13 Fevral 2025

Lider ədalətli olmalıdır

Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, milli ideyamız idi və hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.

Azərbaycan güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurdu. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi cəmi 6,9 faizdir. Buna əsaslanaraq regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.

Hədəf Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, namizədliyimizi təqribən 200 ölkə və beynəlxalq təşkilat yekdilliklə dəstəklədi.

Bundan əvvəl 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu onu göstərir ki, dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir.

Azərbaycan hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, baxmayaraq, uzun illərdir, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindədir. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf proteksionizm, ikili standartlar, tariflərdir – bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Bu ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir.

Buna görə də danışıqlar prosesindəyik. Lakin, eyni zamanda, üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk. Narahat edən məqamlardan biri indi müzakirə etdiyimiz mövzudur. Digəri isə ondan ibarətdir ki, sənayemiz və ixrac potensialımız bunun üçün yaxşı hazır olmalıdır. Çünki bu vaxtadək ixracın əsas hissəsi qazıntı enerji növləridir. Bunun üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Ölkə əmtəələrini bazarda satır.

Beləliklə, bazarlarını bütün dünyaya açmaqla Ümumdünya Ticarət Təşkilatına üzv ölkələr rəqabəti artıracaq. Lakin, eyni zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər. Beləliklə, bu prosesi balanslaşdırırıq və gələcək danışıqlar prosesində maksimum müsbət şərtləri əldə etməyə çalışırıq. Artıq Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. ÜDM-ə münasibətdə ən aşağı səviyyəli xarici borcumuz var. Konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcu 14 dəfə üstələyir. Beləliklə, hər hansı əlavə bir imtiyaz lazım deyil. Malik olduqlarımızı itirmək istəmirik. Lakin, eyni zamanda, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz, istər ikitərəfli əlaqələr istiqamətində ölkələrlə danışıqlar prosesində, istərsə də ümumilikdə təşkilatla bağlı, qəbul olunarsa, hesab edirəm ki, proses daha da rəvan gedər.

Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay Çinin Sədri ilə görüşdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik.

Əlbəttə ki, istənilən təşkilata qoşulmaq siyasi addımdır, lakin həmin iqtisadiyyat ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələri ilə dəstəklənməlidir. Qlobal Cənubun bir hissəsi olaraq Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir.

Əslində, iqlim dəyişikliyi ilə bağlı məsələlərlə dərindən məşğul olmağa başlayanda iqlim dəyişikliyi səbəbindən ekzistensial təhlükə ilə üzləşən ölkələrdə yüksək dərəcədə narazılığın olduğunu gördük. Hamımız bundan əziyyət çəkirik, o cümlədən Azərbaycan. Lakin elə ölkələr var ki, xüsusilə kiçik ada dövlətləri, onların mövcudluğuna təhlükə var. Bəzən onların məsələsi gündəliyə daxil olmur, biz isə bunu etdik. Bakıda keçirilən COP29-da ən mühüm tədbirlərdən biri inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə görüşü idi. Orada Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü. Aydın məsələdir ki, böyük aktorların birgə yanaşması olmadan həmin ölkələri və iqlim məsələləri ilə məşğul olmaq üçün maddi ehtiyatları olmayan ölkələri dəstəkləmək çətin olacaq. Düşünürəm ki, üzərinə bu yükü götürən ölkələrin məsuliyyəti daha çox iş görməkdir. Qlobal Cənub tamamilə obyektiv olaraq dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir.

Çinlə olan strateji tərəfdaşlıq Bəyannaməmizlə bağlı danışdım. Lakin, eyni zamanda, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalamışıq. Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamışıq. Şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.

Mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır.

Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və yenidən başlayacağıq.

Lakin Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var. Səbəbi isə çox sadədir. Hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin.

ABŞ-dakı dəyişikliklə bağlı narahat olmaq üçün ciddi səbəb yoxdur. Bu, yalnız müəyyən siyasi proseslər səbəbindən baş vermədi. Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, əminik və nikbin fikirdəyik.

Sədr Sini daha yaxşı tanıyıram, çünki onunla dəfələrlə görüşmüşəm. Prezident Trampla rəsmi görüşüm olmayıb, sadəcə, bir-birimizin əlini sıxmışıq. Bununla belə, bu, dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq. Ümidvarıq ki, bu sıx tərəfdaşlıq prosesi davam edəcək.

COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzaladıq. Beləliklə, Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq.
Bu, növbəti bir bağlantı layihəsidir. Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Çünki Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir və bu, təsəvvürə gətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə, potensial buradadır və siz qeyd etdiyiniz kimi, Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır.

Bu yaxınlarda Çin vətəndaşları viza almaq tələbindən azad edildi. Beləliklə, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi rəsmi diplomatik kanallardan istifadə edirik – siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir.

Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq. Lakin bu, asan deyil. Çünki iqtisadiyyatınız ildən-ilə artdıqca, müəyyən bir təməl həcmə nail olunur və ondan sonra iqtisadiyyatın artırılmasına davam etmək o qədər də asan olmur.

Gözləntilər çox böyükdür. Lakin istedadlı Çin xalqı bir həll yolunu tapacaqdır. Əminəm ki, onlar artıq yeni inkişaf nöqtələrinə çatıblar, çünki sizin ölkəniz texnologiyada liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyasını təmin edir. İndicə müzakirə etdiyimiz kimi, yaşıl texnologiya sahəsində heç kim sizinlə rəqabət apara bilməz. Dünyanın müxtəlif yerlərindən olan, müxtəlif şirkətləri təmsil edən investorlarımız bu tutumları quraşdırmaq üçün Çin texnologiyasını seçirlər.

Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır.

İyirmi ildən artıq müddət ərzində həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız.

Jalə Mehdiyeva
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı