22 Dekabr 2024

Laçın rayonunun yeni inkişaf dövrü

Azərbaycanın səfalı guşələrindən olan Laçın şəhəri işğalçılardan azad edildikdən sonra burada ardıcıl olaraq böyük tikinti-quruculuq işləri həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gücü sayəsində azadlığına qovuşan Laçın yeni bir dövrünə – quruculuq və inkişaf dövrünə qədəm qoyub.

Artıq Laçınımızda yeni dövrdür – əzəli sakinlərin doğma yurda dönüş dövrü. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanları əzəli torpağımıza yol alır. Neçə ilin niskilini yaşamış insanların bu torpağa dönüşü tarixi hadisə olaraq yaddaşlara köçür. Neçə bahar, neçə qış əzəli torpaqdan uzaq qalan insanlar doğma yurdla görüşürlər. Mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Laçın rayonunun Sus kəndinə 39 ailə, 140 nəfər köçürüldü. 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda edilən köç. İndiyədək Laçın rayonunun Sus kəndində 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.

30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və ordumuzun güclənməsi Azərbaycanın Vətən müharibəsində döyüş meydanında öz sözünü deməsi ilə nəticəsində xalqımızın tarixinə Zəfər yazıldı.

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan torpaqlarımıza səfər edərək, erməni vandallarının törətdiyi əməlləri bir daha xalqımıza göstərir və bu ərazilərdə görüləcək işlərlə balı tapşırıq və göstərişlərini verir. Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, ərazilərimizi viran qoysalar da, xalqımza məxsus din-mədəniyyət abidələrin dağıtmış olsalar da, tarixi həqiqət qələbə çalıb. Azərbaycan öz haqqına qovuşub və bu gün quruculuq meydanındadır.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı