24 Dekabr 2024

Məşhur fotoqraf: “Bülbülün heykəlinin gözləri çıxarılıb, muzeyi talan olunub… “

Dünyaca məşhur fotoqraf, “National Geografic” jurnalının fotoreportyoru Reza Deqati bu dəfə Şuşada Bülbülün ev muzeyində olub.

Musavat.com bildirir ki, fotoqraf Azərbaycanın məşhur xanəndəsi Bülbülün muzeyində olarkən gördüklərindən dəhşətə gəlib.
Reza Deqati xanəndənin ermənilər tərəfindən vəhşicəsinə dağıdılan heykəlinin, talan edilmiş muzeyindən fotolar paylaşaraq, qeyd edib:

“Bülbül Qarabağlı Azərbaycanın məşhur müğənnisi (1897-1961), sovet opera tenoru, xalq musiqisi ifaçısı və Azərbaycanda vokal sənətinin və milli musiqi teatrının banilərindən biri idi.

Şuşada SSRİ dövründə köhnə musiqi alətlərini və həyat tərzinin qiymətli elementlərini özündə saxlayan bir muzey olan evini axtardım. 1992-ci ildə Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra bütün muzeylərin və işğal altındakı ərazilərdəki tarixi və dini abidələrin başına gələnlər barədə məlumat yox idi.

Evə girəndə dəhşətə gəldim, onun heykəlinin gözləri çıxarılıb, muzeyin içindəki hər şey talan edilib.
Niyə başqa mədəniyyətlərə bunu edirlər?”

Xatırladaq ki, Şuşada Bülbülün ev muzeyi iki otaqdan ibarət olub. Muzeydə xanəndənin yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Lakin Şuşa işğalda olarkən ermənilər muzeyin 10 mindən artıq eksponatı məhv edib və talan ediblər. Talan olunan muzey əşyalarını ermənilər dünya ictimaiyyətinə erməni maddi-mədəniyyət nümunələri kimi təqdim edirlər.

Xalidə Gəray
Musavat.com