22 Dekabr 2024

Manukyan çadırda gecələyənlərin yanına gəldi: “Polis mitinqə müdaxilə edə bilməyəcək”

Ermənistan müxalifətinin baş nazir postuna namizədi Vazgen Manukyan İrəvanın Azadlıq meydanına gəlib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Manukyan “Vətəni xilas hərəkatı”nın təşkilatçılığı ilə keçirilən oturaq aksiyanın iştirakçıları ilə görüşüb. Azadlıq meydanında ötən ilin sonlarından etibarən çadırlar quran vətəndaşlarla görüş keçirən V.Manukyan deyib ki, o, meydanı özünün qərargahına çevirəcək.

Müxalifətin namizədinin iddiasına görə, polis 20 fevralda keçiriləcək mitinqə müdaxilə edə bilməyəcək. Manukyanın fikrincə, o qədər böyük mitinq olacaq ki, polisin gücü müdaxiləyə yetməyəcək.

V.Manukyan müharibədəki ağır məğlubiyyətdən də bəhs edib. Bildirib ki, bəziləri “yazıq Nikol”dan bəhs edərək, onsuz da müharibənin olacağını, uduzacağımızı deyir. Ancaq müxalifət liderinin fikrincə, müharibənin başlamaması üçün nələrsə etmək mümkün idi. Digər tərəfdən, o qeyd edib ki, müharibədən sonra da Ermənistan uduzmaqda davam edir.