23 Dekabr 2024

Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığımızda yeni mərhələ

Azərbaycanda son 20 ildə həyata keçirilən daxili və xarici siyasətin uğurları ölkənin dünya miqyasındakı reytinqini getdikcə artırır. Bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Görünən odur ki, Vətən müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması Azərbaycanı dünyada qalib dövlət kimi tanıdıb. Azərbaycanın müstəqil bir dövlət kimi regionda və bölgədə etbarlı strateji tərəfdaş kimi qəbul olunması günümüzün reallığıdır. Bütün bunlar ölkəmizin hər bir dövlətlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursunu həyata keçirməsinin məntiqi nəticəsidir.

Müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, ulu öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə söz sahibi olan müstəqil dövlətə çevirdi. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı. Bu gün regiondakı hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz. Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır.

Azərbaycan və Mərkəzi Asiyanın strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi regiondur. Bu ölkələrin xalqları əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Azərbaycan Mərkəzi Asiya, o cümlədən bütün türkdilli dövlətlərlə yaxından münasibət qurur. Müstəqillik əldə etdikdən sonra bu işdə olduqca fəallıq göstərən Azərbaycan hərtərəfli əlaqələri gücləndirməyə başladı. Hazırda Azərbaycan, Qazaxstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri edib. Həmin müddət Qazaxstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının ümumilikdə Azərbaycana 15 rəsmi səfəri olub.

Avqust ayının 9-da Qazaxstanın paytaxtı Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fəxri qonaq qismində iştirak etmişdir. Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Avqust ayının 9-da Qazaxstanın paytaxtı Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə  çıxış edərək bildirmişdir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.

Dövlət başçımız çıxışında Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən birinin də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın olduğunu qeyd edib: “Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.” Çox sevindirici haldır ki, Qazaxstan, Qırğızıstan və Özbəkistan tərəfindən önəmli layihələrdən olan investisiya layihələri çox fəallıqla həyata keçirilir. Artıq Azərbaycan-Qırğızıstan, Azərbaycan-Qazaxstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı