Mətbuatın yenidən “öldürdüyü” Arif Quliyev: “Adamda gərək vicdan olsun”
Bəzi xəbər saytlarında Xalq artisti Arif Quliyevin ölüm xəbəri yayılıb.
Musavat.com-a danışan aktyor artıq bu xəbərlərə alışdığını deyib:
“Saytlarda bu cür məlumatın yayılmasından xəbərsiz idim. Bir nəfər mənə zəng edib dedi ki, Arif müəllim, sizin rəhmətə getdiyiniz haqında yazıblar. Dedim ki, onda icazə ver evə zəng vurum görüm, hardayam.
Düşünürəm ki, bu xəbəri yazan sayt oxunmur ki, bu cür fırıldaqlıqla reytinq toplamaq istəyir. Amma pul qazananda da fırıldaq ilə deyil, kişi kimi qazanmaq lazımdır. Adamda gərək vicdan olsun.
Neçə nəfər bu xəbərdən narahat olub, mənə zəng edir… Hələ bu günə qədər kiməsə nə qarğış etmişəm, nə də kiminləsə intriqada olmuşam. İndi nə deyə bilərəm ki”.
Xalq artisti bütün bunlara baxmayaraq hər kəsin Yeni ilini təbrik edib, arzularını bildirib:
“Mən hər kəsin həm Yeni ilini, həm də Dünya Azərbaycanlıların Həmrəylik Gününü təbrik edirəm. Allah bizə qələbə sevincini yaşadan Ali Baş Komandanımıza, Ordumuza can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin!”.
Xatırladaq ki, Xalq artisti Arif Quliyev bu günə qədər mətbuatda 6 dəfə “öldürülüb”.
Xalidə Gəray
Musavat.com