23 Dekabr 2024

Kremli “hərbi reklam”a məcbur edən Paşinyan ərəbləri “vurdu”: Rusiya “İsgəndəri” Suriyada partlatmalı oldu

Türkiyənin Suriyada Rusiya hərbi müşahidə postları yerləşən bölgəni intensiv atəşə tutması Kremlə “həddini aşma…” mesajı kimi görünür; Ukrayna donanması “Bayraktar” PUA-ları ilə təchiz olunarsa, NATO-nun da yerləşməyə can atdığı Qara dənizdə Rusiyanın şəriksiz hərbi hegemonluğu sona çata bilər…

Dünyada heç bir hadisə təsadüfən baş vermir və nəticəsiz ötüşmür. Bir hadisənin ardınca onun törətdiyi nəticə və ya olaylar da gəlir. Və bu, beynəlxalq siyasət məkanında baş verənlərə birbaşa, ya da dolayısı ilə inikas edir.

Hazırda Rusiya öz tarixinin ən ağır dövrlərindən birini yaşayır. Kremlin üzləşdiyi xarici təzyiqlər elə təsəvvürlər yaradır ki, sanki bütün dünya Rusiyanın üzərinə “hücuma” keçib. Rusiya buna qətiyyən hazır deyildi. Çünki, Kremldə Rusiyanın hərbi gücünə və Avropa üçün enerji əhəmiyyətinə həddindən artıq güvənirdilər. Ona görə də, hesab edirdilər ki, bu iki faktor Rusiyanın beynəlxalq toxunulmazlığına tam təminat verir. Və kimsə Rusiyanın üzərində təzyiq siyasəti qurmağa cəsarət etməz.

Ancaq son vaxtlar Rusiyanın bu özgüvəni zədələnmiş kimi görünür. Hər halda, Bayden administrasiyasının fəaliyyətə başlaması ilə Kremlin toxunulmazlıq sisteminə ardıcıl zərbələr endirilməkdədir. Artıq Kremlin verəcəyi cavab reaksiyası Qərbdə elə də ciddi şəkildə nəzərə alınmır. Bu baxımdan, Kreml olduqca diskomfort situasiya ilə üzləşib və bundan çaşqınlıq keçirdiyi də qətiyyən diqqətdən yayınmır.

Putin-Kremlin-800x450.jpg (63 KB)

Onu da qeyd edək ki, ABŞ-ın yeni prezidenti Co Baydenin Ağ Evə köçməsindən üzübəri Rusiya ardıcıl zərbələrə məruz qalmaqdadır. “Navalniy qalmaqalı” ilə başlayan və yeni beynəlxalq sanksiya təhdidləri ilə davam edən “xarici təzyiq zənciri”nə NATO-nun baş katibi Yens Stoltenberqin Rusiyaya yönəlik sərt xəbərdarlığı da əlavə olundu. NATO-nun baş katibi “Rusiya anlamalıdır ki, NATO istənilən reaksiyaya hazırdır” deməklə, Kremlə savaş mesajı vermiş oldu. Və bu, Rusiyanın gözləmədiyi halda, üzləşdiyi ən ciddi hərbi təhdid kimi dəyərləndirilir.

Ancaq Kremlə ən ciddi zərbə məhz Rusiyanın müttəfiqi və for-postu olan Ermənistan vasitəsilə vuruldu. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər partlamır” dedi və aləm qarışdı. İndi artıq əminliklə demək olar ki, “İsgəndər qalmaqalı” o qədər də asan unudulmayacaq və böyük ehtimalla hələ uzun müddət Rusiyaya problem yaradacaq.

Hazırda baş nazir Nikol Paşinyanın bu açıqlamanı özbaşına dilə gətirmədiyi kimsədə qətiyyən şübhə doğurmur. Belə ki, erməni baş nazirin bu açıqlamasının arxasında ABŞ və Qərbdən aldığı təlimatın olduğu tamamilə inandırıcı görünür.

Məsələ ondadır ki, ABŞ və Qərb Rusiyanın dünya silah bazarındakı payının azaldılmasında birbaşa maraqlıdır. Bir tərəfdən dünyada Rusiya silahlarının yayılmaması ABŞ və Qərbi ciddi şəkildə narahat edır. Digər tərəfdən isə Rusiyanın enerji resurslarından sonra ikinci ən önəmli maliyyə qaynağının – silah ticarətinin iflasa uğradılması Kremlin küncə sıxışdırılmasına imkan verə bilər.

345345_1512462048.jpg (29 KB)

Təbii ki, bu maliyyə qaynağına sarsıdıcı zərbə vurmaq üçün erməni baş nazirdən daha uyğun ittihamçı tapmaq çətin olardı. Çünki, erməni baş nazirin ölkəsinin Rusiya silahları ilə təchiz olunmuş ordusu son savaşda sarsıdıcı hərbi məğlubiyyətə uğrayıb. Ermənistanı məğlub edən Azərbaycanın ordusu isə bu savaşda əsasən Türkiyə və İsrail istehsalı olan silahlarla qalib gəlib. Türkiyə və İsrail dolayısı ilə NATO-nun hərbi qüdrətini təmsil edən ölkələrdir. Yəni, hesab etmək olar ki, son savaşda məhz Rusiya silahları NATO silah sistemlərinə məğlub oldu.

