Mavi örtüklü, al köynəkli, yaşıl donlu Şuşamız yenidən dirçəlir
Əzəli və əbədi Azərbaycan torpağı – ölkəmizin mədəniyyət paytaxtı doğma Şuşaya ayaq basmaq mənə görə qürur və iftixar mənbəyi olmalıdır. 30 ilə yaxın müddət ərzində işğal altında, hərbi-siyasi əsirlikdə qalsa da, öz məğrurluğunu itirməyən – əzmini qoruyan Şuşa bu gün gələcəyə nikbin və ümidlə baxır. Çünki əsl sahibi – tarixi ədaləti bərpa edən Azərbaycan xalqı qayıdıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Zəfər yürüşü şanlı Qələbə ilə nəticələnib və 44 günlük qəhrəmanlıq dastanının ən parlaq səhifələrindən birini məhz Şuşanın azadlığa qovuşmasıdır.
Şuşa artıq dirçəlir, yenilənir, qədimliklə müasirliyin vəhdəti olan tarixi və milli simasını bərpa edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar missiyası ilə görülən işlər çərçivəsində təkcə tarixi, dini və mədəni abidələrimiz deyil, həm də Şuşanın timsalında ənənəvi dəyərlərimiz, milli ləyaqətimiz və qürurumuz bərpa olunur.
Şuşa şəhəri işğaldan azad edildikdən sonra bir sıra mühüm infrastruktur layihələrinin icrasına başlanılıb. Bunların içərisində avtomobil yollarının inşası mühüm əhəmiyyət kəsb edir. Artıq “Zəfər yolu”nun tikintisi yüksək keyfiyyətlə yekunlaşıb. Hazırda Şuşa şəhərinə gedən ikinci yolun, Əhmədbəyli-Füzuli-Şuşa yolunun inşası davam etdirilir. Şuşa şəhərində həyata keçirilən infrastruktur layihələri arasında elektrik təchizatı xüsusi önəm daşıyır. Qısa vaxtda 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyası istifadəyə verilməsini, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişini nəinki Azərbaycan energetikasında, eləcə də bütün regionun energetika tarixində rekord saymaq olar. Şəhərdə hazırda hər biri 5 MVA olan 5 transformator yarımstansiyası tikilir. Boru içində ümumi uzunluğu 30 kilometr olan 35 kV yeraltı kabellər çəkilir.
Şuşa şəhərinin istilik və su təchizatı da diqqətdə mərkəzindədir. Prezidentin Sərəncamına müvafiq olaraq şəhərdə istilik təchizatı sisteminin qurulmasına başlanılıb. Bu ilin sonunadək 7 qazanxananın tikilməsi nəzərdə tutulur. Şuşa yaşın enerji zonası kimi bəyan olunub. Ona görə də şəhərin inkişafında dayanqlı enerji mənbələrinə üstünlük veriləcək.
Şuşa şəhəri işğaldan azad olunduqdan sonra təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi və həyati əhəmiyyətli obyektlərin su təchizatı təmin edilib. Bunun ardınca içməli su təchizatı sistemlərinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Şuşa şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə icra edilən layihənin birinci mərhələsi çərçivəsində magistral su kəməri və anbarların tikintisi, həmçinin şəhərdaxili şəbəkənin bir hissəsinin yenidən qurulması nəzərdə tutulur. Hazırda 1980-ci illərdə çəkilmiş Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsinin polad borularla dəyişdirilməsi işləri həyata keçirilir.Şuşa işğaldan azad edildikdən sonra şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işlərinə başlanıldı və bu işlər sürətlə davam etdirilir.
İlk olaraq Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri əvvəlki yerlərinə – Şuşa şəhər mərkəzi meydanına qaytarılıb. “Xan qızı” bulağı bərpa edilib. Qısa vaxtda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri aparılıb. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü qoyulub. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib. Şuşada yeni məscidin və Daşaltı məscidinin təməli qoyulub. Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb. Hazırda Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində və Mehmandarovların malikanə kompleksində bərpa işləri aparılır. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada mədəni-kütləvi tədbirlərin keçirilməsi də bərpa edilib – Vaqif poeziya günləri, Xarı bülbül festivalı və Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirilib.
Şuşa şəhərində tarixi-mədəni abidələrlə yanaşı digər binaların da tikinti və bərpası həyata keçirilir. Belə ki, “Xarı bülbül” və “Qarabağ” otelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Şəhərin mərkəzi meydanındakı inzibati bina Şuşa memarlıq üslubu əsasında əsaslı təmir olunur. Şəhərdə yeni yaşayış massivinin, 1 saylı ümumtəhsil məktəbinin, “Otel və Konfrans Mərkəzi”nin, Şuşa Rayon Mərkəzi Xəstəxanasının, Radio-Televiziya Yayım Stansiyasının təməli qoyulub. Şuşa şəhərində həyata keçirilən tikinti-bərpa işləri tarixlə müasirliyin vəhdəti üzərində qurulur və tezliklə keçmişdə olduğu kimi, Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Görülən bütün bu işlər indi dünyanın diqqət mərkəzindədir. Bu, həm də onu göstərir ki, Azərbaycan sülhsevər, qurub-yaradan, insanların xöşbəxtliyi üçün çalışan dövlətdir.
Zövqiyyə Namətqızı- Media1.az