21 Noyabr 2024

Kür və Araz çaylarına təhlükə – şirin su ehtiyatları tükənə bilər

“İri şirkətlər nüfuzlarından istifadə edib çaylardan daha çox su götürürlər və…”

“Əsrin sonuna kimi Kür və Araz çaylarının su ehtiyatları 20 faizə qədər azala bilər”. Bunu BMT-nin İnkişaf Proqramının layihə meneceri Zaur Əliyev Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunda çıxışı zamanı deyib.

“GFDL, HADGEM, MPI modelləri əsasında, temperaturun 2 dərəcə artması, yağıntıların miqdarının dəyişməməsi fonunda Böyük və Kiçik Qafqaz ərazisindən, Lənkəran-Astara bölgəsindən axan çayların, o cümlədən Kür və Araz çaylarının iqlim dəyişmələrinə həssaslığı qiymətləndirilib və proqnozlar hazırlanlıb. Proqnozlara görə, Kür və Araz çaylarının, o cümlədən Kiçik Qafqaz ərazisindən axan çayların su ehtiyatlarının 2040-cı ilədək 10, 2041-2070-ci illər ərzində 15, 2071-2098-ci illər ərzində isə 20 faiz azalacağı gözlənilir. Böyük Qafqaz ərazisindən və Lənkəran-Astara bölgəsindən axan çaylarda isə müvafiq illər üzrə azalma göstəricilərinin 5, 10, 15 faiz olacağı ehtimal edilir”, – Z.Əliyev qeyd edib.

Qeyd edək ki, zaman-zaman Kür, Araz çaylarının quruması ilə bağlı məsələ gündəmə gəlir. Ekspertlər hesab edir ki, suvarma sistemləri nizamla qurulsa, kortəbii şəkildə suvarmaya son qoyulsa, suvarma üçün ehtiyat anbarlar yaradılsa, ora yağış və qrunt sularının da axını təmin edilsə, Azərbaycanda su problemi olmayacaq. Kür çayının suyunun azalması narahatlıq doğurmaya bilməz. Çünki şirin su qaynaqlarının ciddi şəkildə azalması, suvarma üçün yararlı olan su mənbələrinin quruması təhlükəli tendensiya yarada bilər.

Ekoloq-hidroloq Rövşən Ağayev məsələ ilə bağlı Musavat.com-a dedi ki, bizim ekspertlər artıq bununla bağlı proqnozu çoxdan veriblər:

“Kür və Araz çaylarına təsir edən amilləri bir neçə qrupa ayırmaq olar. Birinci iqlim amilləri qrupudur. Gün dəyişmələri nəticəsində regionumuzda yaxın yüz ildə atmosfer yağıntılarının kəskin azalması proqnozlaşdırılır ki, bu da nəticədə çay sularının azalmasına gətirib çıxaracaq. Gözlənilir ki, 2100-cü ilə qədər əgər atmosferə atılan istixana qazlarının emissiyasında heç bir dəyişmələr olmasa, Kür və Araz çaylarının sululuğu 20 faizə qədər azalsın.

Başqa bir amil isə suya olan tələbatın artmasıdır. Kür və Araz çaylarının hər ikisi beynəlxalq çaylardır, bu çayların suyu ona görə azalır ki, həm Türkiyə, Gürcüstan, Ermənistanda, həm də Azərbaycan ərazisində suya olan tələbat kəskin surətdə artır.

Bunu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda son 10 ildə suvarma sahələrinin ümumi sahəsi getdikcə artır. Nəticədə suvarma suyuna olan tələbat çoxalmışdır. Bu tendensiya davam edərsə, bizi gələcəkdə daha ağır problemlər gözləyə bilər.

Suvarma suyuna olan tələbatın artması həm də onunla bağlıdır ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracı getdikcə çoxalır və bunu görən şirkətlər maraqlı olurlar ki, Azərbaycan ərazisində kənd təsərrüfatı məhsullarını yetişdirsinlər. Lakin paralel olaraq bizim kiçik fermerlər su qıtlığına məruz qalırlar. Çünki iri şirkətlər öz nüfuzlarından istifadə edib çaylardan
daha çox su götürürlər. Bu isə kiçik fermerlərin su ilə təminatını pisləşdirir”.

Ekoloq problemin həlli yollarına da toxunub:

“Bu problemi həll etmək üçün mütləq elə strategiyalar işlənməlidir ki, Azərbaycan tədricən az sulu iqtisadiyyata keçsin. Az sulu iqtisadiyyat nədir? O həm kənd təsərrüfatı sektorunda, həm də digər sektorlarda az suya dayanıqlı olan bir iqtisadiyyatdır.

Kənd təsərrüfatı sektorunda biz quraqlığa dözümlü bitkiləri əkirik, iqlim dəyişikliyinə daha çox adaptasiya olunuruq. Müasir suvarma üsullarına keçid edirik. Bununla, su tələbatını azaltmaqla bərabər sudan istifadəni də azaldırıq. Bu da öz növbəsində su ilə təminatın yaxşılaşdırılmasına kömək edir. Bir vacib məqam da var. Azərbaycan ərazisində həm suvarmada, həm də içməli su sektorunda su itkiləri çox böyükdür. Suvarma sektorunda bəzən su itkiləri bəzən 50 faizədək çatır. Bunun da qarşısı hökmən alınmalıdır. Əlbəttə, bu itkilərin qarşısını almaq tam mümkün deyil. Amma müəyyən mənada bunun yolu müasir suvarma metodlarına keçiddən ibarətdir”.

Yeri gəlmişkən, ölkəmizdə milli su strategiyasının hazırlandığı da bildirilir. Milli Hidrometeorologiya Xidmətinin müvəqqəti rəisi Rafiq Verdiyev deyib ki, layihə müxtəlif dövrləri əhatə etməklə ən müasir idarəetmə prinsiplərinə əsaslanıb:

rafiq-verdiyev.jpg (143 KB)

“Bu strategiyanın qəbul edilməsi və icrası nəticəsində su təminatı ilə bağlı yaxın 15-20 il üçün istədiyimiz nəticəyə nail olacağımızı düşünürük. Kür çayının suyunun bir hissəsinin su anbarlarında toplanması və qonşu ölkələrdə çayın suyundan istifadənin artması Azərbaycan ərazisində suyun azalmasına təsir edən amillərdəndir. Kür çayı ölkəyə daxil olanda onun müəyyən hissəsi su anbarlarında toplanır. Əks halda, yay aylarında əkin sahələrinin suvarılmasında ciddi problemlə qarşılaşarıq. Ümumilikdə isə əvvəlki illərlə müqayisədə ölkəyə daxil olan suyun həcmi azalıb. Bunun paralelində qonşu ölkələrdə sudan istifadə də artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib”.

Afaq MİRAYİQ,
Musavat.com