“Milli Məclis sədrinin saatını mən düzəldirəm” – Saatsaz Ağabala elə şeylər danışdı ki… MÜSAHİBƏ
Montində, “saatlı bina”nın tunelə baxan tərəfində, zamanın dayandığı balaca emalatxana…
Divar və qol saatları əhatə olunmuş səliqəli otaq. O emalatxana ki, otağın yarısını tutan pəncərənin yanındakı masanın üstünə başdan-başa saatlar düzülüb.
Vaxt getmir burda. Çünki saatlar təmirə gətirilib…
“Əsas odur ki, sənəti sevəsən. Mən sevirəm peşəmi. Buna görə də belə bir çətinliyim yoxdur. Bax, görürsən bunu. Mexanizmdir. Söküb-yığmaq problemdir. Mənim üçün problem deyil e, sizin üçün problemdir”.
Bu sözləri Lent.az-a 40 ildən çoxdur həyatın “zamanı ilə oynayan” saatsaz Ağabala Vahidov deyir.
Düzünü desəm, 20 ildir ki, Ağabala dayını izləyirəm. Hər gün bu emalatxananın qarşısından keçəndə onun necə səbirlə işlədiyinə, müştərilərə davranışına heyran qalırdım. İnanmarsız, bəzən saat təmiri adı ilə emalatxanasına daxil olub, söhbət də edərdim.
Və həmişə məni bir sual düşündürürdü: Ağabala dayı heç bezmir?
Ağabala dayı sənətinə olan sevgisindən danışır mənə:
“25 ildir bu yerdə işləyirəm. Amma saat təmiri ilə 40 ildi məşğulam. Ta, 17 yaşımdan… Hər kəsin bir cür hobbisi var, mənim də diqqətimi bu sahə çəkib. Uşaqlıqda saatsaz dükanının qarşısından keçəndə dayanıb baxırdım. Bu sənətə marağım o vaxtdan yarandı.
İki il 12 saylı texniki peşə məktəbində oxudum. Məktəbi bitirəndən sonra 6 ay usta yanında tələbəlik etdim. Ustam yəhudi idi. İndi isə 63 yaşım var, ömrümün çox hissəsi “zamanı düzəltməklə” keçib. Sonra da başladıq vaxtı tutmağa… (Gülür)”.
O deyir ki, vaxt düzgün göstərməsi üçün saata qulluq lazımdır:
“Mənim ailə üzvlərim incəsənəti sevən olublar. Düzdü, atamı uşaqlıqda itirmişəm, amma deyilənə görə, yaxşı rəssam olub. Mənim belə xırda işlərə əvvəldən həvəsim vardı. Bu sənətdir.
Elə sənətdir ki, səbrin olmasa, qoy əlindəkiləri çıx bayra…
Bakının müxtəlif yerlərindən, kəndlərindən, rayonlardan gəlirlər saat düzəltdirməyə. Qaradağ rayonunda, Şəmkirdə, Qubada da müştərilərim var. Adımız məşhurlaşıb artıq. Daha çox gənclər müraciət edir. Onlar müasir saatlar, köhnə adamlar isə köhnə saatları gətirir.
İri divar saatlarını, bir də görürsən, pis gündə gətirirlər. Saatı gətirəndə heç olmasa tozunu silərlər. Saata qulluq lazımdır. Düzdü, əziyyət çəkirik, ancaq çulumuzu bir təhər sudan çıxarırıq”.
Ağabala dayı sənətdə sevgi və səbr olarsa çətinliklərin də öhdəsindən gəlməyin mümkün olduğunu vurğulayır:
“Sənət başqa bir aləmdir. Əsas odur ki, sənəti sevəsən. Mən sevirəm peşəmi. Buna görə də belə bir çətinliyim yoxdur. Bir də bu çox diqqət tələb edən sahədir, sadəcə işə ürəklə bağlanmalısan. O zaman bütün məsələlər asanlıqla həll olunacaq”.
Usta yavaş-yavaş saatsazların azaldığından şikayətlənir:
“Bu peşəni kiməsə öyrətməyə vaxt yoxdur. Ancaq oğluma öyrətmişəm. 50 cür saat gəlir. Onun hərəsinin üstündə işləmək vaxt aparır. Tələbə də duracaq başının üstündə sual verəcək, onda da iş batdı.
Bunun məktəbi olsa, başqa məsələ… Müəllimlər vardı, onlar da hamısı rəhmətə getdi. Sabah məktəb açılsa, kim dərs keçəcək bilinmir.
– Müəllim kimi dərs keçmək istəyərsiz?
– Yox e, yox. Bilirsiz, insan yaşa dolduqca həvəs qalmır. Hər xırda şey insana təsir edir. Gedəcəksən 30 uşaq. Hərəsi bir xasiyyətdə…Sənətdir, sənəti gərək ki, sevəsən. Sevmədinsə, o səni yeyəcək.
O qədər olub ki, gəlib özəl saat sifariş ediblər. Amma ona da vaxt yoxdur. Bax, doludur. Gör nə qədərdir. Bu saatları düzəltsəm, “n” qədər puldu. Yer, göy hamısı işdi. (Gülür)
– Ən qədimi saatınız hansıdır?
