Məşhur avstriyalı rəssamın əsəri hərracda 53,2 milyon dollara satılıb
Avstriyanın məşhur rəssamlarından biri, “Gənclik stili”nin tanınmış nümayəndəsi Qustav Klimtin (1862-1918) fırçasından çıxmış “Atterzee gölündəki ada” əsəri “Sotheby´s” hərrac evinin Nyu-Yorkda keçirdiyi hərracda 53,2 milyon ABŞ dollarına satılıb.
AZƏRTAC xəbər verir ki, Avstriyanın ən bahalı rəssamı titulunu daşıyan Q. Klimtin əsərini Yaponiyadan adı gizli saxlanılan kolleksioner alıb. Hərrac evi 1901-1902-ci illərdə yaranan əsər üçün 45 milyon dollar satış qiyməti gözləsə də, yeddi dəqiqədən artıq davam edən artırma marafonundan yaponiyalı incəsənət həvəskarı qalib kimi ayrılıb.
“Atterzee gölündəki ada” əsəri nasist Almaniyasının təqiblərindən qaçaraq ABŞ-a mühacirət edən vyanalı qalerist Otto Kallirin kolleksiyasına daxil olub və ilk dəfə 1940-cı ildə Nyu-York şəhərində “Avropadan xilas edilənlər” adlı sərgidə nümayiş olunub.
Qustav Klimtin indiyədək hərraclarda ən yüksək qiymətə satılan əsəri “Tozağacı meşəsi” adlanır. Ötən ilin noyabr ayında hərraca çıxarılan əsər 104,2 milyon dollara satılmışdı.