25 Aprel 2024

Məşhur prokuroru şantaj edən kisəçilərə ağır cəza istənildi

Prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

Prokuror Ümman Əliyevin 9 il, İlqar Əliyevin 8 il, Natiq Nuriyevin 8 il, Sahilə Məmmədovanın 6 il, Elnur Eldarovun 8 il 6 ay, Ələkbər Nuriyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, digər təqsirləndirilən Pərvin Yusifov barəsində olan cinayət təqibinə xitam verilməsini, onun cinayət məsuliyyətindən azad olunmasını istəyib. Buna səbəb təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə dəymiş ziyanın – 3175 manatın Baş Prokurorluğun depozit hesabına, həmçinin qanunun tələbilə cinayət yolu ilə əldə olunan pulun 25 faizi olan 793 manatın isə dövlət büdcəsinə ödənilməsi olub.

Daha sonra müdafiə nitqi ilə çıxış edən Pərvin Yusifovun vəkili prokurorun çıxışı ilə razı olduğunu bildirib. Digər təqsirləndirilən Sahilə Məmmədovanın vəkili isə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. Ötən ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub. T.Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.

Növbəti proses fevralın 27-də davam edəcək.

E.MƏMMƏDƏLİYEV