– Bu. (Əliylə göstərir) 200 yaşı var. Düzəltməyim üçün gətirmişdilər. Düzəltdim, gərək çağırım gəlib, aparsınlar.
200 yaşlı saat.
Elə bu zaman içəri müştəri daxil olur:
– Salam, bu saatım yerə düşdü. Ondan sonra saniyə göstərən əqrəbi işləmədi.
Ağababa bəy, saata diqqətlə baxır. Problemin nə olduğunu anlamağa çalışır.
– İşləyir də. Bu düyməsini basın.
– Yox e, işləmir. Bilirəm onu. İşləyir, bir müddət sonra dayanır.
– Hə, dayandı elə. Problemi var da, gərək qalsın.
– Nə ola bilər, ağsaqqal?
– Üstdən heç nə bilinmir. Gərək söküb, içinə baxım. Bir az ağır saatdır.
– Pulu da ağırdır? (Gülür. Hiss olunur ki, müştəri Ağababa müəllimin daimi müştərisidir.)
– Yox ee, iş pulda deyil. Əsas keyfiyyətdir.
Ağababa müəllimlə müştərinin gülüş səsləri bir-birinə qarışır.
Müştərini gülərüzlə yola saldıqdan sonra Ağababa müəllim bizə üz tutur:
– Tutuzdur gəlsin e, görək daha nə sualın var.
Ağabala dayıdan təmir qiymətinin nədən asılı olduğunu soruşuruq:
“Bahalı saatların baha, ucuz saatlarınsa qiyməti ucuz olur. Çox vaxt qiyməti razılıq əsasında müəyyən edirik. Allah bərəkət versin, çətindir, amma dolanırıq, pis deyil. Əməyi qiymətləndirən də, qiymətləndirməyən də var. Çox vaxt təmir qiymətini olduğundan aşağı endirməyə çalışırlar. Bununla ustanın zəhmətini öldürürlər”.
Elə söhbətimizə davam edirdik ki, daha bir müştəri içəri daxil olur:
– Salam, ay əmi. Neylədin?
– Nəyi? Hə, hə yadıma düşdü. Qalıb hələ.
– Onda mən gedirəm, bir azdan gələcəm.
Söhbətə davam edirik…
“Bax, görürsən bunu. Mexanizmdir. Söküb-yığmaq problemdir. Mənim üçün problem deyil e, sizin üçün problemdir. (Gülür)
Məkanın sahibi, həm də saat ustası Rəşid Əliyev söhbətə qoşulur:
“Ağababanın Almaniyadan tutmuş, Moskva, İsrail, Vaşinqton, Amerikadan hər yerdən müştəriləri var. Mən 42 ildir ki, bax, bu balaca məkanda işləyirəm. SSRİ vaxtı 12 nömrəli Texniki Peşə məktəbi vardı. Oranı bitirmişəm. Birinci mən, iki il sonra Ağababa.
Ağababa ilə əvvəldən tanışam. Bir sex vardı, orda çoxlu ustalar işləyirdi. Ağababa ilə mən də həmin ustalardan biri idik. Sovet dağıldı, ustalar çıxdı getdi. Bizim kimi peşə məktəbini bitirən tək-tük saatsaz qalıb.
Ağababa bütün dünyada məşhurdur. Tək Montində “saatsaz” deyəndə Usta Həci (Ağababa) ağıla gəlir”.
Rəşad bəyin sözlərinə görə, Ağabala müəllimin müştəriləri sıravi vətəndaşlardan tutmuş, tanınmışlara qədərdir…
Ağabala Vahidov davam edir:
“Deputatların, müğənnilərin, nazirlik əməkdaşlarının saatlarının düzəltmişəm. Milli Məclisin sədri Sahibə Qafarovanın evində bir saatı var. Ona mən baxıram. Xarab olanda gəlib aparırlar, düzəldirəm.
Bir neçə gün öncə 20 min dollarlıq saat gətirdilər, düzəltdim. “Tak şto”, biz böyük adamlarla oturub-dururuq. (Gülür)
Hollandiyadan bir xanımın qızıl, antik saatları var idi. Nə isə xarab olmuşdu. Aparıb orda saatsaza. Saatsaz xanıma düzəldə bilməyəcəyini deyib.
Həmin xanım Bakıya gələcəyini deyəndə ona “Bakıda Usta Hacı Ağababa var. Saatı ona göstərin” demişdilər. Müsahibə almaq üçün neçə jurnalist gəlmişdi. Hamısına “atkaz” elədim. Sizi görəndə “yox” deyə bilmədim”.
“Bir azdan gələcəm” deyən müştəri yenidən içəri daxil olur:
– Dayı, gəldim mən. İş nə yerdədir? Ən ucuzlu saatımdı, ha, bu.
– Ən bahalası nə qədərdir? (Gülürlər)”.
Ağabala dayının fikrincə, indi telefonda izləyirlər vaxtı.
“Saatın yerini telefon verə bilməz. Qolda saat olmalıdır. Adamlar saatlarının qədrini bildikləri qədər vaxtlarının da dəyərini anlamalıdır. Çünki vaxt tez ötüb keçir. Saatlarsa, həmişəki kimi öz yerindədir”.
Bu da belə… Ağabala dayının dediyi kimi…
Saatlarının qədrini bildikləri qədər vaxtlarının da dəyərini anlamalıdır insanlar.