04 Dekabr 2024

Mədəniyyət naziri 95 yaşı tamam olan Xalq rəssamı ilə görüşüb

Xalq rəssamı Tofiq Ağababayevin 95 yaşı tamam olub. Sentyabrın 9-da mədəniyyət naziri Adil Kərimli yubilyarla görüşüb.

Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Görüşdə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, mədəniyyət nazirinin müavinləri və nazirliyin əməkdaşları iştirak edib.

Nazir Adil Kərimli rəngkarlıq məktəbimizin görkəmli nümayəndəsini 95 illik yubileyi münasibətilə təbrik edib, onun Azərbaycan mədəniyyətinə, təsviri sənətinə verdiyi töhfələri, həmçinin zəngin mədəniyyətimizin təbliğ edilməsində səmərəli fəaliyyətini vurğulayaraq rəssama mədəniyyət nazirliyinin kollektivinin təbriklərini və ən xoş arzularını çatdırıb. Nazir Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində verdiyi töhfələrə görə nazirliyin Fəxri diplomunu fırça ustasına təqdim edib.

Tofiq Ağababayev göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. Bakı şəhərinin ilk baş rəssamı vəzifəsində çalışıb. Paytaxtımızın simvolik açarının düzəldiməsi də sənətkarın adı ilə bağlıdır.