20 Aprel 2024

Laçın prosesi və erməni revanşizmi

Azərbaycanda erməni revanşistləri ilə eyni məqamı gözləyənlər var

Əgər yadınızdadırsa, “Qisas” əməliyyatının erməni revanşizminə böyük zərbə vurduğunu yazmış və dəfələrlə təkrarlamışam. İndi diqqətinizi “Laçın prosesi” kontekstində məhz bu məqama çəkirəm.

1) 44 günlük müharibədən sonra Ermənistanda Nikol Paşinyan əleyhinə silsilə aksiyalar keçirilirdi və keçirilir. Məntiqlə, Laçın şəhərinin və Zabuxun boşaldılması prosesi bu aksiyaları “zirvə”yə daşımalı idi.

Nə oldu?

2) Erməni müxalifləri, fəalları və diasporası bu prosesə mane olmaq üçün hər yola atdılar. Milçək vızıltısından o yana heç bir təsiri olmadı.

Niyə?

3) Ermənistan siyasətçiləri Zabuxa, Laçın şəhərinə gəldilər, çağırışlar etdilər, silahlı müqavimətlə hədələdilər.

İndi hardadırlar?

4) Evləri, meşələri yandırdılar. Qarətçilər hərəkətə keçdi. Bir də ondan ayıldılar ki, transformatorları, internet kabellərini belə söküb satmağa aparıblar. Dibləri göründü və məlum oldu ki, Xankəndidəki xunta qalıqlarının “avtoriteti” sıfırdır.

Belə bir xaosda Azərbaycansız nə edə bilər dinc sakinlər?

5) Rusiya sülhməramlılarının arxasında yeni status-kvo yaradacaqlırını zənn edirdilər. “Laçın dəhlizi”nin dəyişməyəcəyinə ümid edirdilər. Amma yadınıza Prezident Əliyevin İsmayıllıda verdiyi açıqlamanı salın: “Dedik ki, yolu bağlıyırıq, ordumuz Laçın dəhlizinə girir”.

Azərbaycan bu addımı atarsa, ermənilərin vəziyyəti necə olar?

Bütün bu sualların bir cavabı var: Xankəndi Azərbaycandır!

Səbrli olaq!

Kifayət qədər ciddi məsələni dedi-qodu səviyyəsinə endirmək istəmirəm.

Amma “Laçın prosesi” zamanı qarşıma elə statuslar, şərhlər, yanaşmalar çıxırdı ki, “axı bu qədər də primitivlik olmaz” deyə cin atına minməkdən özümü güclə saxlayırdım.

Qarabağ münaqişəsi fonunda meydana çıxmış siyasətçilərin prezident Əliyevə “bəs deyirdin müharibə bitib” qəbilindən olan atmacalar atması isə sadəcə ikrah doğururdu.
“Hibrid müharibə” barədə ömründə bir kitab oxumayanlar, vaxtilə Qarabağda quş tüfəngi ilə çəkdirdikləri şəkilləri on illərdir gözümüzə dürtənlər Azərbaycanın hərb və siyasət arasında etdiyi manevrlərlə artıq Qərbi Zəngəzuru masaya qoyduğunu görməzlikdən gəlib özləri kimi populist erməni dığalarına referans edirdilər.

Bəs, erməni revanşizminin gözlədiyi məqam nədir?

İlham Əliyevin, Ərdoğanın, Putinin hakimiyyətdə olmadığı Azərbaycanın qarşısına çıxmaq!
Görəsən, İlham Əliyevin siyasi mövqelərinin zəifləməsini, Ərdoğanın Türkiyədə hakimiyyətdən getməsini, “Slava Ukraina” yazıb Putinin ölməsini arzulayanlar fərqindədirlərmi ki, nəhəng və tarixi bir proses fonunda erməni revanşizminin vintciyinə çevriliblər?

Taleh ŞAHSUVARLI