22 Dekabr 2024

Məskunlaşmadan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci dərəcəli vəzifə olmalıdır

Azərbaycan Prezidenti cənab İlham Əliyev martın 28-də Məsim Məmmədovun Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin edilməsi ilə əlaqədar onu qəbul edib. Görüşdə ölkə başçısı bu rayonun gələcək inkişafi, işğaldan azad edildikdən sonra burada görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələrdən danışib, yeni təyin olunan nümayəndəyə müvafiq tapşırıqlar verib.

Görüşdə qeyd edilib ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir və bu rayonun çox böyük potensialı vardır. 28 illik işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilib, Laçın rayonunda olan meşə fondunun böyük hissəsi ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti apararaq xaricdə yaşamış erməniləri həm Laçın şəhərinə, həm bir neçə kənddə məskunlaşdırıblar. Bu da öz növbəsində bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Xüsusi olaraq vurğulanıb ki, Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir. 90-cı illərin əvvəlində AXC-Müsavat cütlüyünün hakimiyyət uğrunda cəhdləri nəticəsində müdafiəsiz qalan rayon ermənilər tərəfindən işğal edildi və rayonun əhalisi döğma yurdlarından didərgin düşərək ölkənin müxtəlif rayonlarında məcburu köçkün həyatı yaşamağa məcbur oldular.

Laçının tam şəkildə geri qaytarılması keçən il avqustun 2-də alternativ yolun çəkilişinin başa çatması ilə mümkün oldu. Laçın şəhərindən yan keçən yeni yol çəkildi və avqustun 26-da isə Azərbaycan ordusu Zabux, Sus kəndlərinə və Laçın şəhərinə daxil oldu.

Ölkə başçısının rəhbərliyi ilə bu gün Laçın rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Laçında beynəlxalq hava limanı inşa edilir, Kəlbəcər-Laçın yolunun yenidən qurulması aparılır, Göygöl rayonundan Şərqi Zəngəzura yol çəkilir, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir. Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcəkdir.

Hazırda Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcəkdir. İki il ərzində isə Laçın rayonuna təqribən 10 minə yaxın keçmiş köçkün yerləşdirilməsi nəzərdə tutulub. Artıq Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib.

Hazırda Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işlər cari ilin sonuna qədər başa çatdırılacaqdır. Bu gün Laçın şəhərinin bütün infrastrukturu – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar yenidən qurulur.

Ölkə başçısı öz çıxışında xüsusi vurğulayıb ki, məskunlaşmadan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci dərəcəli vəzifə olmalıdır. Gələcəkdə rayonda yeni infrastruktur, yeni iş yerləri, çox gözəl imkanlar yaradılacaqdır. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir ki, biz ətraf mühiti qorumalıyıq. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Gələcəkdə Laçında torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır.

Qeyd edilib ki, ölkəmiz Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacaqdır. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir, 50 meqavatdan çox enerji istehsal edilir. Bütövlükdə isə qarşıya məqsəd qoyulub ki, işğaldan azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə bu güc 500 meqavata çatmalıdır. Hənçinin Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı vardır və bu potensialdan bölgənin inkişafı üçün istifadə ediləcəkdir.

Yunis Eyyubov YAP Ağstafa rayon təşkilatının əməkdaşı