Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi.
Ulu öndər hər zaman milli ideologiyanı və azərbaycançlıq məfkurəsini hər şeydən üstün tutmuşdur. Məhz 44 günlük Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək düşmənə çökdürücü zərbə vurmaları Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təzahürünün bir təntənəsi idi.
Bu gün müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyev ideyaları ilə yaşayır və bu ideyalar ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.Qazanılan bütün bu son uğurlar bir daha onu təsdiqləyir ki, Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək, inkişaf etmiş ölkələr sırasında nüfuzunu qoruyacaq.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi