22 Dekabr 2024

Məhkəmə Aleksey Navalnını həbsdə saxladı

Moskva Vilayət Məhkəməsi Rusiya müxalifətinin lideri Aleksey Navalnının 30 gün müddətinə həbs olunması qərarından verilən apellyasiya şikayətini təmin etməyib.

“Report” xəbər verir ki, Navalnının vəkilləri şikayətdə qanunvericilikdəki bir sıra uyğunsuzluqları qabardıblar.

Qeyd olunub ki, birinci instansiya məhkəməsi müxalifət liderinin həbs müddətinin 30 günədək uzadılması barədə qərar çıxarıb, Cinayət Prosessual Məcəlləsi isə yalnız 30 gündən çox olmayan müddət nəzərdə tutulub:

“Bütün bunlar böyük qanunun pozuntusudur. Məhkəmə iclasının protokolunu oxudunuzmu? Oxumusunuzsa, buna sadəcə gülə bilərsiniz”, – Aleksey Navalnı bildirib.

Məhkəmə iclas zamanı prokurorluğun nümayəndəsi A.Navalnının şikayətini əsassız sayıb və onun təmin edilməməsini istəyib.

Xatırladaq ki, yanvarın 18-də Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, Rusiya müxalifətinin lideri Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir.

A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 100 milyona yaxın izlənib və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb.

Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin Avropanın bir çox şəhərlərində kütləvi mitinqlər keçirilib. Hüquq-mühafizə orqanları mitinqin razılaşdırılmadığını əsas gətirərək nümayişçilərə qarşı sərt müdaxilələr edib, minlərlə insanı həbs edib.