27 Sentyabr 2023

Milli mətbuatımızın inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri var

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ali nümunəsi olaraq Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “ Heydər Əliyev ili” elan olunması Azərbaycan xalqı tərəfindən sevinclə qarşılanıb. Qədirbilən xalqımız Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə həsr olunmuş konfranslar, idman yarışları, mədəni tədbirlər keçirməklə dahi şəxsiyyətə sevgi və ehtiram nümayiş etdirmiş olurlar.  “Heydər Əliyev İli” çərçivəsində keçirilən hər bir tədbir əbədiyaşar Öndərimizin siyasi fəaliyyətinin hər bir mərhələsinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdə milli mətbuatın əsası XIX əsrdə Həsənbəy Zərdabinin naşiri olduğu “Əkinçi” qəzeti ilə qoyulib. Ondan sonra mətbuatın keçdiyi yol heç də asan və hamar olmayıb. Mətbuatın çöxəsrlik fəaliyyətindən danışarkən müxtəlif dövrlərə bölməklə bir neçə mərhələni qeyd etmək olar. Çar Rusiyası dövründə əsası qoulan milli mətbuatımız həmin vaxtlar  bır sıra çətinliklərlə üzləşməli olurdu. Hətta ilk milli mətbua nümunəsi hesab olunan “ Əkinçi” qəzetinin çapı bir müddətdən sonra dayandırılmış oldu. Mətbuat milli məfkurənin formalaşması, milli şüurun inkişafına təkan verməsin deyə Rusiya siyasi dairələri bundan qorxuya düşür, xalqın maariflənməsinə nə yolla olursa olsun mane olmağa çalışırdılar. Çar Rusiyasından sonra mətbuatın yeni dövrü SSRİ dövrünə düşməsi də həmin çətinliklərin davam etməsi oldu. Yenə də Moskvadan mətbuata nəzarət olunur, qadağalar hökm sürürdü. Belə bir şəraitdə Azərbaycan mətbuatının bəxt ulduza parlamış oldu. Umummilli lider Heydər Əliyevin hakimiyyətin yüksək pilləsinə qalxması ilə milli mətbuatın həyatında yeni dövrün əsası qoyuldu.

Ulu Öndərin Azərbaycana birinci dəfə Sovetlər dövründə hakimiyyətə gəlişi xalqımızın həyatında böyük hadisə yaratmış oldu.1969-1982-ci illərdə Heydər Əliyevin hakimiyyətə rəhbərlik etdiyi dövrdə milli ruhun və milli özünüdərkin dirçəliş dövrü tarixə düşmüş oldu. Həmin dövrdə mətbuatın cəmiyyətə təsir imkanları artmış oldu. Mətbuatın nüfuzu olduqca artmış oldu. Buna da səbəb mətbuatda tənqidi yazıların geniş yer alması, hüquq mühafizə orqanlarının dərhal hərəkətə keçməsi, təcili təxirəsalınmaz tədbirlərin görülməs idi. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi bu sahənin inlişafına təkan oldu. Dahi şəxsiyyət mətbuatın, informasiyanın insanların vahid məqsədə yönəldilməsindəki səfərbəredici rolunu hamıdan yaxşı görürdü. Buna görə də mətbuata və jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı.

Böyük şəxsiyyət  Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi 70-80-ci illərdə mətbuata qayğı əhəmiyyətli dərəcədə artdı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu Öndərin prinsipial və qətiyyətli mövqeyinə istinad edən respublika mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi. Cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi. Ulu öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində cəmiyyətin bu və digər nöqsanlarını açıq qeyd edirdi. Məsələn, 1981-ci ildə «Literaturnaya qazeta»da dərc olunmuş məşhur «Qoy, ədalət zəfər çalsın!» sərlövhəli müsahibəsində ulu öndər Heydər Əliyev sovet cəmiyyətinin nöqsanlarını, qlobal problemlərini açıb göstərmişdi.

Ümumilikdə, müəyyən ideoloji çərçivələrə, standartlara baxmayaraq sovet hakimiyyəti dövründə mətbuat nəzəriyyəsi inkişaf etdi, jurnalistika müstəqil elm sahəsi kimi dərindən öyrənilməyə başlandı, o zamankı Azərbaycan Dövlət Universitetinin nəzdində jurnalistika fakültəsi yarandı. Həmin dövrdə jurnalistikada yeni janrlar, yeni inkişaf təmayülləri formalaşdı. Etiraf etməliyik ki, milli mətbuatımızın inkişafında böyük xidmətləri olan, təcrübələrini bu gün də gənc nəsillə bölüşən orta və yaşlı nəsil jurnalistlər məhz sovet illərində yetişiblər.

Nəhayət, jurnalistikamızın inkişafında əsas mərhələ ötən əsrin 90-cı illərinin əvvəllərinə – Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə təsadüf edir. Etiraf etməliyik ki, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər. Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı iqtidar çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci ildə hərbi senzuranın tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ümummilli lider Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Ümummilli Liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Bu müddəanın Konstitusiyaya daxil edilməsi Azərbaycanın demokratik inkişaf kursu ilə yanaşı, respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlirdi.

Ulu öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvidir. Senzuranın mövcudluğu şəraitində medianın müstəqilliyindən danışmaq, əlbəttə ki, mümkün deyildi. Belə bir şəraitdə ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərman kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım oldu. Həmin fərmanla 1966-cı il 27 oktyabr tarixində yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Bu qətiyyətli addım 1875-ci ildə «Əkinçi» qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması demək idi.

Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş  10 iyun 1997-ci il tarixli «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında», 3 aprel 1998-ci il tarixli «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında», 19 iyun 1998-ci il tarixli «Məlumat azadlığı haqqında», 7 dekabr 1999-cu il tarixli «Kütləvi İnformasiya Vasitələri haqqında»  və digər qanunlar mətbuatın azad və müstəqil fəaliyyətinin təmin edilməsi sahəsində yaxşı imkanlar açdı.

Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan mətbuatının yubileylərinin keçirilməsi kimi mütərəqqi ənənənin əsası da məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hələ 2000-ci ildə Ulu Öndərin müvafiq Sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının 125 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdi. Ulu Öndər həmin tədbirdə dərin məzmunlu geniş nitq söyləyərək mətbuatımızın qarşısında duran vəzifələrdən söz açmışdı.

2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını qat-qat asanlaşdırdı, bu sahədəki bürokratik əngəlləri tamamilə aradan qaldırdı. Azərbaycanda mətbu nəşrlərin qeydiyyatı ilə bağlı icazə sistemi aradan qalxıb və inkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır. Qeydiyyat sahəsində əngəllərin aradan qalxması söz azadlığı qarşısında baryerlərin əsaslı şəkildə aradan qalxmasını təmin etdi. Ulu öndər Heydər Əliyev Azərbaycan mətbuatının azadlığının və müstəqilliyinin hüquqi-mənəvi təminatçısı olmaqla yanaşı, onun maddi-texniki bazasının möhkəmlənməsi qayğısına da qalırdı.

Tam əminliklə  deyə bilərik ki,  ulu öndər Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir. Media İnkişaf Agentliyinin yaradılması ilə mətbuatımız bir daha dövlət qayğısına alınmışdır. Vaxtaşırı qrant müsabiqələri elan olunmaqla mediya subyektlərinə verilən əvəzsiz yardımlar bunun bariz nümunəsidir.

İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan sayt, qəzet və jurnalların sayı durmadan artır. İndi Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir.

Nəriman İsmayılov-Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, Kiçik ədliyyə müşaviri