04 Dekabr 2024

Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində təqdim edir: Müqəddəs alman Lüteran kilsəsi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində “Müqəddəs alman Lüteran kilsəsi” barədə hazırlanan videoçarxı təqdim edir. Xilaskar kilsəsi kimi tanınan Bakıdakı alman lüteran kilsəsi 1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilib.

Kilsənin 21 mart 1896-cı ildə baş tutan təntənəli təməlqoyma mərasimində Bakı qubernatoru Pavel Lileyev və bələdiyyə başçısı İretskiy də iştirak edib. Kilsə, Nobel qardaşları da daxil olmaqla dindarların ianələri əsasında inşa edilib.

15 mart 2010-cu ildə kamera və orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi və mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev binanın bərpası haqqında sərəncam imzalayıb. Bir il ərzində davam edən restavrasiya işlərindən sonra 30 dekabr 2010-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kilsə binasının açılışında iştirak ediblər. Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilmiş əsaslı təmir və bərpa işləri binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirilmişdir.