22 Noyabr 2024

Masallı rayon Heydər Əliyev Mərkəzində “Oğurlanmış talelər” tamaşası təqdim olunub

Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı ilə əlaqədar “Oğurlanmış talelər” mövzusunda ədəbi-bədii kompozisiya səhnələşdirilib.

Karantin rejiminin şərtlərinə riayət edilməklə baş tutan təqdimatda mədəniyyət işçiləri, müəllimlər, şagirdlər, tələbələr və gənc könüllülər iştirak edib.

Təqdimatdan əvvəl ölkəmizin ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərin, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub.

Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Xocalı soyqırımı haqqında məlumat verib, faciənin insanlıq əleyhinə ən böyük cinayətlərdən olduğunu vurğulayıb. Xocalı soyqırımına tarixi, siyasi və hüquqi qiymətin verilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran direktor, məhz dahi şəxsiyyətin qətiyyəti sayəsində faciənin əsl mahiyyətinin və günahkarlarının üzə çıxarıldığını bildirib.

Sonra tədbirin bədii hissəsi başlayıb. Xocalı faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim olunub. Tamaşada Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, eyni zamanda xalqımızın müharibədə keçdiyi əzab-əziyyətli, məşəqqətli yol, müharibənin acı nəticələri canlandırılıb. Yekunda vətənpərvərlik ruhunda yetişmiş gəncliyin 44 günlük müharibə dövründə Xocalı qətliamı qurbanlarının qisasını aldıqları əks olunub.

Qeyd edək ki, tamaşanın ssenarisi tanınmış yazıçı-publisist Nurəddin Ədiloğluna, quruluşu Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyevə aiddir.

Tamaşadan sonra iştirakçılar Mərkəzin təşkil etdiyi “Xocalı soyqırımını unutma!” adlı sərgiyə baxış keçiriblər.

Əlihüseyn Şükürov