24 Dekabr 2024

Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyədə görüşləri davam edir FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdədir. Səfər çərçivəsində əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədilə sahələr üzrə görüşlər keçirilir.

Türkiyə ilə muzey sahəsində əməkdaşlığın inkişafı və genişləndirilməsi, muzey əşyalarının düzgün qorunması, elmi-tədqiqatı, muzey işçiləri arasında təcrübə mübadiləsinin yaradılması, muzeylərin maarifləndirici xüsusiyyətləri və təhsildə rolu, birgə sərgilərin təşkili məqsədilə Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri v.i.e Nərgiz Abdullayeva Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni Sərvətlər və Muzeylərin Baş müdir müavini Yəhya Coşqun, Rahmi M.Koç Muzeyləri, Anadolu Mədəniyyətlər Muzeyinin rəsmi nümayəndələri ilə işgüzar görüşlər keçirib. Görüşdə nəzəri və praktiki mübadilənin əhəmiyyəti vurğulanıb və hər iki ölkənin muzeyləri arasında təcrübə mübadiləsinin aparılması, birgə sərgilərin təşkil olunması ilə bağlı razılıq əldə edilib.

N.Abdullayevanın Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Anadolu Mədəniyyət Sahibkarlığı (Anadolu Kültürel Girişimcilik) şirkətinin nümayəndələri ilə də görüşü baş tutub.

Qeyd edək ki, Anadolu Kültürel Girişimcilik şirkəti Türkiyənin 180-dən artıq muzeyinin mağazalar şəbəkəsini özündə birləşdirir və bu muzey-mağazaların ticarət əlaqələrinin genişləndirilməsi işini uğurla həyata keçirən beynəlxalq şirkət hesab edilir.