər adına. Bugün Azərbaycan gəncləri cənab Prezidentimizin ətrafında sıx birləşir. Biz , inanırıq ki, Qarabağın yenidən qurulmasında Azərbaycan gənclərinin rolu böyük olacaq.Ağdam həsrətimizə son qoyan, bizi doğma torpağımıza qovuşduran cənab Ali Baş Komandamız başda olmaqla, Müzəffər Ordumuza minnətdarıq.Var olun!Azərbaycanımıza CAN deyib, öz canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə acil şəfa diləyirik.Ruhunuz şad olsun Ağdamın bugünlərini görməyən Ağdamlılar!

Bəli bu yaz bir başqa yaz oldu… Minalanmış torpağı belə al qırmızı lalələrə bürünüb bugün Ağdamın. Dili olsa nələr danışardı doğma torpağım…Danışır bəlkə də… Övladlarını bir-bir bağrına basdıqca , 27 ildir başına gələnlərdən danışır…Əziz Ağdam, bizim də sənə deyiləsi çox sözümüz var. Bağışlayarsanmı bizi? Düşmən sənə dağ çəkəndə, sənə uzaqdan baxan övladlarını bağışlayarsanmı? Yaralarımıza məlhəm olan Ağdamımız, yaralarına məlhəm olmağa gəlirik….. Biz gəlirik… Evimizə gəlirik.

İndi dərindən bir nəfəs alıb, doğma torpağımıza “gözün aydın” deyə bilərik…Gözün aydın, AĞDAM!

Nəsirli Fidan Elbrus qızı,Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi.