16 Aprel 2024

Milli Xalça Muzeyinin 55 illik yubileyi keçirilib – Fotolar

Noyabrın 17-də dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi münasibətilə tədbir təşkil edilib.

Musavat.com-un xəbərinə görə, Milli Xalça Muzeyində keçirilən tədbirdə qurumun direktoru Şirin Məlikova çıxış edib. O,  Azərbaycan Milli Xalça Muzeyinin yaranma tarixindən söz açıb, yeni eksponatlar barədə məlumat verib:

“Bu tədbir Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salındığı, həmçinin görkəmli alim, xalçaçı-rəssam, Xalça Muzeyinin banisi Lətif Kərimovun anadan olduğu tarixdə keçirilir.

“Pasha Holding”in maliyyə dəstəyi ilə əldə olunmuş Qarabağa aid bədii tikmə nümunəsi kompozisiyasının quruluşu, rəng ahəngdarlığı və s. cəhətdən Azərbaycan tikmələrini fərqləndirən bütün əsas xüsusiyyətləri özündə əks etdirir. XVI əsrə aid bu cür kompozisiyalı tikmələr Səfəvi saray emalatxanalarında hazırlanır və dövrün yüksək dəyərli dekorativ-tətbiqi sənət əsəri sayılırdı. XVII–XVIII əsrlərdə bu tikmələrə olan böyük tələbatı nəzərə alaraq, Bərdə, Naxçıvan, Şamaxı kimi bir çox şəhərlərin emalatxanalarında onlardan bəhrələnməklə yeni nümunələr yaradılıb”.

Şirin Məlikova qeyd edib ki, muzey öz hesabına mina və basmaqəlib texnikasında Təbrizdə hazırlanmış qızıl sırğaları “Bonhams” hərrac evindən alıb:

“Öz dövründə çox məşhur olan, ayrı-ayrı müstəqil elementlərdən ibarət çoxhissəli bu növ sırğaları varlı, dəbli xanımların taxaraq, baş örtüyündən nümayişkaranə çıxarardılar. Qadınlar yeridikcə sırğanın asmalarının zərif cingiltili səsi eşidilərdi.  Qədim inanca görə isə bu səs şər qüvvələri onlardan uzaqlaşdırardı.

Azərbaycan Milli Xalça Muzeyi ötən illər ərzində milli irs nümunələrinin qorunub-saxlanılması və təbliği ilə yanaşı, kolleksiyalarının zənginləşdirilməsi işində də böyük nailiyyətlərə imza atıb. Təqdim olunan nadir sənət nümunələri muzeyin 2022-ci ildə bu istiqamətdə fəaliyyətini uğurla davam etdirdiyini göstərir”.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva da çıxış edərək, bildirib ki,  xalçaçılıq sənəti Azərbaycan xalqının yaradıcılıq irsinin ən parlaq nümunələri, ən qiymətli maddi-mədəni sərvətidir:

“Azərbaycan xalça sənəti özündə xalqın estetik dünyagörüşünü, bədii istedadını əks etdirir. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaları bu gün də elm kimi öyrənilir, tədqiq olunur və sorağı dünyanın ən məşhur muzeylərindən gəlir. Ölkəmizdə xalça sənətinin inkişaf etdirilməsi və qurunmasına dövlət tərəfindən xüsusi diqqət göstərilir”.

Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyini təbrik edərək, bildirib:
“Xalçaçılıq sənəti çox önəmli bir sənətdir. Çünki bu sənətdə bizim tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, zövqümüz, düşüncəmiz və fikrimiz var. Bu mənada xalçaçılıq sənətinin inkişafı hamımız üçün çox önəmli bir məsələdir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və “Pasha Holding”in şöbə müdiri Nazim Səfərov da çıxış edərək, xalçaçıları təbrik edib.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzeyin digər əməkdaşları Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif olunub. Həmçinin lotereya keçirilərək qaliblərə muzey tərəfindən xalça mükafatı və digər müxtəlif hədiyyələr verilib.

Sonda muzeyin kolleksiyasına yeni daxil olan eksponatların – XVIII əsrin əvvəlinə aid bədii tikmə və XIX əsrin ikinci yarısına aid iki cüt sırğanın təqdimatı olub.

Xalidə Gəray