Bunu dünya silah bazarına elan etmək üçün isə erməni baş nazirə “İsgəndər partlamır” demək təlimatı verdilər. Düzdür, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov sonradan erməni baş nazirin yanlış məlumatlandırıldığını etiraf etdiyini bəyanladı. Ancaq bu “etiraf” deyəsən, işə yaramayıb. Çünki, Qərb mətbuatında erməni baş nazirin adından yayılan həmin “etiraf” demək olar ki, ciddiyə alınmır.

Əksinə, hazırda Qərb mətbuatı Ermənistan ordusunun istifadə etdiyi Rusiya silahlarının niyə effektiv olmamasının səbəbləri son savaşın nəticələri üzərindən geniş şəkildə şərh olunur. Yəni, erməni baş nazir “İsgəndər partlamır” açıqlaması ilə Rusiya hərbi-sənaye kompleksinin hərbi məhsullarının dünya silah bazarındakı reputasiyasını ciddi şəkildə korlamağa nail olub.

Buna əmin olmaq üçün dünya silah sərgisinin son nəticələrinə diqqət etmək yetərlidir. Belə ki, Rusiya silah alıcılarına özünün ən müasir hərbi məhsullarını təqdim edib. Ancaq əvvəlki dövrlərdən fərqli olaraq, Rusiya silahlarına bu dəfə alıcı marağı və sifarişlər gözlənildiyindən qat-qat az olub. Yəni, Rusiya silahları dünya bazarında ciddi alıcı kontingenti itirib.

5e26e4ae5542871e3c3dc095.jpg (68 KB)

Təbii ki, Kreml Rusiyanın ikinci ən önəmli maliyyə qaynağının belə asanlıqla iflasa uğradılmasına laqeyd qala bilməzdi. Yəni, Rusiya öz silahlarına ənənəvi marağı bərpa etmək üçün “praktik reklam addımları” atmaq məcburiyyətindəydi.

Maraqlıdır ki, Kreml “praktik reklam məkanı” üçün bu dəfə Suriyanı seçdi. Belə ki, Rusiya hərbi qüvvələri və Əsəd rejimi İdlib bölgəsinə ən müasir raket sistemləri ilə zərbə endirdi. Yüzlərlə günahsız insan həlak oldu və onlarla mülki obyekt yerlə-yeksan edildi.

Heç şübhəsiz ki, belə dəhşətli raket zərbəsi üçün İdlib bölgəsinin seçilməsi də qətiyyən təsadüfi deyil. Belə ki, həmin bölgə Türkiyənin himayə etdiyi yerli silahlı özünümüdafiə qüvvələrinin nəzarətində olmaqla yanaşı, həm də ABŞ hərbi bazalarının qonşuluğundadır. Yəni, bu “hərbi reklam aksiyası” ilə Kreml dolayısı ilə həm Türkiyə, həm də ABŞ hərbi kontingentlərinin İdlibin müdafiəsində aciz qaldığını qabartmağa çalışdı. Və bununla da Kreml Rusiya silahlarından müdafiə olunmağın elə də asan olmadığı barədə rəy yaratmaq məqsədi güdürdü.

Onu da qeyd edək ki, Kremlin bu davranışları həm də son vaxtlar münasibətlərində ziddiyyətlərin artdığı Türkiyəyə dolayısı ilə mesaj vermək məqsədi də daşıyır. Belə ki, Türkiyə Ukrayna hərbi dəniz donanması üçün “Bayraktar TB2” PUA-larının təchizatına başlayıb.

uk-maxresdefault.jpg (129 KB)

Kreml ən müasir Türkiyə PUA-ları ilə təchiz olunacağı təqdirdə, Ukrayna hərbi dəniz donanmasının Qara dənizdə Rusiya hərbi gəmilərinə ciddi problem yarada biləcəyindən narahatdır. Hər halda, NATO-nun da yerləşib, möhkəmlənməyə can atdığı Qara dəniz hövzəsində Rusiya hərbi donanmasının şəriksiz hegemonluğunun sona çata biləcəyi qətiyyən istisna deyil.

Göründüyü kimi, Rusiya Suriyada öz yeni raket sistemlərini praktikada sınaqdan çıxartmaqla, həm öz hərbi məhsullarını “reklam” etməyə, həm də ABŞ və Qərbin təzyiqlərinə reaksiya verməyə qadir olduğunu göstərməyə çalışır.

Ancaq bu, o qədər də asan məsələ deyil. Çünki, belə nümayişkaranə meydan oxumaq cəhdləri adətən, cavabsız buraxılmır. Belə ki, rəsmi Ankara artıq Rusiyanın raket zərbələrinə cavab reaksiyasını gecikdirməyib. Türkiyə artilleriya sistemləri Rusiyanın Suriyadakı hərbi müşahidə postlarının yerləşdiyi bölgələri intensiv atəşə tutub. Böyük ehtimalla rəsmi Ankara bununla Kremlə həddini aşmamaq məsləhəti vermək məqsədi güdür.

Təbii ki, bütün bunların yaxın gələcəkdə Rusiya-Türkiyə və Rusiya-ABŞ münasibətlərində hansı izləri buraxdığını indidən müəyyən etmək bir qədər çətindir. Ancaq anlaşılan odur ki, Rusiya erməni baş nazirin keyfiyyətsiz və yararsız elan etdiyi “İsgəndər”lərini Suriyada “partlatmaq” məcburiyyətində qalıb. Kreml bununla Rusiya istehsalı olan yeni silah sistemlərinin reputasiyasını xilas etməyə çalışır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu