22 Dekabr 2024

Meyxana məclislərindəki davalar: “Sakit deyəndə ləzzət etmir”

“Tərbiyəli meyxana deyəndə diqqətlə qulaq asmırlar, dəstək vermirlər, pul xərcləmirlər”

Meyxananın təməlində cəmiyyətdə baş verən nöqsanları satirik və yumoristik üslubda xalqa çatdırmaq durur. Əliağa Vahid, Əlislam, Mirpaşa, Əhməd Anatollu, Ağasəlim Çıldağ, Nizami Rəmzi, Ağamirzə meyxananın yaşaması, itməməsi üçün çalışıblar. “Bizim Cəbiş müəllim”, “Fransız”, “Yuxu”, “Qəzəlxan” və digər filmlərdə də meyxana sənətinə yer verilib.

Həmçinin meyxana məclislərində davalar da baş verir. Onlardan biri bugünlərdə yaşanıb. Belə ki, meyxanaçıların mübahisəsi əlbəyaxa davaya çevrilib. Rüfət Dahi və Balaəli Maştağalının deyişməsində B.Maştağalı təhqiramiz ifadə işlədib. Bundan sonra R.Dahi əsəbləşib. Onlar arasındakı söz savaşı daha da böyüyüb, tərəflər arasında gərginlik yaranıb və dava düşüb. Məclisdə çəkilən görüntülər sosial mediada yayılıb. Bu isə növbəti dəfə bir sıra suallar yaradıb. Meyxana sənətində təhqiramiz ifadələr niyə işlənir? Söz bazası kasaddır, ya bu, diqqət çəkmək üçündür?

Ağamirzə sığınacaqda qalan azərbaycanlı müğənninin qardaşına dəstək oldu -  VİDEO

Meyxanaçı Ağamirzə

Meyxanaçı Ağamirzə “Yeni Müsavat”a bildirdi ki, meyxanada bir-birini təhqir edib, əlbəyaxa davaya çıxmaq nadir hallarda rast gəlinən durumdur: “Səhv ediblər, gərək belə olmayaydı. Belə hallar hərdənbir, nadir hallarda baş verir. Gəncləri başa salırıq. Söhbət edəcəyik. Camaat da bir az böyüdür. Söhbət edəndə də elə bilirlər dava edən var, başlarına yığışırlar. Elə bilirlər, bir-birini döyəcəklər. Belə olduqda söhbət böyüyür”.

Meyxanaçı Samirə Yusifqızının oğlu hovuzda yıxılıb ağır xəsarət alıb - VİDEO

Meyxanaçı Samirə 

Meyxanaçı Samirə mövzunu şərh edərkən qeyd etdi ki, mübahisələr əsasən kişi məclislərində baş verir: “Meyxanada bir-birinə məzəli formada ”ilişmək” normal qəbul olunur, təhqir isə yolverilməzdir. Ailəyə toxunmamaq şərtilə yüngülvari məzəli sözlər işlətmək olar. Həm də bədahətən deyilən sözlərdir, durumdan asılıdır. Hazırda yerli filmlərdə belə açıq-saçıqlıq var, adi hal kimi qəbul olunur.  Bir məsələ var ki, meyxananı sakit deyəndə heç kimə ləzzət etmir. Həmişə deyirlər ki, qızışın, coşun. Tərbiyəli meyxana deyəndə diqqətlə qulaq asmırlar, dəstək vermirlər, pul xərcləmirlər. Amma bu, kişi məclislərinə aiddir. Efirdə də olub, müğənnilər dalaşıblar, təhqiramiz sözlər işlədiblər. Bu hallarla demək olar ki, hər gün qarşılaşırıq”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”