Laçın Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib.
Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.
Laçın rayonu 28 il işğal altında olub və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmiş, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur.
Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonunun digər bir hissəsi isə siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.
Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb.
Bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq. Bu mövqelərdə özümüzü gücləndiririk və bu mövqelərdə qalacağıq. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar.
Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Amma Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işləri cari ilin sonuna qədər başa çatdırmalıyıq.
Bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik. Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur.
Laçın, Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Laçının çox füsunkar təbiəti – meşələri, dağları, çayları var. Bu, bir cənnət məkan olacaqdır.
Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək bildirib: Möhtərəm cənab Prezident, mənə göstərdiyiniz yüksək etimada görə Sizə minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, azad edilmiş ərazilərə gedərək, orada erməni barbarları tərəfindən törədilmiş böyük dağıntıları görüb bir azərbaycanlı kimi dərin sarsıntı keçirməmək olmur. Buna baxmayaraq, eyni zamanda, mən həmin regionda aparılan böyük tikinti işlərinin şahidi oldum, gördüm ki, böyük əzmkarlıq var. Sizin rəhbərliyinizlə Azərbaycan xalqı həmin əraziləri tez bir zamanda bərpa etmək, oraya köçüb təzədən oraları inkişaf etdirmək əzmindədir. Sizi əmin etmək istəyirəm ki, mənim qarşımda qoyulan bütün vəzifə və tapşırıqları vaxtında əzmkarlıqla həyata keçirmək üçün səy və gücümü əsirgəməyəcəyəm. Əsas odur ki, Azərbaycan dövlətinə və cənab Prezident, Sizə vicdanla, təmiz və dürüst xidmət etmək mənim üçün böyük şərəfdir.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı